Sizə həmin o gündən danışım, aylardır hazırlaşdığımız imtahanın ilk günündən.

 

Məktəb binasının qarşısında yüzlərlə məzun tələbə adını qazanmaq üçün imtahana giriş biletləri və bir butulka su ilə sıra gözləyirdilər. Həyət ən azı övladları qədər həyəcan yaşayan valideynlərin təlaşı, dostlarını yad bir ölkəyə yola salırmış kimi uğurlayan gənclərin səs-küyü ilə dolu idi. Kimisi gülə-oynaya, kimisi də qorxu içində içəri daxil olur, yoxlanışdan keçir, daha sonra hər kəs sinif otağının nömrəsinə görə öz sinfinə gedirdi.

 

Qapıda abituriyentləri ilk öncə nəzarətçilər qarşılayır, hər şeyə çox ciddi nəzarət edilirdi. Şəxsiyyət vəsiqəmiz, imtahan biletimiz, sinfə daxil olduğumuz andan heç nəyə toxunmağa icazə verilmir, suyu belə masanın üzərinə qoymaq qadağan olunur. Adlarımız, soyadlarımız, sıra nömrələrimiz kuratorlar tərəfindən dəfələrlə yoxlanıldı. Heç bir səhvə yol verməmək üçün əllərindən gələni etdilər. İlk imtahan azərbaycanlı uşaqların nadirən iştirak etdiyi gürcü dili və ədəbiyyatı imtahanı idi. Nə formatda olduğunu soruşsanız, hər kəs çətin olduğunu deyəcək. Amma öz ana dillərində olan bir imtahan, bu cür sadə formatda hazırlanmış bir imtahan heç bir gürcü üçün çətin olmamalı idi.

 

Vaxt yetəri qədər verilir – üç saat, az bir zaman deyil. Məncə, 12 il məktəb oxumuş hər bir gürcü asanlıqla onu yazmağı bacarmalıdır. İmtahanda qarşılaşdığım mövzunu görəndə özümdən asılı olmayaraq beynimdə sual yarandı: axı nəyə görə bizə məktəbdə gürcü ədəbiyyatından heç nə öyrədilməmişdir? Məktəbdə müəllimlərimiz tərəfindən ancaq “gürcünün ədəbiyyatımı var” sözlərini eşitmişdik, elə də, olmadığına inanıb araşdırmaq, öyrənmək ağlımıza da gəlmədi.

 

İçəridə keçirdiyim üç saat müddətində ağlımda baş verənləri sizə sözlərimlə bilmirəm necə izah edəm. Bir an bildiklərimi unutdum, ağlım qabağımdakı kağız kimi idi, heç nə düşünə bilmədim. Üstəgəl nəzarətçi qadının gözlərini üzərimdən çəkməməsi məni narahat etməyə başladı. İmtahan kağızında soyadı “eva” sonluğu ilə bitən təkcə mən idim və azərbaycanlı olduğumdan, ya da bilmirəm nə səbəbdən, sanki bir tək o imtahan otağında mən varammış kimi hərəkət etməyə başladılar. İçəridən çıxanda üzərimdən bir yük qalxmışdı. Nəticəm necə olacaq bilmirəm, amma ən azından artıq qorxduğum qədər heç nə olmadığını öyrəşib, içərinin necə olduğu ilə tanış olmuşdum.

 

Eyni dövlətin abituriyentləriyik, amma fərqli formatda imtahan veririk. Bizlərlə müqayisədə onların işləri doğrudan da asandır. Hərf səhvlərini tapmaq və ya hər hansı bir mövzu haqqında 150 sözlük qısa bir esse yazmaq elə də çətin deyil. Əgər bu formatda bizim uşaqlar imtahan versəydilər maksimum bal toplaya biləcəklərinə sizi əmin edə bilərəm.

 

Gürcü abituriyentlər üçün suallar tamamilə məktəbdə öyrəndiklərindən ibarətdir. Biz isə məntiq imtahanı verməliyik, hansı ki, məktəbdə onunla bağlı bizə heç nə öyrədilməyib. Heç nədən söhbət getdiyini belə bilmirdik.

 

Gürcü dili və ədəbiyyatı imtahanından üç gün sonra riyaziyyat imtahanına getdim. Bu dəfə keçən dəfə olduğundan daha rahat idim. Stresim azalmışdı. Yenə eyni qaydalar tətbiq olundu. Sinif otağımı axtararkən bir qızın nəzarətçi qadına nəsə deməyə çalışdığını gördüm, həyəcandan gürcücə danışa bilmirdi, başa düşdüm ki, azərbaycanlıdır. Qadının bu qıza “Nə demək istəyirsən, de! Bilmirsiniz niyə gəlirsiniz” kimi ifadələr işlətdiyini eşitdim. Mənə çox pis təsir etdi...

 

Üç gün öncə oxşar hadisəylə qarşılaşmışdım, eyni sinifdə olduğum gürcü oğlan çox həyəcanlı idi, yaxınlaşıb sakitləşdirmişdilər, hava almaq istəyib-istəmədiyini soruşub kömək etmişdilər ki, özünü ələ alsın. Bunu həmin qıza etmədilər, amma nəyə görə, gürcü olmadığı üçünmü?..

 

Axı eyni dövlətin gəncləriyik biz, istər gürcü, istərsə də azərbaycanlı olaq, hər birimiz oxuyub bitirdikdən sonra bu dövlət üçün çalışacağıq...

 

Riyaziyyat imtahanı 37 test və 4 açıq sualdan təşkil olunmuşdur (təbii ki, gürcü dilində). Başlamazdan əvvəl sual verdim ki, əgər nəsə səhv etsək vərəqimizi dəyişə bilərikmi? Mənə sadəcə eynəyinin altından baxıb “diqqətli ol, dəyişməyə ehtiyac qalmasın” dedi. Sonra imtahan başladı, arxada bilmirəm nə baş verdi, həmin qadın əlində yeni imtahan vərəqi arxaya getdi. Başa düşmürəm bəzi insanlar nəyə görə milli kimliyinə, görünüşünə görə insanları bir-birindən ayırd etməyi sevirlər...

 

İnsan olmaq dil bilməklə, savadla, ya da milli kimliklə olmur. İnsanın yaxşısı-pisi danışdığı dildən, inandığı dindən, milli kimliyindən asılı deyil. Hər bir millətdə yaxşı da var, pis də.

Gürcülərlə eyni ölkədə yaşayırıq, amma gürcü tanışı olan çox azdır. Bəzilərimizin heç yoxdur belə. Buna səbəb olan elə bu “yuxarıdan baxış”dır ki, bəzi insanlar bir-birlərini bəyənmirlər. Tanıdığım bir neçə gürcü və azərbaycanlı rəfiqələr var. Çox mehribandırlar. Onların övladları da bir yerdə oynayırlar, danışırlar, aralarında millət ayrı-seçkiliyi etmirlər. Olmazmı bütün uşaqlara bunu öyrədələr – dost olmağı, sevgi göstərməyi, yaxşı münasibət qurmağı. Daha başqa millət görəndə düşmənmiş kimi baxmağı yox. İnsanları, başqa xalqın nümayəndələrini dil, din, dəri rənginə ayırmadan sevmək, məncə, bu qədər çətin olmamalıdır. Çünki “adamlar irqlərə bölünmürlər, irqlər adamlara və adam olmayanlara bölünürlər” (Boris Şapiro).

   

                                              Müəllif: Aytən Fətullayeva