Müasir dövrün gəncləri olaraq tarixdə heç bir nəslin malik olmadığı qədər geniş seçim imkanlarına sahibik. İnternet və rəqəmsal texnologiyaların inkişafı sayəsində dünyanın müxtəlif ölkələrində baş verən hadisələrdən xəbərdar oluruq. Fərqli mədəniyyətlərlə tanış olur və istədiyimiz məlumatı qısa zamanda əldə edə bilirik. İlk baxışdan belə görünür ki, bugünkü gənclər tam azad seçim etmək imkanına malikdirlər. Lakin bu həqiqətən belədir, yoxsa seçimlərimiz görünməz şəkildə cəmiyyət və trendlər tərəfindən formalaşdırılır?
Müasir informasiya mühiti insanların düşüncə tərzinə, davranışlarına və gündəlik həyatına güclü təsir göstərir. Hər gün minlərlə reklam, fikir və davranış modeli ilə qarşılaşırıq. Bir çoxları fərqli olmaq istədiklərini desələr də, çox vaxt eyni geyim tərzini seçir, eyni musiqiləri dinləyir və oxşar həyat tərzi formalaşdırırlar. Bu vəziyyət insanı düşündürür. Seçimlərimiz doğrudanmı bizə məxsusdur?
Bu təsirin ən aydın göründüyü sahələrdən biri xarici görünüş və həyat tərzidir. Bir müddət əvvəl məşhur olmayan bir geyim tərzi qısa zaman ərzində hansısa tanınmış şəxsdə görüldükdə geniş yayılır və minlərlə insan tərəfindən qəbul edilir. Maraqlıdır ki, insanların əksəriyyəti bu seçimi niyə etdiklərini belə izah edə bilmirlər. Sadəcə, həmin seçim populyardır və buna görə də qəbul olunur. Belə hallarda fərdi zövq ilə kütlənin təsiri arasındakı sərhəd getdikcə zəifləyir və insanlar özlərini başqalarının tərzinə uyğun yönəldirlər.
Peşə seçimində də oxşar mənzərəyə tez-tez rast gəlirik. Bir çox gənc gələcəyini planlaşdırarkən öz maraqlarını və bacarıqlarını deyil, daha çox gəlir gətirən və ya cəmiyyət tərəfindən prestijli hesab olunan sahələri seçir. Nəticədə, bəzi insanlar sevdikləri peşədən uzaqlaşır və başqalarının uğurlu hesab etdiyi yolları izləyirlər. Halbuki həqiqi uğur insanın öz qabiliyyətlərinə və maraqlarına uyğun seçim etməsindən başlayır.
Günümüzdə üzləşdiyimiz digər problemlərdən biri də daimi müqayisə hissidir. İnsanlar ətraflarında gördükləri uğurları öz həyatları ilə müqayisə edir və çox zaman özlərini kifayət qədər uğurlu hesab etmirlər. Lakin onlar görmürlər ki, təqdim olunan həyatın yalnız müsbət tərəfləri nümayiş etdirilir. Məsələn, blogerlərin kamera önündə bizə nümayiş etdirdikləri həyat ilə kamera arxasında yaşadıqları həyat kimi. Çətinliklər, uğursuzluqlar və mübarizə isə çox vaxt diqqətdən kənarda qalır. Nəticədə isə, biz gənclər reallıqla ideal görüntü arasındakı fərqi görməkdə çətinlik çəkirik.
Bu gün bir çox insan fərqli olmaq istəyir. Lakin həmin fərqlilik arzusu belə bəzən ümumi tendensiyaya çevrilir. İnsanlar özlərini başqalarından fərqli göstərməyə çalışsalar da, eyni davranışları təkrarlayır, eyni ideyaları müdafiə edir və nəticədə yenə də böyük bir kütlənin tərkib hissəsinə çevrilirlər. Bu isə müasir dövrün ən böyük paradokslarından biridir. Düzdür, bütün gənclərin trendlərin təsiri altında olduğunu demək doğru olmazdı. Öz maraqlarını və dəyərlərini əsas tutaraq qərar verən, kütlənin deyil, öz düşüncələrinin arxasınca gedən insanlar da mövcuddur. Tarix boyu cəmiyyətə yenilik gətirən və inkişaf etdirən şəxslər məhz belə insanlar olublar. Onlar başqalarının seçdiyi yolu təkrarlamaq əvəzinə öz yollarını yaratmağa çalışmışlar.
Əsl problem trendlərin mövcudluğu deyil. Trendlər cəmiyyətin təbii inkişafının bir hissəsidir. Problem insanın onları düşünmədən qəbul etməsindədir. İnsan öz seçimlərinin səbəblərini sorğulamadıqda başqalarının təsiri altında qərarlar verməyə başlayır. Bu isə zamanla fərdiliyin zəifləməsinə səbəb olur. Bəlkə də müasir gənclərin qarşısında duran ən vacib vəzifə seçim etmək deyil, seçimin həqiqətən özlərinə aid olub-olmadığını müəyyənləşdirməkdir. Çünki azadlıq yalnız seçim imkanına sahib olmaq deyil, həm də həmin seçimi şüurlu şəkildə etmək bacarığıdır. İnsan yalnız öz qərarlarının səbəbini dərk etdikdə və onları müstəqil şəkildə verdikdə həqiqi mənada azad seçim etmiş olur.
Validə Fətullayeva