Açığı, nə zamandan bəri azı-çoxu bir-birindən ayıra bildiyimi bilmirəm. Amma uşaq vaxtı mənə təklif olunan konfetlərdən böyük görünəni seçdiyim yadımdadır. Bu hadisə nə qədər adi görünsə də, bəlkə də həyatdakı bütün seçimlərin təməlini qoydu. Elə o konfeti çantama atıb məktəbə gedən kimi də müqayisəni öyrətmişdilər mənə.

 

Aşağı siniflərdə rəqəmləri öyrənəndə sıfırın əslində heç nə ifadə etmədiyini deyən təhsil sistemi, nədənsə böyük siniflərdə fikrini dəyişdirmişdi. Artıq bir rəqəmin sonunda nə qədər çox sıfır olarsa bir o qədər böyük olur deyirdi. Elə o gündən mən də gözümə harada çox sıfır dəyirdisə “>” işarəsini oraya yazırdım. Müqayisə üzərində o qədər misal işləmişdim ki, artıq ədədin hansı rəqəmlərdən təşkil olunduğuna belə baxmırdım, hansının yazılışı gözümə uzun dəyirdisə onu seçirdim.

 

Sonra rəqəmlərin yanına bəzi hərflər yazdılar – birinə kiloqram dedilər, birinə metr, birinə saniyə, birinə də coul. Bu hərflərin gəlişi ilə bir şeyi ölçmək üçün lazım olan bütün parametrlər tamamlanmışdı. Bu da o demək idi ki, artıq həyatın özü də ölçülə bilən bir sistemə çevrilmişdi. Elə o günlərdən bəlli idi, böyüyəndə hər şeyi ölçməyimizi tələb edəcəklər.

 

O qədər alışdıq ki bu vəziyyətə, tələb olunmayan şeyləri də ölçməyə, müqayisə etməyə başladıq. İlk özümüz çıxıb gözlədik tərəzinin sağ gözündə, uğur gətirsin deyə qəsdən sağı seçdik. Sonra həyatda var olan hər şeyi qoyduq sol tərəfə. Gah xoşbəxtliyi müqayisə etdik özümüzlə, gah bir ovuc qızılı, gah ömürlük uğuru, gah da üçotaqlı bir evi. Hər dəfəsində də sol tərəf ağır gəldi.

 

Gecələr gözümüzə yuxu getməz oldu, neçə-neçə gecələri sabahladıq, sağ tərəf daha ağır gəlsin deyə etmədiyimiz qalmadı. Amma olmadı. Sol tərəfdə dayanan hər şeydən daha dəyərsiz olduğumuz düşüncəsi bizi yedi-bitirdi. Bu halın adına birimiz depressiya dedik, birimiz tənbəllik, birimiz ümidsizlik...

 

“Bir kilometrmi daha uzundur, bir kiloqrammı?” sualını verməyən, onları bir-biri ilə müqayisə etməyən insan özünü hər şeylə müqayisə elədi. Gah cansız əşyalarla, gah da dadını, qoxusunu, görüntüsünü bilmədiyi hisslərlə, duyğularla. Özünün də bir ölçü vahidi olsun istədi, hətta hər şeyin ölçü vahidinin eyni olmasını arzuladı. Çünki nədən dəyərli, nədən dəyərsiz olduğunu öyrənməyin başqa variantı yox idi.

 

Bizləri qeyri-adi istəklərə vadar edən də elə özümüz idik, cəmiyyətin dayanıb-durmaq bilməyən tələbləri, hər gün daha da ağırlaşdırdığı standartları idi. Sonra öz ağlımızla müqayisə anlayışını “ədalətliləşdirdik”. Daha doğrusu, hər şeyi sadələşdirmək məqsədilə mürəkkəbləşdirdik. Artıq cahillik olaraq baxırdıq qeyri-real müqayisələrə, inkişaf etmişdik guya.

 

Ərinmədən, yorulmadan tərəzinin sol gözündə olan hər şeyi boşaltdıq, daşıdıq hansısa bir zirzəmiyə. Onların yerinə isə canlı-qanlı insanları gətirdik. Dedim axı, niyyətimiz ədalətli müqayisə idi...

 

Qısacası, sırf həyatda var olduğumuzu, dəyərimizi təsdiq etmək, göz önünə sərmək üçün hər şeyə əl atdıq. Bircə oturub-durduğumuz tərəzidən düşüb həyatı yaşamaq gəlmədi ağlımıza.

 

Nə olasıdır, canımız sağ olsun...

 

Hürnisə ƏHMƏDOVA