Vətənpərvərlik hissi uşağa məktəbə qədər aşılanmalıdır, daha sonra bu hissi sevgiyə çevirib millət, xalq üçün xeyirli bir fərd olmaq öyrədilməlidir. Bu hissi aşılamaq isə təkcə məktəblə, bağçayla olmur, işin yarı faizi valideynlərin üzərinə düşür. Uşaqlara vətən sevgisi aşılamaq üçün həm də valideynlər o ruhda olmalıdırlar. Dinimizi, dilimizi, tariximizi, mədəniyyətimizi bilməliyik ki, bizdən sonra gələnlərə də aşılayaq. 

 

Vətənpərvərlik hissi ailədən gəlməlidir. Evdə vətənə, millətə olan sevginin nə olduğunu ailə fərdləri bilməsə uşaq haradan biləcək. Vətənə məhəbbət körpəlikdən, ananın dediyi layladan, nənə və babaların söylədiyi nağıllardan başlayır.

 

İllərdir ata-babalarımızın qoruduğu mədəniyyəti qorumaq bizim borcumuzdur. Vətən sevgisinin təməli tariximizi, keçmişimizi bilməyimizdən başlamalıdır.

 

Babam biz uşaq olanda həmişə öz gənclik illərindən, Rusiyada keçirdiyi əsgərlik günlərindən danışardı. Sual verəndə ki, bəs niyə qayıtdın? Deyirdi:

 

“Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə Vətən yaxşı”.

 

Məktəbə başlayana qədər bu bayatının əsas məğzini başa düşməzdik.

 

Bağçada ilk öyrədilən Gürcüstanın himni idi. Vətəni sevib qorumağı bizə ibtidai sinifdə öyrətməyə başladılar.

 

Mən çox xoşbəxtəm ki, Gürcüstanda yaşasam da öz millətimin tarixini, keçmişini, mədəniyyətini bilirəm. Amma bəzilərimiz bu hissdən məhrum edilib. Rus, gürcü məktəblərində, əlbəttə, Azərbaycan mədəniyyətindən danışılmır. Uşaq da evdə bu haqda heç nə öyrənməyibsə, görməyibsə, öz keçmişini bilməkdən məhrum olur. Öz himnini, keçmişini, vətən uğrunda can verən qəhrəmanlarımızı bilmir, tanımır. Hamısı bir yana, ən əsası öz ana dilində yazmağı belə bilmirlər, danışarkən öz sözlərindən istifadə etmirlər. Sözlərinin arasına rus, gürcü sözləri qarışdırırlar. Öz dilini, xalqını bəyənməməyə, yadlaşmağa başlayırlar.

 

Gürcüstanda işsizlik problemi həmişə olub. Buna görə də dolanma dərdi ucbatından ailəsini də götürüb Rusiyaya üz tutanların sayı çox olub. Özlərinə orada şərait yaradıb, uşaqlarını da orada böyüdüblər. Yayda isə sanki bütün Rusiyanı alıbmış kimi başları dik, əllərində bahalı maşının açarı, boyunlarında qızıl boyunbağı özündən əmin və razı şəkildə dincəlməyə bura gəlirlər. Böyüyüb boya-başa çatdıqları yerin adını da kənd qoyub – “kəndə gəldik” – deyirlər. Belələrinə başa salmaq lazımdır ki, bəyənmədiyin kəndin torpağında böyümüsən, indi yuxarıdan aşağı baxdığın həmin o insanlarla eyni məhlənin uşağı olmusan. Dörd-beş ildir rusiyalı olmusan deyə öz millətinin nəyini bəyənmirsən. Özləri belə olmaqları yetmirmiş kimi özlərindən sonra gələn nəsillərə də bunu öyrədirlər. Rusiyadan gələn uşaqların əksəriyyəti azərbaycanlı olduqları üçün utanırlar. Dəfələrlə bunun şahidi olmuşam. Xarici dil bilmək pis şey deyil, amma bunu burnu havada heç kəsi bəyənməyərək istifadə etmək heç də gözəl bir şey deyil.

 

Oradan gələn uşaqların demək olar ki, hamısı öz dillərindən, dəyərlərindən keçir, öz millətlərindən utanırlar, bizlərlə uyğunlaşmaq istəmirlər. Axı bir insan nəyə görə öz dilindən, xalqından utanmalıdır. Günah valideynlərdədir. Uşaq evdə izləyici rolunu oynayır. Ata-anadan nə görürsə onu da təkrar edir.

 

Uşaqlara öz milli kimliyini öyrətmək lazımdır.

 

Bir dəfə müəllimimizi bizə dərs deməyən müəllim əvəz etdi. Dərsimizin nə olduğunu soruşdu, biz də tərcümeyi-hal yazmalı olduğumuzu dedik. Dedi sizə bir hekayə danışacam, diqqətlə qulaq asın, görək məğzini kim başa düşəcək. Hekayə bu cür idi: “Bir düzənliyin ortasında üç quyu qazırlar, quyulardan birinə gürcüləri, o birinə erməniləri, sonuncuya isə azərbaycanlıları salıb üzərini də bağlayırlar. Sonra baxırlar ki, gürcülər olan quyunun ağzı açılır, tez bağlayırlar, eyni şey ermənilər olan quyuda da baş verir, amma azərbaycanlılar olan üçüncü quyuda heç bir hərəkət baş vermir. Soruşanda ki, bunlar niyə quyudan çıxmağa cəhd göstərmirlər, keşiçilərdən biri deyir ki, onlar azərbacanlılardır, onlardan biri çıxmağa çalışsa o biri ayağından geri çəkər”.

 

Birimiz irəli gedəndə arxada qalana da əl uzatmaq, yardımlaşmaq ən gözəl hissdir. Bunu yaşayıb yaşatmaq lazımdır. Ağacı qurd içindən yeyər deyiblər. Kiminsə irəli getməyini ürəyi götürməyənlər olmasa dünyada qardaşlıq, həmrəylik hər zaman olacaq.

 

Öz milli kimliyindən utananlara isə sözüm odur ki, sən azərbaycanlısan, istər öz dünyanın ən zirvəsində ol, istər adını, soyadını, geyimini, danışığını dəyiş, yenə də bu sənin keçmişini dəyişən deyil. Heç kəs heç bir vaxt haradan gəldiyini unutmamalıdır.

 

Müəllif: Aytən Fətullayeva