Keçənlərdə eşitdim ki, Jalə xalanın oğlu məktəbdə müəllim işləyir. Yaxşı tanıyıram, universal adamdır, hər mövzuya qarışar, hər işə burun soxar bu KarlikSon. Deyirlər məktəbdə kimya dərsi deyir (nə yalan deyim, nə ki var gülmüşəm). Adam universitetdə dörd il bakalavr oxuyub, ixtisası da ekonomist. İndi isə kimya müəllimidir. Dağıl, a dünya, dağıl. Heç müəllim statusu da almayıb ha!
Uşaqlardan soruşdum, dedilər incəsənət dərsini də keçir. Dedim, incəsənətdən nə öyrədir? Cavab verdilər: “Çıxarın ev tapşırıqlarınızı burada yazın”.
Nə deyim vallah! Dediyim kimi, yaxşı tanıyıram. Bu KarlikSon Ramazan ayında birdən-birə qatı dindara çevrilir. Kimsə dindən danışsa dərhal müdaxilə edir. Soruşursan:
– Namaz qılırsan?
Deyir, yox.
– Yaxşı, heç olmasa oruc tutursan?
Deyir, yox, xəstəyəm, səhhətim imkan vermir (Xəstəliyi bəhanədir, çünki xəstə deyil, yemək dəlisidir. Heç bir iftardan qalmır).
Siyasi söhbət düşən kimi birdən-birə ölkənin ən öndə gedən siyasətçisinə çevrilir. Elə danışır ki, guya bütün qərarları özü verir. Heç kimi də bəyənmir, hamı səhvdir, bircə özü düzdür.
Belələrini gətirib müəllim vəzifəsinə qoyanda nəticə də belə olur. Belə adam uşağa dərs deyirsə, o uşaq da yarımçıq formalaşacaq. Müəllim özü hər mövzuda yarımçıqdırsa, şagird necə bütöv olsun?
Gələk bizim “kimyaçı” müəllimə. Kimya dərsi deməlidir, amma birdən tarixdən danışmağa başlayır. Osmanlı belə getdi, monqollar belə etdi – elə pafosla, elə ideal şəkildə danışır ki, az qalırsan bütün tarix kitablarını yandırasan.
Bir az sonra ədəbiyyata keçir, sonra siyasətə, sonra dinə... Bir sözlə, özündən başqa heç kimi bəyənməyən bu adam elə davranır ki, sanki məktəbin bütün fənləri ona tapşırılıb. Nəticədə, kimya müəllimi olub, amma kimyadan başqa hər şeydən dərs deyir.
Hələ arada bizə də daş atır. Soruşur ki, siz uşaqlara qızlı-oğlanlı bir yerdə dərs deyirsiniz?
Deyirəm, necə yəni? Saxta mollalıq damarı tutanda başlayır “fətva” verməyə: “Qızla oğlan bir yerdə dərs oxumaz”. Deyirəm, yaxşı, bəs siz məktəbdə qızlara ayrı otaqda, oğlanlara ayrı otaqdamı dərs deyirsiniz? Bu nə boş söhbətdir axı?
Bu adam ömründə bir dəfə də olsun teatra gedib tamaşa izləməyib. Səhnənin nə olduğunu bilmir. Amma hər mövzuya uzun burnunu soxmaqdan da qalmır. O gün uşaqların rəsm sərgisi var idi, biz də getmişdik. Bir də gördüm bu da oradadır. Təəccübləndim, dedim, nə əcəb bu da burdadır. Nə qədər istədim məni görməsin, amma gördü. Məni görən kimi yaxınlaşdı. İlk sualı da bu oldu:
– Necədir, xoşuna gəldi?
Dedim:
– Əllərinə sağlıq, uşaqlar gözəl iş çıxarıblar.
Elə bunu demişdim ki, başladı yenə pafoslu danışmağa. Bu dəfə də rəssam damarı tutdu:
– Sən buna rəsm deyirsən? Pikasso belə çəkirdi, Van Qoq belə idi...
Bu dəfə özümü saxlaya bilmədim, dedim:
– Aya, bəsdir də! Van Qoq, Pikasso... Başqa kimi tanıyırsan? Adını çəkdiyin rəssamların hansı əsərini görmüsən, hansından danışa bilərsən? Məndən beşbetər, heç birini tanımırsan, bu nə özünü bəyənməkdir səndə?
Səkkiz yaşında uşağın çəkdiyi rəsmi gətirib Pikassonun əsəri ilə müqayisə etmək nə deməkdir axı? O uşaq sənin dediyin Pikasso kimi çəkməli deyil. O öz dünyasını çəkir. İndi belə adamları gətirib məktəbə müəllim qoyanda adam az qalır... Nə isə, deməyə çox söz var, yaza bilmirəm.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
(Nizami Gəncəvi)
Binəli İslamoğlu