Yazım baykerlər barədədir.

 

İngiliscədən dilimizə keçən bu söz motosikletçi anlamı verir. Baykerlik bir hərəkat kimi ötən yüzilliyin 50-ci illərində ABŞ-da meydana çıxmış və dünyaya yayılmışdır.

 

Baykerlik motosikletə qədərindən artıq vurğunluqdur, baykerlik sürət, adrenalin maniyasıdır. Yalnız bu tələblərə cavab verən motosiklet sürücüləri bayker hesab olunur, yəni hər motosikleti olana bayker deyilmir.

 

Baykerlik təriqət kimi bir şeydir. İyrimi birinci yüzilliyin hadisəsi, texnologiyanın gerçəyi də demək olar.

 

Mən burada bir yağlı abzas vermək istəyimin qarşısını ala bilmirəm.

 

Bir orta əsrlər cəngavərini gözümüz qarşısında canlandıraq. Əvvəl başdan bu cəngavərmizin bir atı olmalı deyilmi? At məsələsi düzələndən sonra biz ona cəngavər görkəmi vermək üçün əynini-başını qaydaya salmalıyıq. Ona zirehli paltar geyindirməli, qoluna qolçaq, dizinə dizlik taxmalı, başına dəbilqə, üzünə niqab yaraşdırmalıyıq. Onun əlinə uzun bir nizə verməmiz, belinə bir qılınc bağlamamız gərəkəcək. Hələ onun rəqibdən qorunması üçün bir qalxanı da olmalıdır. Cəngavərin xırda-para digər yaraq-əsləhəsi də olurdu ki, bunun da üzərindən sükutla keçək. Qısa kəssəm, onu altdan geyindirib, üstdən qıfıllandırmamız lazımdır. Cəngavərimizin atı da zirehə tutulmalı, yəhəri-yüyəni də yerli-yerində olmalıdır. Cəngavərin silahını daşıyan, ata minib-düşməsinə yardım edən, yəni üzəngisini basan, atının başını tutan, ağır döyüşlərdən sonra yaralarını bağlayan, qayğısına qalan, biş-düşünü edən bir yardımçısı da oldumu, demək hər işimiz yolundadır. Sanço Pansa kimi sadiq köməkçini tapmaqsa hər zaman mümkün olmaya bilər.

 

Cəngavərlərin ordenlərinin – təşkilatlarının olmasını da yadınıza salıram. Hamısı Don Kixotluq edib, yağıya qarşı tək ha vuruşası deyildi. Onların da ağıllısı, dəlisi olmalıydı və gerçəklikdə, bu, belə də olurdu. Tampliyerlər ordeni, Tevton ordeni, Malta ordeni kimi dini-cəngavər ordenlərinin xaç müharibələrinin iştirakçısı olduğunu çoxumuz eşitmişik. Düzdür, mənim söhbət açmaq istədiyim baykerlərin dini müharibələrdə iştirak etmələri və ya edəcəkləri barədə xəbər-filan da yayılmayıb. İşin əsli bu. Özümüzü allahdan edib, yalanmı deyəsiyik?

 

İndi bizim XXI yüzilliyə qayıtma zamanımızın yetişdiyini düşünürəm. Yetər orta çağların qaranlığında var-gəl etməmiz.

 

Motosikletin əsasən ikitəkərli nəqliyyat vasitəsi olmasını hamımız bilirik. O zamanlar, yarım əsr əvvəli deyirəm, kənd uşaqları motosikletlə rastlaşmaya bilərdilər. Amma davalı filmlər kimi tanıdığımız filmlərin ağ-qara təsvirlərindən almanların bu nəqliyyatdan geninə-boluna istifadə etdiklərini görməmiş də deyildik. Faşistlərə nifrət etsək də, gizlindən-gizlindən oğlan uşaqlarının, elə bəlkə qız uşaqlarının da içində bir motosiklet sevgisi boy verirdi. Niyə də verməməli idi ki? Sevdiyi qızın hind filmlərindəki kimi, qollarını kəmər edib, arxadan belini qucaqlamasını, küləyin saçlarını bir-birinə qarışdırmasını hansı gənc oğlan istəməzdi? Bu ləzzəti daha da şiddətləndirmək üçün ikitəkərli köhlənə bir az da qaz verməyin nəyi pisdir ki? Rac Kapurun çəkdiyi və baş rolda oğlu Rişi Kapurun oynadığı “Bobbi” filminə baxandan sonra bu istəyin daha qarşısıalınmaz olduğunu demədən keçmək günah olardı.

 

Bunu da yazımızın xatirə guşəsi sayaq varsın, getsin.

 

Bu qədər uzun gəzişmədən sonra yazının əsas yerinə gəldik. Burada, ay bərəkallah, nə faraş gəldik deyənlərin sözlərini qəribliyə salmadığımı da söyləyim ki, sular durulsun. Zəhlətökənlik sayılmasın deyə, elə mövzunun özü barədə də qısa danışacam, ümidvaram ki, başladığımla bitirdiyim bir olacaq. Sağ olmuş, başla da, sözünün Alməmmədini de, nəyi gözləyirsən, qırıldıq axı?

 

Avropada sürücülər yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edirlər. Amma xüsusi bir  kasta – baykerlər əlinə keçən ilk fürsətdə bu qaydaları az qala bilərəkdən pozur. Düzdür, motosikleti olanların böyük əksəriyyəti baykerlərin sırasına düşmürlər və heç düşməyi də ağıllarından keçirmir, öz adi iş-gücləriylə məşğuldurlar. Həm də baykerliyin özünün xüsusi tələbləri var, bu qaydalara əməl etmək hər bir baykerin şərəf işi sayılır.

 

Bəri başdan deyim ki, baykerlərə cəmiyyətin münasibəti birmənalı deyil. Onları öz kumirləri sayanlar da var, adları gələndə üz-gözünü turşudanlar da.

 

Yuxarıda orta əsr cəngavərlərinin geyim-gecimindən, atından, silahından bəhs etdiyimi bir daha yadınıza salıram. O üzdən ki, baykerlər də başqalarından geyimləri, saç-saqqalları ilə, ən əsası da motosikletləri ilə fərqlənirlər. Saçları uzun, arxadan at quyruğu şəklində bağlanmış bu adamlar özlərinin xüsusi kasta olduğunu, sivillər adlandırdıqları və bəyənmədikləri insanların onlardan olmadığını, onların yüksək kastalarından kənarda qaldıqlarını düşünür, hətta baykerlikdə təmsil olunmayanları aşağılamaqdan zövq alırlar.

 

Baykerlər klublarda birləşir, günün və ya həftənin müəyyən vaxtlarında bir yerə toplaşır, bayker dünyasında baş verən yeniliklərlə bir-birini tanış edir, öz metal atlarını nümayiş etdirirlər. Metal at demiş, peşəkar bayker hansı markadan olmasına baxmayaraq, mütləq yiyəlik etdiyi miniyinə əl gəzdirməli, ona özünün müəyyən əlavələrini etməlidir. Yoxsa onun nəyi bayker oldu ki? Adətən bu əlavə nikeldən olub, xüsusi məna daşımalı, fərqlilik nişanına çevrilməli, sahibinin seçkin biri olduğunu göstərə bilməlidir.

 

Baykeri başının dəbilqəsindən, yaxasının zəncirbəndi köndələninə bağlanan dəri gödəkçəsindən, ora-burasını bəzəyən tatusundan, dəli sözü, altının motosikletindən fərqləndirmək asandır. Baykerlərin sosial tərkibi də yekcins deyil. Varı-halı başından aşanlardan tutmuş bütün sərvəti əynindəki paltardan və bir motosikletdən ibarət – bir həsir, bir Məmmədnəsir olanlara qədər.

 

Baykerlərin adı bir çox əlləm-qallam, deyək ki, narkotik kimi, qarət, soyğunçuluq kimi işlərdə də hallandırılır. Amma özünü əsil bayker sayanlar bütün bunların onlara atılan böhtandan savayı bir şey olmadığını dilə gətirərək, yaşadıqları ölkənin qanunlarına əməl etdiklərini bildirirlər.

 

Baykerlərin keçdikləri həyat yolları, onların dünyagörüşləri bir çox filmin mövzusu olmuş, bu gün də olmaqdadır. İnternetdə kiçik bir axtarış aparmaqla bu filmləri tapmaq su içimi qədər asandır.

 

S. A.

 

Bu yazının havasına keçən il bir aydan çox yaşadığım Tessendrelo kəndində köklənmişdim. Adı italyan adlarına bənzəyən bu kənd Belçikadadır. Mən Tessendreloda yaşayarkən, baykerlərin toplaşdığı restoranlarda onları xeyli müşahidə edə bilmişdim və bu yazı da oradan qafamda ilişib qalmış və Avropa gerçəklərindən biri olduğu üçün yazmaq istəyimin qarşısını heç cür kəsə bilmədim.

 

Afiq MUXTAROĞLU

Niderland Krallığı