Sizə kimdən deyim, nədən danışım, bizim bu diletant jurnalistlərdən. Jurnalistlər sözünü hər dəfə dırnaq içərisində yazmıram, qəzetdə artıq işarədir, yer tutur yəni. Zəhmət olmasa, siz, jurnalistlər sözünü hər dəfə dırnaq içərisində oxuyun. Çünki yazıdakı jurnalistlər sözü işini bilən, bacarıqlı, savadlı, peşəkar jurnalistlərə aid deyil. Jurnalist sözünə dəxli olmayanlara aiddir.

 

Ay qardaş, ay bacı, ay əmi, ay dayı, ay xala, ay bibi, ay nənə, ay baba, diletantlıq da olar, daha bu qədər yox! Mənə maraqlı deyil ey sən hansı universiteti bitirmisən, jurnalistika təhsilini harada almısan, bu “vergi” sənə yuxuda verilib, ya qiyabi təhsil zamanı, yaxud da saxta diplomun arasında və qondarma sertifikatlarla... Bu, başqa yazının mövzusudur. Mənə maraqlı olan sənin yazdıqların və yaydıqlarındır. Əgər əlinə qələm alıb və ya əlinin altına klaviatura qoyub mənə və mənim kimilərə informasiya vermək məsuliyyətini öz üzərinə götürmüsənsə, “sevirəm” dediyin işini peşəkarcasına olmasa da, ən azı məsuliyyətlə görməlisən. Sənə reytinq lazım olduğu kimi, mənə və mənim kimilərə də doğru, düzgün, qərəzsiz, obyektiv məlumat lazımdır, özü də Azərbaycan dilində, bir neçə dilin alayarımçıq sözlərindən əmələ gəlmiş biyabırçı hibrid dildə yox. Ən azından “da” və “də” ədat və bağlayıcılarını “da” və “də” yerlik hal şəkilçilərindən fərqləndirməyi, nə zaman bitişik, nə zaman ayrı yazılmasını bilməlisən. Axı bunları orta məktəbdə hansısa subyektiv və obyektiv səbəblərdən layiq olmadığın yüksək qiyməti yazaraq səni 11-ci sinfə kimi gətirib çıxaran müəllimlərin sənə öyrədiblər. Məndə də, səndə də eyni Təhsil Nazirliyinin verdiyi attestatdan var da (Bu cümlədə “da”, “də” həm yerlik hal şəkilçisi, həm bağlayıcı, həm də ədat kimi işlənib – bunu da sənin üçün yazıram)! Bəs necə olur ki, mən bunları bilirəm, sən yox, amma ikimiz də məktəbi bitirib attestat alırıq?.. Əslində bu da başqa yazının mövzusudur.

 

Məqsədim burada Azərbaycan dili dərsi keçmək deyil. Bunu zəhmət çəksinlər məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimləri etsinlər. Sən də zəhmət çək xəbər yazdığın, məqalə yazdığın dili yaxşı öyrən ki, heç olmasa yaydığın dezinformasiya qrammatik olsun, inandırıcı olsun.

 

Ay qardaş, ay bacı, ay əmi, ay dayı, ay xala, ay bibi, ay nənə, ay baba, səhv etmək də olar, daha bu qədər də yox! Hazır press-reliz yazıb göndərirsən, otaqlarında otura-otura onu da “copy + paste” edə bilmirlər. Halbuki fəaliyyətləri elə köçürməkdən ibarətdir. Mütləq ya məlumatı təhrif edərək səhv yazırlar, ya da adını, soyadını təhrif edirlər. Məsələn, rəsm sərgisi keçirirsən, sərgi salonunda 10-a yaxın rəsm əsərin sərgilənir, hamısının da altında üç dildə – Azərbaycan, gürcü və ingilis dillərində Azər Musaoğlu yazılır, bizim bu qocaman jurnalist üç abzaslıq xəbərdə səni qocaman saytda bütün dünyaya Azər Musayev kimi təqdim edir. Niyə axı? Başqa birisi haradansa iyləyib-çüyləyib soyadının Əliyev olduğunu tapıb Azər Əliyev yazır. Axı niyə? Məsələn, beş nəfərlik tamaşada oynayırsan, özü də aparıcı rollardan birini ifa edirsən, bizim başqa bir jurnalist aktyorların dördünün adını qeyd edir, sənin adına gələndə “və sair” yazır. Sən də oxuyub, əlinə qələm verənlərini, mükafat, medal, ad verənlərini bir-bir ürəkdən yad edirsən.

 

Ay qardaş, ay bacı, ay əmi, ay dayı, ay xala, ay bibi, ay nənə, ay baba, axı sovetlər çoxdan dağılıb, bu lənətə gəlmiş bolşevik təfəkkürünlə məni dünyaya başqa soyadla sırımağın yetmirmiş kimi, hələ bir zəhləm getdiyi “ev” sonluğunu da uydurduğun soyadın dalına pərçimləyirsən. Niyə? Mən Azər Musaoğlu yazıramsa, deməli belə olmalıdır, istəsəydim sənin səyinə heç ehtiyac da yox idi, elə özüm hər yerdə Azər Əliyev yazar və ya yazdırardım. Axı başqaları da siz çaldığınıza züy tutaraq bütün dünyaya dezinformasiya yaymaqla məşğul olurlar. Bir düşünün, sizin adınızı, ya soyadınızı səhv yazsalan necə reaksiya verərsiniz? Sizə jurnalist yerinə zurnalist desələr hansı ülvi hissləri keçirərsiniz və sair?

 

Bir də ki, günah sizdə deyil, günah sizə qəzet, sayt, mikrafon, diktafon, kamera, diplom, təşəkkürnamə, medal, mükafat, ad, şokolad verənlərdədir. Amma bundan sonra yaxşı olar ki, bu sovetdənqalma mükafatlandırmalardansa Azərbaycan dilinin qrammatikasına aid, jurnalistikaya aid kitablar versinlər, bəlkə jurnalist ola bilməsəz də oxucu ola bildiniz.

 

Azər MUSAOĞLU