Sizi bilmirəm, mən insanalara birmənalı münasibət bəsləyirəm. Tanıdığım və ya tanımaq istədiyim adam mənim mənəvi meyarlarıma uyğun adamdırsa onun mənə münasibətindən asılı olmayaraq hesab edirəm ki, gözəldir. Əksinə, bütün gözəllik standartlarına uyğun olan şəxsiyyətsiz biri mənim üçün olmayanlar sırasında olan insanlardandır. Odur ki, mənim üçün baqqaldan müəllimə, həkimdən süpürgəçiyə ya yaxşı, ya da pis adamlar var. Bu o demək ki, yaxşıdırsa – mənim təbirimcə, mütləq hərtərəflidir, gözəldir, əksinə, pisdirsə, deməli insani kefiyyətindən camalına qədər eybəcərdir.
Bilmirəm, bu küləyinə əsib, günəşinə qızınmaq istədikləri avropalarda belə biryabırçılıqlar var, ya yox... Deyəsən əcnəbi göydə balonlarla gəzərkən, biz yellənçəyin amplitudasını (yerdən qalxdığı məsafə) zirvələr etmişik...
Yenə də o yandan başlayım. Sən demə, eybəcərləşməyin də MODASI olarmış. Faciə də odur ki, bu süni eybəcərləşməyi hiss etmədən təbliğ və təşkil edirlər. Maniken olaraq isə qurban cahillərdir. Biz genetik olaraq ata-anamızın yarısıyıq. Anamızın hədiyyə etdiyi bir kasəni, atamızın bir qələmini əmanət kimi əzizlərkən, canından can verənlərin genlərini niyə süniliklə əvəzləyək?! Bəzən təbiətdəki ekoloji və ya qidalanma səbəblərindən hərdən axsaqlıqlar olur, doğrudan da təmirə ehtiyac duyulur. Bu başqa...
Bacılığım (rəfiqəm) xaricdə yaşayırdı. Yoldaşı uğurlu iş adamı idi. Üç il əvvəl mənə zəng edib soruşdu: “Bakıya qayıdırıq, artıq uşaqlar böyüyüb, istəyirəm özümə iş qurum, nə məsləhət verərdin”. Bakıda bir qadın mərkəzi yarat dedim. Bütövlüklə qadınlara həsr et – xeyriyyəçilikdən dərzi kurslarına qədər, qadın klubu, dərnəkləri, hətta tibbi müayinə şöbəsi də qur... Təklifimlə, təbii, pul qazanmaqdan çox, qadınlara mənəvi və estetik dəstək yaratmaq istədim. Sən demə, uşaqlıqdan tanıdığım saf bacılığımı zamanla qiymətli kağızların qoxusu dəyişərmiş. Onlar, əlbəttə, qadın mərkəzi yaratdılar. Təbii ki, mən deyənin yalnız adı vardı. Üç mərtəbəli iaşə binası demək olar ki, tamamilə qadınlara xidmətə əsaslanırdı, amma necə?
Məni günlərlə dəvətdən sonra nəhayət vaxt tapıb yolumu mərkəzə saldım. Əlbəttə, qarşılanmam möhtəşəm idi. Uşaqlıq dostundan çox uzun illər evdar qadın olan təhsilli bacılığımı iş qadınına çevirən biri kimi təqdim olundum. Xüsusi tanışlıqdan sonra mərkəzlə tanış olduq, “modern” yeniliklər tam qarşılanmışdı: plastik əməliyyatdan dəri çəkdirməyə, qaş əkdirməkdən epilyasiyaya, dodaq doldurandan yanaq qabartdırmaq istəyənə və s.
Gəl foyedə oturaq, – dedim – 3 ildir getmişəm, darıxmışam bərbəzəkli Bakı toylarının qadınları üçün, bir az “sosyeti” qadınları görüm. Zarafatımı ciddiyə alan bacılığım elə foyedəcə çay süfrəsi açdırdı. Beləcə, bir neçə saat mən gəlib növbəyə yazılan, prosedurlar qəbul edən qadınları müşahidə etdim. Kimləri görmədim. Bir sözlə, qadınlar sanki aldıqları bir avtomobilin hissələrini dəyişdirirdilər. Həm də klassik hissəni modernlə əvəz edirdilər. Bu da nataraz bir görkəm idi, süniliyin ifratı idi.
Day dözə bilməyib dedim: “A bajı, şəhərin bütün qadınları sünilikdən məhv olub ki... Bir nəfər də olsun təbii qadın kimi qadın görmədim”.
“Sənə elə gəlir. Biz artıq öyrəşmişik. Burada nə var ki. Əksinə, botokssuz, sürməsiz (tatusuz) qadına xalx birtəhər baxır e”, – dedi. Hər ikimiz güldük.
Mən bacılığımı alqışladım, zamana uyğun istifadəni bacardı, əlbəttə, özü onların heç birindən istifadə etmir, etməz də, çünki fəsadları əla bilir. Mən özünü və zamanını bu axmaq adətə həsr edənləri qınadım. Əgər bu “yeniliklərdən” tək şou-biznes nümayəndələri yararlansa, vallah, heç məni narahat etməzdi, çox təəssüf ki, müştərilər (bəli, pasiyent yox, məhz müştəri) müəllimlərdən, həkimlərdən başlamış evdar xanımlara qədər var idi. Təbiətin onlara bəxş etdiyi qocalıqdan utanıb qırışlarını gizlədənləri qınadım, üzlərindəki ifadəni donduranları, gülüşə həsrət çöhrələri qınadım. Hamısı bir-birinə oxşayan simaları, cahil düşüncələri qınadım. Özü olmayan özümüzə yazığım gəldi!
P.S.
Təmənnasız şəkildə mənə yeniliklər təklif etdilər. Gülüb, sərhəddən buraxmazlar dedim, siz adamdan başqa adam düzəldirsiniz. Əslində isə, nə yaxşı sərhəd bağlıdır, yoxsa bu mərkəz səyyar şəkildə Borçalıya da gələrdi. Bəlkə gəlib, mənim xəbərim yoxdur. Heç istəməzdim.
Gəlin adam kimi adam olaq, onda çirkinliyimizlə gözəl görünəcəyik. Vallah hə...
Esmira ƏLƏKBƏRLİ