Anladığım qədər dahi Nizaminin əsrlər öncə dediyi izafi suyun zərərini hələ də tam dərk etməmişik. Uşaqlıqda, gənclikdə fəxr etdiyim, maraqla izlədiyim adətlərimizin ifrat faciəsini indi ailə qadını olaraq daha dərindən dərk edirəm.
Yəqin çoxlarımız gördüyümüz turistlərə baxıb ən azından düşünmüşük ki, onlar bizdən yaxşı yaşayırlar. İl boyu qazanclarından artırıb Avropadan buralara gəzməyə gəlirlər. Bizim qazancımız da bu aydan o aya güclə çatır. Əminəm, düşünmüsünüz. Adətimiz üzrə günahı özümüzdə yox, başqasında axtaracağıq. Görəsən kimsə düşündümü o turist bir ildə neçə xeyirə-şərə gedir, neçə evi var, nə qədər qızılı var və s. Doğum günləri, uşaq gördü, adqoydu, əsgərlik bitdi, tələbə oldu, diplom aldı, nişan, toy, gəlin gördü, yubileylər, maşın aldı, nişanlı qızı görnəyə getmələr və s. Ümumiyyətlə, nəmər yazdırmaq ifadəsini özümüzdən başqa kimsə anlamaz, əminəm.
Elə bunları düşünərkən əlimə bir qələm aldım. İl ərzində getdiyim xeyir işlərinə çəkdiyim xərci yazdım. Nəzərə alsaq ki, çox da aktiv xeyir-şər adamı deyiləm, yalnız yaxınlara gedirəm və onu da nəzərə alsaq ki, belə bir “dasqı” var: tək adam – 50, cüt – 100 lari. Vallah, elə mənim xeyirə-şərə çəkdiyim xərclə yaxşıca ailəliklə istirahətə getmək olarmış.
Deyəcəksiniz, əcnəbilər bizdən də maraqlı “parti”lər edirlər. Əlbəttə, edirlər, niyə də etməsinlər. Bunun nəyi pisdir. İnsan əlamətdar anlarını xatırlamalıdır, amma bir var bir tort və şampanla, gələnlər ya təbrik məktubu, ya da suvenir hədiyyə edir, bir də var “dasqı” ilə...
Yerli milli yeməklərimizdən Borçalı pörtdəməsi ən sevdiyim yeməkdir, inanın, toylarımızda pörtəmənin yerinə xəcalət çəkirəm. Cürbəcür salatların, qızartma, bozartmaların yanında küskün qalır. Çoxluğun içində itib batır. Xüsusən də restoran toylarında menyu sayına barmaqlar çatmır, ən pisi də odur ki, yeyilməyən yeməklərimiz zibilliyə atılır. Nə qədər günah, deyilmi? Tək toydamı? – Bütün şənlik yığıncaqlarımız belədir.
Yaxınlarda bir qohumum kiçik toy etdi. Mərhələlərə diqqət edək. Bir gün mən yoldaşımla gözaydınlığına getdik, əlbəttə, yüngül şirinliklə. Getməmək olmazdı axı, mərifətsizlik sayılardı. Həmin gün 4-5 ailə də vardı. Plov, pörtdəmə, toyuq, dolma bişirmişdi. Mətbəxə keçib xanıma dedim: “Ayıb oldu, nə zəhmət çəkirsən, bir stəkan çay içib gedəcəyik”. Dedi: “Elə getsəniz ayıb olar. Narahat olma, bir aydır hər gün evimiz belədir. Bax, mütləq birigün ciyər axşamına gəlin, yoxsa inciyərik”.
Əlbəttə, getdik, yoxsa saymamazlıq sayılacaqdı. Ciyər axşamında bəlkə 100 adam var idi – qohum, qonşu... Səhəri 500 adamlıq toy süfrəsi aşıb-daşan bir toy oldu. Birigün uşaq kəsildi, üç gün sonra küldən çıxarıldı, bir həftə sonra kirvə qonaqlığı, sonra da kirvəliyin cavabını qaytarma... Vallah, təsvirdən özümün başım hərləndi.
Deməli, qohumum birinci özünə əziyyət verdi. Bir ay gəlib-gedənlərin əziyyəti, getməmək olmazdı, həm əvəz qaytarırsan, həm də diqqət göstərirsən. Mən inanmıram oradan xeyir götürmək olur, bildiyim odur ki, qohumum həm özünə maddi çətinlik yaratdı, həm gələnləri xərcə saldı, həm də özünü borclu edir. Axı az sonra bu ardıcıllıq digər qonşuda, qohumda olacaq.
Təhlil etmədən onu soruşum, görüm o turistlərin heç belə lazımsız adəti və ya xərc çəkdiyi səbəbi varmı?
Onlar da xaç suyuna çəkirlər, bu bir inanc, amma ifratsız, izafi xərcsiz. Hələ ki burada dayanmaq istəyirəm. Bunu da deyim ki, mənim qohumum bu pulla Antaliyada bir ay qala bilərdi, amma bunun üçün avropalı olmaq lazım idi.
Esmira ƏLƏKBƏRLİ