Dilimizdə “bir medalın iki üzü”, “medalın görünməyən tərəfi”, “medalın o biri üzü” kimi parıldayan, cingildəyən söz birləşmələri var. Etimoloji lüğətə görə (tərtibçilər: Qulu Məhərrəmli, Rafiq İsmayılov), bu ifadə XVI əsrdə Avropada din xadimləri əleyhinə başlanmış açıq etiraz hərəkatı ilə bağlı yaranmışdır.

 

1511-ci ildә ilahiyyatçı, alim və yazar Rotterdamlı Erazmın “Axmaqlığın mәdhi” әsәri nәşr olunur. Əsərdə xristian dini vә Roma papası әlә salınır. Bundan sonra üzәrindә papanın şәkli hәkk olunmuş jeton medallar buraxılmağa başlayır. Bu medalları tәrsinә tutanda papanın şәkli deyil, şeytanın surәti görünürdü. “Medalın tərs üzü” ifadəsi də məhz bundan sonra məşhurlaşmağa və mənfi mənada işlənməyə başlayır.

 

Bizim bu yazının isə tərsalara və şeytana papışı tərs geyindirənlərə heç bir dəxli yoxdur. Burada medalın o biri üzünü göstərməyə də ehtiyac yoxdur, medal da Ay deyil ki, o biri üzünü görmək üçün kosmonavt olasan, onsuz da kimin yaxasında, döşündə hansı ölçüdə, hansı metaldan ibarət medal gəzdirdiyini hamı yaxşı bilir. Metal demiş, medal da elə metal sözündəndir ki, biz tərəflərdə buna “dəmir parçası” deyib üstündən lazımsız bir əşya kimi keçirlər. Çünki Sovet vaxtı təntənə ilə, hay-həşirlə, toy-bayramla verilən al-əlvan medalları sonradan qoca Tiflisin “Suxoy most”unda 10-15 lariyə turistlərə satılan gördülər. Elə ondan sonra medal etibarını itirib oldu metal – mis, latun, alüminium, dəmir və sair.

 

Deyilənə görə, o vaxt bu medallar bütün qapıları açırmış, yəni “medal” sözünə bir leksik şəkilçi artırıb yaranan “medallı” sözünün ikinçi hecası (dallı) ilə istədiyin hökumət binasının qapısından girmək olurmuş, qılıncının dalı da kəsirmiş, qabağı da. Yəni medalı olan həm də dalı olan, medallı həm də dallı olan demək imiş. Nəzərə alsaq ki, dilimizdə dal – budaq, dallı – budaqlı deməkdir, medallıları gərək ki, o vaxt qollu-budaqlı hesab edirlərmiş. Biz tərəflərdə dallı həm də arxalı, dayaqlı adama deyirlər, dalı dağa söykənmək, dalında dağ kimi durmaq misalı. Halbuki bu sözü anatomik olaraq da işlədənlər var.

 

Sən bir tərsa qızısan,

Əydin qəddin dal elədin. (“İrvahım” dastanı) – burada isə dal qəddi əyri, bükülü ərəb əlifbasının “d” hərfinə işarədir. Medallar qəddimizi əyməsin.

 

Mətləbdən uzaqlaşdım deyəsən. Hər halda, medal (metal) da olanda gərək olimpiadalarda veriləndən ola, o da ki, qızılından. Deyilənə görə, belə medalların o biri üzü – tərs üzü olmur. Belə medalları dalını günə verməklə əldə edə bilmirsən yəni. Bu medalların düz üzü də, tərs üzü də eyni şeyi göstərir – zəhmət, bacarıq, istedad, güc, zəka, dözüm, iradə və sair. Məsələn, bir şahmatçının istedadının, biliyinin gücünə medal alması, yaşamaq uğrunda mübarizə oyununda yalnız piyada rolunu oynayan minlərin metal almasından daha yaxşıdır, elə xalq üçün də, vətən üçün də. Bir də, baxır medal verənə. Elə metallar var medal verənin kimliyindən asılı olaraq dönüb həqiqi medal olur. Yəni medal alan da, medal verən də ədalətli, vicdanlı olanda medal bütün xalqın, vətənin olur.

 

Yenə də mətləb üstə gələ bilməyib yazını burda bitirməli oluram. Uzatsam qəzetə sığmaz. Bu gün gündəmdə olan olayların medalının o biri üzünü onsuz da hamınız yaxşı bilirsiniz, heç şərhə ehtiyac da yoxdur.

 

Sonda eşitdiyim maraqlı bir sözü sizinlə paylaşmaq istəyirəm. Deməli, arxaizm olan mürəkkəbqabıya Borçalıda “tərsə” deyirlərmiş. İçi mürəkkəblə dolu olan bu tərsələri şagirdlər məktəb çantalarında daşıyırlarmış və maraqlısı da odur ki, bu qabların ağzı açıq olsa da mürəkkəb tökülmürmüş, calanmırmış. İndi bu tərsəni Tiflisin “Suxoy most” (quru körpü) deyilən bazarından almaq olar, qiyməti isə həmin bazarda satılan medallardan bahadır.

 

Azər MUSAOĞLU