“Həqiqət Rusiyadan böyükdür”(L.Tolstoy)
Macar rəssamı Tivadar Kostka Çontvarinin 1902-ci ildə çəkdiyi “Qoca balıqçı” adlı bir tablosu var. Rəssam saçı-saqqalı ağarmış, üzünün qırışları görünən, əsasına söykənmiş qoca balıqçını dağların və dənizin fonunda təsvir edib. İlk baxışda həvəskarcasına çəkilmiş adi qoca portreti təəssüratı yaradan tablonun sirri var imiş, sən demə. Elə bu sirr aşkar olunandan sonra rəssam da, rəsm də məşhurlaşmağa başlayır.
Deməli, güzgünü şaquli formada portretin tən ortasına tutanda tabloda iki fiqur görsənir – qoca balıqçı dönüb olur həm mələk, həm iblis. Dəyişən təkcə qocanın üzü olmur, iblis olan tərəfdə fon da dəyişir – dəniz dalğalanır, çoşub daşır; mələk tərəfdə isə əksinə – sakitçilikdir, hüzn var. Burada mənim diqqətimi çəkən nə rəsm əsərinin fəlsəfəsi, nə də rəsmin işlənmə texnikası oldu. Diqqətimi çəkən rəsm əsərini canlandıran, həqiqəti açıb göstərən güzgü, ayna oldu.
Mələyin də, iblisin də nə olduğunu hamı yaxşı bilir onsuz da:
“İblis nədir? – Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? – İblis...” (Hüseyn Cavid). Qurtardı getdi!
Güzgüyə, aynaya gəldikdə isə, sual yaranır ki, bəs bizim də mələyimizi, iblisimizi göstərən, göstərə bilən və ya göstərəcək, həqiqəti Günəşin işığı kimi əks etdirən güzgülərimiz, aynalarımız varmı? Axı insan özünə çəki-düzən vermək, saçını-saqqalını daramaq, üzünə-gözünə sürmə-kirşan sürtmək üçün güzgüyə baxır. Cəmiyyətin də özünə çəki-düzən verməsi üçün, həqiqəti görməsi üçün ləkəsiz (!) güzgülərə ehtiyac var.
Böyük Həsən bəy Zərdabinin təbirincə desək, “hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün”.
Bəs bu gün neçə belə aynamız var? İllər ötdükcə olanlarımızı da itirdik. Ana dilimizdə çıxan qəzetlər, jurnallar, dərgilər maliyyələşdirən olmadığına görə fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
İndi kimsə ağzını büzüb, internet, sayt dövründə qəzet, jurnal nəyə lazımdır deyəcək. Yəni həqiqətən bu qədərmi tərəqqi etdiniz ki, belə düşünürsünüz?
Görəsən bu ölkədə bizim dil öyrənməkdən başqa dərdimiz-azarımız yoxdurmu ki, hər sərhəddi bəri addıyan əlində mütləq bir-iki ədəd xarici dil kursları kitabı gətirir. Dili dövlətin məktəblərində də öyrənmək olar, a məllimlər. Odey, Gürcüstana dünən gəlmiş hindlilər, çinlilər gürcü dilində danışırlar, özlərinin də hektar-hektar torpaqları var.
A kişilər, axı ingilis dili mənim nəyimə gərəkdir, mənə əkib-becərməyə torpaq lazımdır, ana dilimdə qəzet, jurnal lazımdır ki, qanunları-qaydaları öz dilimdə oxuya biləm. Ana dilimdə olan məktəblərə anadilli müəllimlər lazımdır, axı yaşlı müəllimlər iki yüz il yenə dərs deyə bilməyəcəklər, a bəylər. Sənin açdığın sayta dağın başında, çölün düzündə necə girim baxım mən? Saytın nə olduğunu bilməyən müəllim həncəri oxusun sənin yazdıqlarını? Axı bu qəzetin maliyyə xərcləri sənin qalstukundan ucuz başa gəlir. Nədir qəzetlə düşmənçiliyin?
İnsan ayağı dəyməyən meşələrində belə interneti olan ölkələrdə milyon tirajlarla qəzetlər çap olunur bu gün, sən isə deyirsən, qəzeti bağla, dil kursu aç, sayt aç... Həqiqətənmi hər şeyimiz düzəlib, qalıb bircə dil öyrənməyimiz?
Jurnalistikaya həm də “dördüncü hakimiyyət” deyirlər, cənablar. Ana dilində qəzetin, jurnalın, dərginin, lap elə olsun saytın, radionun, televiziyanın olmasının heç bir zərəri yoxdur, narahat olmayın. Hələ öz dilimizdə maariflənək, sonra ingiliscə danışarıq.
Həqiqətin isə Rusiyadan böyük olduğunu işğalçı qonşuda baş verənlər bir daha göstərdi. Bir böyük həqiqət yenə var – dilimizin ucunda olan, nə deməyə qoyurlar, nə də dilimizi kəsirlər:
“Ucundadır dilimin
Həqiqətin böyüyü
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.” (Əli bəy Hüseynzadə).
Alnımızın ortasına güzgünü şaquli qoyub içimizdəki mələyi, iblisi göstərməyin, həqiqəti deməyin vaxtıdır artıq, a ziyalılar.
Azər MUSAOĞLU