Yəqin “Şərikli çörək” filmindən Vasif Adıgözəlovun bəstəsinə Oqtay Ağayevin “Sən, ey uşaqlıq” mahnısını həssas insanlar dəfələrlə dinləyib və kövrəlib. Kövrəlməmək mümkündürmü?!.

 

Ömrümüz bir uca dağa bənzəyir, yamacdan dayanıb baxarkən çox uca görünür, elə ki zirvəyə çatdıq eniş çox sürətli olur. Yamac uşaqlıqdır, yoxuş yarı yaşa qədər çabalamaq, eniş isə yarı yaşdan sonra sürətli dönüş və son. Yaşamadığımız günlərin sayı qədər uzun, həsrət qaldığımız zaman qədər qısa bir ömür...

 

Elə adam tanıyırsınızmı ki, uşaqlığı müqəddəs və şirin xatirə kimi yada salmasın. Ömür yolunun yamacı ən yaddaqalan xoş anlar olur, çünki tövşüyərək çıxdığımız və təntiyərək endiyimiz yolumuzun ən rahatı, qayğısızı, bəxtəvəri elə uşaqlıq dediyimiz o yamaclı ömrümüzdür. Orta yaşlı nəsil o yamacın nə olduğunu gözəl bilir. Bəs bugünkü uşaqlar uşaqlıq yaşayırlarmı? Yox, mən sosial şəbəkə problemindən danışmayacam, heç ona ictimai bəla da deməyəcəm, onu zamanın tələbatı kimi qəbul edirəm. Mənim səbəbim başqadır. Mən “xalx (kütlə) nə deyər” düşüncəsiylə yaşayan valideynlərin övladlarına yaşatdığı həyat tərzindən yazmaq istəyirəm.

 

Nə xoşbəxtik ki, dövlətimiz uşaqlarımıza təmənnasız təhsil verir, sağlıq və bəzi tələbatlarını ödəyir, amma biz nə edirik? – Bununla razılaşmırıq. Məktəbdə 6 saatlıq təhsillə kifayətlənmədən özümüzün hələ uşaqlıqdan ayarladığımız ali təhsil istiqamətiylə uşaqlarımızı xüsusi müəllimlə dərsdən sonra hazırlıqlara yollayırıq. Bu mərhələyə isə az qala uşaq 5 yaşında olanda başlayırıq. O uşaq yamacda qaçıb-tutmaq istəyərkən biz ona güclə məntiq öyrədirik – sünii məntiq. Özü yaranmağa imkan vermədən zorla yaratdığımız məntiq onsuz da məktəb proqramının məntiqsiz şəkildə lazımsız yüklədiyi uşaqları biz də yenidən yükləyirik. Təsəvvür edirsinizmi, gözünü ovaraq məktəbə gedən uşağa ağır proqram yüklənir, əlbəttə, uşaqlar qavrayır, qavramaya da bilməz, axı elə proqramlaşdırmışıq. Beyin tutumundan çox qəbul etdiririk. Onsuz da qidalanma qeyri-sağam dayaq üzərindəndir. Evə yorğun qayıdan uşaqları təkrar hazırlıqlara yollayırıq. Yorğun zehinlə təkrar yüklənmə. Nə qədər dərin tutum olmalıdır ki, qavramağa əngəl olmasın. Bax, o tutumu lazımsız yükləmə ilə zamanla sıradan çıxarırıq, hansı ki, bu uşaq bu yaşda daha çox əyləncəyə vaxt ayırmalı, uşaqlığın dadını çıxarmalıdır.

 

Unutmayaq, bu onun sabahkı həyatında çox mühüm rol oynayacaq! Dərslərdən başı açılmayan uşaqlar uşaqlıq deyəndə nə xatırlayacaqlar? – Böyük ehtimalla dəftər-kitab, bir də müəllimlərin tələbini. Uşaq onsuz da hipnozdadır. Onlar mükəmməl surətdə öyrəndiklərinə sahib ola bilməzlər, olsalar da müvəqqəti, əzbərçilik yolu ilə yaranan yaddaşla, hansı ki, zehni yorğunluq böyük gələcəyə mane olacaq.

 

Həyatda iki vacib şərt sağlamlığın da, zehnin də, təfəkkürün də rəhnidir. Hansı ki, heç nə onu əvəz etmir, amma o bütün sağlamlıq düsturlarını əvəz edir. Bu, hərəkət və təmiz havadır. Bax, uşaqlığını yaşamağa qoymadığımız uşaqlar bu əvəzsiz nemətlərdən məhrumdurlar. Saatlarla qapalı otaqlarda oturaq zehni fəaliyyətdə olan uşaqlar gələcəkdə sağlamlıq problemləri də yaşayacaqlar.

 

Yəqin ki, statistika aparılsaydı biz millət olaraq diplom sayına görə mütləq öndə olardıq. Tanıdığım yüzlərlə insan var ki, heç o diplomdan istifadə etməyib. Ya istedadı yoxdur, ya da o diplom ona təkidlə aldırılıb. Necə deyərlər, cərgədən geridə qalmamaq üçün. Uşaq oxutmaq da bizdə bir ənənəyə çevrilib. Orta məktəb səviyyəsində savadı mükəmməl olan hər bir kəs mütləq savadlıdır. Hazırlıqlara gedən şagirdlər sinif dərsinə biganə olur, şagird sinifdəki müəllimdən çox xüsusi müəllimə diqqət göstərir. Etiraf edək ki, bu da müəllimə xoş deyil. Olmazmı ki, uşaqların gündəlik dərslərinə nəzarət edib müəllimdən də tələb edəsiniz. Bax, onda uşağın zamanı düz bölünəcək. Şagird dərsə də, özünə də zaman ayıracaq.

 

Gəlin birlikdə uşaqları uşaqlığı yaşamağa yönəldək. İcazə verin məhəllələrdən gələn uşaq səs-küyü havanı yarsın, pəncərələri toplar sındırsın, qızlar saçyoldusundan, oğlanlar təpikatdısından şikayət etsin. Bax, onda onlar da qocalanda qalxdıqları dağın enişinə gələndə xatırlayası yaşanmış uşaqlıqları olacaq.

 

Diplom şərti sənəddir. Balalarımıza insanlıq öyrədək, şərəf, ləyaqət aşılayaq. Qoy içimizdən həqiqi istedadlı uşaqlar elmli olsunlar. Onlar da ona layiqdirlərsə o yol özü onu aparacaq, necə ki, alimlərimizin heç biri o yola uşaqlığını itirərək getmədi, əksinə, qazanaraq getdi...

 

Hörmətli valideynlər, ali təhsil vacibdirmi? Axı o qədər gözəl sənətlər var ki. Uşaqları məcburi ali təhsilə yönəltməklə onların zamanını almaqla bərabər içindəki özü olacaq mənini də məhv edirsiniz. Ali təhsilli olmamaq savadsızlıq deyil, bunu qəbul edək. Orta təhsil bizə savadlı olmaq üçün kifayət edir. Ali təhsil kütləvi yox, seçilmişlərin olmalıdır. Digərləri üçün bu, itirilmiş zamandır. Uşaqlarımıza öz uşaqlığımızın gözü ilə baxaq.

 

Esmira ƏLƏKBƏRLİ