Bəşəriyyət yarandığı gündən bu yana tarixdə çox sayda qəbilələr, tayfalar, millətlər olmuşdur. Onlardan bəziləri tarixə qarışaraq yox olmuş, bəziləri də bu gün öz varlıqlаrını davam etdirirlər. Bu gün varlığını davam etdirən millətlərin var olmasında dahi şəxsiyyətlərin rolu danılmazdır. Mənsubu olduğumuz Azərbaycan türkləri də qədim tarixə malikdir. Dünya ədəbiyyatına, eləcə də Şərq ədəbiyyatına nəzər saldıqda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin özünəməxsus zirvəni fəth etdiyinin şahidi oluruq. Azərbaycan ədəbiyyatında islami xüsusların ön plana çəkilməsi ona xüsusi bir gözəllik verir. İslami xüsusların ön plana çəkildiyi bu mədəniyyət və ədəbiyyat bir çox yazıçılar, şairlər, mütəfəkkirlər, alimlər, siyasətçilər və saya-hesaba gəlməyəcək dahi şəxsiyyətlər yetişdirmişdir. Bu uca şəxslər zaman-zaman digər insanlar içərisindən süzülərək ədəbiyyatımızı, mədəniyyətimizi və incəsənətimizi nurlu gələcəyə daşımışlar. Onların sayı o qədər çoxdur ki, bu qısa yazımızda hansını deyək, hansından danışaq?
Dünya ədəbiyyatının diqqətini özünə cəlb edən Nizami Gəncəvi, beytləriylə həqiqi eşqin məktəbini ucaldan Məhəmməd Füzuli, qısa bir zaman içərisində uzun ömür yaşayan Mikayıl Müşfiq, çəkinmədən həqiqətləri öz əsərlərində üzə çıxaran Cəlil Məmmədquluzadələrə sahib olan bir millətik. Bu və daha neçə-neçə belə dahi abidələrimiz var ki, onlar millətimizin heç zaman sönməyəcək ədəbiyyat, mədəniyyət ulduzlarıdır. Bu yaxınlarda oxuduğum bir jurnalda belə bir cümləyə rast gəldim: “İnsanlar vardır şəfəq vaxtı doğular, axşam azanında ölərlər”. Necə də doğru bir təsbitdir. İnsan bu dünyada bəşəriyyət üçün heç bir xeyir iş görmədən yüz il də yaşasa nə fayda? Şəfəqlə doğular, qürubla batıb gedər. Yaddaşlardan birdəfəlik silinərlər”. Ədəbiyyatımızın dahiləri isə yazdıqları əsərləri ilə qəlblərdə silinməyəcək izlər qoydular.
Мəhz bu şəxslər аnlаyırdılаr ki, onların adları millətimiz var olduqca yaşayacaq, hörmətlə anılacaq. Elə bu amalla da hər zaman xalqımıza həqiqətləri çatdırmaq, onları maarifləndirmək üçün canları bahasına belə olsa haqqı yazmaqdan heç zaman çəkinmədilər, qorxmadılar. Bəzən onlara vətən xaini, bəzən üsyankar damğası vurmağa çalışdılar. Lakin bu, onları heç zaman yollarından çəkindirmədi. Ancaq millətimiz “bir ölər, min dirilərik” üslubuna sadiq qalaraq bu dahilərin davamçıları olan Zəlimxan Yaqub, Bəxtiyar Vahabzadə, Məmməd Aslan, İsa İsmаyılzаdələri yetişdirdi.
İstər keçmişdə, istərsə də günümüzdə olan ədiblərimiz bizi dünyada tanıdan dəyərlərimizdir. Ancaq günümüzdəki gənclər nədənsə daha çox Qərbə tərəf yönəlirlər. Unutmamaq lazımdır ki, bizim kökümüz dərinlərdən gəlir.
Öz əcdadımızı, tariximizi unudub Qərbə qaçışın səbəbi nədir görəsən? Bizim baş tacımız olan dahiləri unudub, əsərlərini bəyənməzlikdən gələrək ingilisin Conlarına, fransızın Cimlərinə hörmət etmək bizim üçün utanc mənbəyidir. Mənim sözlərim yanlış anlaşılmasın. Demirəm ki, dünya ədəbiyyatı oxumayaq, izləməyək. Sözüm odur ki, biz öz tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı unutmamalıyıq. Dünya ədəbiyyatı ilə birlikdə öz ədəbiyyatımızı da mənisəməli və qorumalıyıq. Dilimizin bugünkü varlığı onların sayəsində qorunmuşdur.
Keçmişini unudanın gələcəyi olmaz deyirlər. Ulularımızın saldığı yolla, açdığı cığırla getmək hər birimizin müqəddəs borcudur.
Hacı BƏKİROĞLU