Riyaziyyatda kəmiyyətləri bir-biri ilə müqayisə etmək üçün xüsusi riyazi işarələrdən istifadə edildiyi kimi, həyatda da insanları bir-biri ilə müqayisə etmək üçün xüsusi sözlərdən istifadə olunur.
Uşaq ikən daha çox eşitdiyimiz “camaatın uşağı” deyə bir ifadə var ki, çətin onu heç kim eşitməmiş ola. Bu “camaatın uşağı” demək olar ki, uşaqlığımızın ən böyük müəmması və başımızın qaxıncı olub. Gəlin əvvəlcə müəmmalı tərəfindən danışaq.
Deməli, həmişə bizə dörd dördlük nümunə göstərilən bu uşağın adını heç kim bilmirdi. Hamı onu “camaatın uşağı” adı altında tanıyır. Nə harada yaşadığını, nə harada və neçənci sinifdə oxuduğunu, nə neçə yaşı olduğunu bilən var, nə də ata-anasını tanıyan. Amma uşaqda olan elə ağıl, tərbiyə, savad var ki, elə bil bunlar hamısı paylananda ən birinci o gedibmiş. Uşaq elə bil mini supermendir. Hər şeyi öz yerində və vaxtında yerinə yetirir. Səhər vaxtında oyanır, vaxtında məktəbə gedir, vaxtında evə qayıdır, qabağına nə qoysalar yeyir, dərslərini yaxşı oxuyur, telefonla az oynayır, vaxtında yatır, boyundan çəkisinə qədər, geyim tərzi, saç stili də daxil olmaqla hər şeyi ilə ideal uşaqdır. O, boş vaxtlarını kitab oxumaqla keçirən, ev işlərində ata-anasına kömək edən sadə bir uşaqdır. Bir sözlə, o, hər bir valideynin sahib olmaq istədiyi ideal uşaqdır. Hamı onu öz qızına da, oğluna da örnək göstərir. “Camaatın uşağı” belə oxuyur, belə işləyir, belə yemək bişirir, belə sürücülük vəsiqəsi alır, belə geyinir, belə gəzir, belə nəfəs alır... Az qalırlar deyələr ki, “camaatın uşağı” fotosintez prosesini də yerinə yetirir.
“Camaatın uşağı”nın etdiyi hər şey başımıza qaxınc olur. Daima kim olduğu sirr olan bu uşaqla müqayisədə oluruq və beləcə böyüyürük. Məktəbi bitirib ali təhsil alırıq, daha sonra işləməyə başlayırıq. Bax bu zaman müqayisənin yeni növü ortaya çıxır ki, bunun adı “dünənki cücə”dir. Bu “cücə” bizim görüb tanımadığımız, adını belə bilmədiyimiz bir kimsə deyil, biz özümüzük.
Deməli, təhsilimizi başa vurduqdan sonra seçdiyimiz peşə üzrə işləməyə başlayanda hamı bizə təcrübəsiz gözü ilə baxır ki, məncə, bu adi bir haldır və belə düşünməkdə haqlıdırlar. Amma zaman keçdikcə təcrübən artır, aktiv şəkildə işləməyə başlayırsan, enerjin və həvəsin bol olur, türklər demiş, işinə dörd əllə sarılırsan. Bu da bəzi insanların rəğbətini qazanmağa və maaşın artmasına səbəb olur. Elə bu zaman yeni müqayisə tipi aktiv olur. “Buna bax, dünənki cücə bizdən yaxşı işləyir, çox qazanır, müdirlə arası yaxşıdır...” kimi sözlərlə başlayırlar səni özləri ilə müqayisə etməyə. Yenə, heç olmasa, bu dəfə müqayisə edilən hər iki tərəfin açıq-aydın kim olduğu məlumdur.
Mən bu cür hala ilk dəfə məktəbdə rast gəlmişəm. Məhz yeni, gənc müəllimlər imtahanları verib baş müəllim statusu alır, avtomatik olaraq maaşları da artır və burada “buna bax, əlimizdə dərs keçib öyrətdiyimiz dünənki cücə bu gün tappatap imtahan verib müəllim olur, biz qırx ilin təcrübəli müəllimləri neçə illərdir elə eyni maaşı alırıq” cümləsi ilə başlayan müqayisə mətni çıxır ortaya. Əminəm ki, bu hal bütün iş sahələrində var, sadəcə son iki ayı saymasaq, bizim gündəlik gedib-gəldiyimiz yer məktəb olduğu üçün bu cür hallara ilk orada rast gəlmişik. Yəni burada məktəbin bizi həyata hazırladığı cümləsini təsdiq edə bilərik.
Belə deyə bilərik ki, hər yaşın öz müqayisə tipi var. Yaşlılar müqayisəni daha çox dünya görüşü və ya yaşın çoxluğuna görə edirlər. İdeal şəxslərlə müqayisə olunmağın özü çox yaxşı şeydir, amma hamısının haqsız tərəfləri də var. Məsələn, nədənsə mən “camaatın uşağı” ilə müqayisə olunmağı heç sevmirdim, elə heç indi də sevmirəm. Çünki bir valideyn öz uşağını kiminləsə müqayisə edəndə çatışmayan tərəfin əlli faizinin özündə olduğunu anlamır. “Camaatın qızı” ev yığışdırıb, yemək bişirirsə və mən bunu edə bilmirəmsə, deməli, ya bunu bacarmıram, ya da məndə bu işləri görməyə həvəs oyandırmayıblar. “Camaatın uşağı” yaxşı rəqs edirsə və mən bunu bacarmıramsa, deməli, qabiliyyətim yoxdur. Yalandan öz övladını başqaları ilə müqayisə etmək yerinə onların bacarıqlarını inkişaf etdirsələr daha müsbət nəticə əldə edərlər, övladları da uğurlu olar.
“Dünənki cücə” məsələsinə gəldikdə isə, şəxsən mən bu müqayisə olunan tərəf olmağı çox istəyərəm. Təcrübəli olmağa gəldikdə, yaş artdıqca o da artır, amma təcrübə ilə həvəs tərs mütənasibdir. Yəni yaş artdıqca təcrübə artır, təcrübə artıqca həvəs ölür. Gənclərin həm enerjisi, həm də həvəsi boldur. Elə buna görə də hər tərəfə əl atırlar, müxtəlif layihələrdə iştirak edirlər, imtahan verib statuslarını yüksəldirlər və beləcə maaşları da artır. Bir sözlə, aktiv iş bərabərdir yüksək maaşa. Daha bunun təcrübə ilə əlaqəsi yoxdur. Bəli, bəzilərinin təcrübəsi artıq ola bilər, amma bu işlərin “köhnə hamam, köhnə tas” rejimində qalmalı olduğu mənasına gəlmir. İşə yenilik də qatmaq lazımdır, inkişaf etmək lazımdır. Bu da enerji və həvəsə bərabərdir ki, onu da təcrübəyə dəyişiblər.
Bəlkə də bu dediklərimdə haqsızam. Bunun cavabı hamı üçün fərqlidir. Odur ki, daim çalışaq ki, uğurlu olaq. Uşaqlıqda “camaatın uşağı” ola bilməsək də, böyüdükdə “dünənki cücə” ola bilək.
Müəllif: Çiyalə Osmanova