Məktəbdə oxuyurdum. Sovet hökümətinin tarixi sona çatmışdı. Artıq əcnəbi ölkələrdən evlərə çoxlu qonaqlar gəlirdilər. Kənd camaatı da onlarla görüşə gedər, söhbətləşərdilər.
Sinif yoldaşım onlara İrandan qonaqlar gəldiyini dedi. İran adətindən, qayda-qanunlarından elə maraqla danışdı ki, mütləq onları görmək istədim. Bir neçə gün sonra qonaq xanım “Əfsanəvi pionerləri” görmək istəmişdi. Biz görüşməyə getdik. O bizə maraqlı söhbətlər etdi. Bizə yad olan, ağlımıza sığmaz çox şeylər danışdı. Sonda məlum oldu ki, onun üç oğlu var, hərəsi bir şəhərdə yaşayır: Parisdə, Vaşinqtonda və Pekində. Mən elə təəccüblə baxdım ki, elə məktəbdəki kimi yerindəcə sualımı verdim:
– Necə yəni, bəs siz tək qalırsız?
Qadın gülümsədi:
– Əlbəttə, bütün dünyada belədir. Gənclər sərbəst, ayrı yaşamalıdırlar.
Müasir fikirli qadın yeniyetmələrə dünyabaxışı yüklərkən, mən nəvələrinin qonaqlarına belə cani-dildən qulluq edən Rəhmənsə nənəyə baxırdım. Düşünürdüm ki, görəsən hansı xoşbəxt anadır – üç oğul böyüdüb hərəsini dünyanın bir tərəfinə yollayan ana, yoxsa iki oğul böyüdüb hərəsinə həyətinin bir küncündə ev tikən, gəlinləri məktəbə, xəstəxanaya işə gedərkən nəvələrinə nəzarət edən, oğlanları işə gedərkən, işdən gələrkən ilk əhvalı soruşulan, əziz qonağı gələndə evlərimizin ağbirçəyi deyilən ana?..
Bax, onda mən uşaq idim. Hələ həyata sual kim baxan uşaq.
İllər sonra o müasir qadın necə qocaldı bilmirəm. Rəhmənsə ana nənə kimi yaşadı və doğmalar əhatəsində nəvə-gəlin qulluğu da etdi, qulluq da gördü, verilən ömrü başa vurdu.
İllər öncə sual dolu baxışlarım bu gün mənə həyat təcrübəsindən özü cavablar verir. Güya müasirlik adlanan, əslində xoşbəxtlik hesab etmədiyim hadisələr məni çox kədərləndirirdi.
Bu gün yüzlərlə ailələr var ki, dişi-dırnağı ilə yaratdığı evi ona qocalar evini belə xatırlatmır, ondan da çətindir. Çünki o, burada tək nə övladından doyur, nə nəvələrindən, nə də rahat gəlin qulluğu görür.
İldə bir dəfə qaçaraq görüş illər sonra büdrəyir. Mən inanmıram ki, onlara bu həyat rahatdır, sadəcə özlərini sındırmırlar.
Məni qınamayın, mən ən böyük səadəti bir kasıb komada süfrə başında nənə, baba övladlar və nəvələr yığılan evdə görürəm. Qoy o evdə mübahisə olsun, küskünlük olsun, amma birlik olsun, doğmalıq olsun. Mənim balalarım yaxınımda olsun, əlim çatsın, neylək, gəlin xətrimə dəysin, hərdən oğlumdan da inciyim, nəvəmdən də küsüm, amma təki əlim çatsın.
Müasir pandemiya böyük ibrət dərsi verdi. Bağlanan sərhədlər, bağlanan yollar onlayn dəfnlərə qədər çatdı. Bəlkə bu dərs olmasaydı mən də məktəbliykən düşündüyüm sualı təkrar düşünməzdim.
Kiminsə xətrinə dəydimsə çox üzr istəyirəm. Danışdığım tənhalaşmış ailələrdən mənim ata evimdə, doğmalarımda da var. Mən onu yaşayaraq düşünürəm. Məni qınamayın, yeməyib yedirək, geyməyib geydirək. Yuxusuz gecələr, uğur həyacanları bizi sabahkı qocalar otağınamı aparır? Yox, əsla qəbul etmədiyim bir fikir. Arzuladığım o hüzur dolu ailəyə doğru, inşallah.
P.S.
Bu mənim fikrim idi. Mənim də övladlarım böyüyür. Kim olacaqlarını zaman göstərəcək. Özümüzü sığortalamaq üçün yazdım. Zamanı oğlun qeyrətinə buraxaq.
Esmira ƏLƏKBƏRLİ