Yazının elə bu yerində günün gündüz saatlarında bir məclisdə qadınların növhəsində (ağlaşmasında, şivənində) eşitdiyim bir misra yadıma düşdü: “Gəl əl-ələ verək, əli də belə verək dəstək olaq bir-birimizə”. Nəyə görə ölüm məqamı baş verdikdən sonra şivənlərdə ucalır bu cür dəstəkləyici misralar. Bu misraları insanlar sağ vaxtı yaşasalar, yaşatsalar olmazmı? Yasda birləşib yenə şifahi misralarlamı kifayətlənməliyik, havaya qarışan nəfəslə səslənən bu misraları özümüz yaşasaq, bir-birimizə yaşatsaq həyatın necə də gözəlləşəcəyini heç düşündükmü.

 

Bir bütün olaraq yaradılan bu həyatı yaşamaq, anlamaq və idrak etmək üçün Yaradan tərəfindən göndərilmədikmi biz? Bəs nə zaman biz bu həyatı bir yarış platforması kimi görməyə başladıq? Onsuz da həyat eyni ritmdə irəliləmir. Onsuz da hər birimiz dar koridorlardan keçirik; bəzən düzə çıxırıq, bəzən çıxa bilmirik. Həyatla öz mübarizəmiz yetərincə ağır ikən, niyə bir də bir-birimizlə yarışırıq? Yarışdıqca itiririk – dəqiqələri, saatları, ayları, illəri... Bütün bunların cəmi isə təkrarsız bir ömürdür. Təkrarsızı niyə tükədirik, sanki sonsuzmuş kimi?

 

Axı ömrün təkrarı yoxdur. Üçüncü, beşinci dəfə yaşamaq fürsətimiz yoxdur ki, ilkində təcrübə toplayıb sonrakılarda daha peşəkar davam edək. Ömür deyilən sərmayə anbaan azalır. Gedən ömrə qarşılıq əlimizdə nə qalır? Bu suallar üzərində düşünməyə dəvət edirəm hər birimizi.

 

Biz yarışırıq və bu yarışın hakimi də elə özümüzük. Qaydaları özümüz qoyur, özümüz pozur, özümüz uduzuruq, qalib oluruq. Bu dövrə bitmir, amma bitən tək bir şey var – ömür.

 

Kaş ki, yaşayaq, doya-doya, idrak edə-edə. Bir-birini yuyan iki əl ola bilsək. Daxilimizdəki bu yarış arzusunu kənara qoya bilsək. Günlər ömürdən gedərkən yaş üstünə yaş gəldikcə, ağlımızın və idrakımızın pəncərələri taybatay açılsa. Yarışaq, ancaq xeyir əməllərdə, gösdərişdə deyil.

 

Səmimi ola bilsək... Ehtiyacımız olanı qarşı tərəfə ötürməkdən çəkinməsək. “Sonra əleyhimə dönərmi?” qorxusu ilə hisslərimizi öz içimizdə həbs etməsək, həyat necə də yaşanılması rahat və hüzurlu bir hal alar.

 

İmtahanların ixtiyarı Yaradandadır, hikmətindən sual olunmaz. Amma biz ixtiyarımızda olanları sahmana salsaq, özümüz özümüzə maneələr çıxarmasaq həyatın əsas qayəsi ilə məşğul olmağa gücümüz də, taqətimiz də olar.

 

Bu gün cəmiyyətin əksəriyyəti – istər gənc, istər orta nəsil – narahatdır. Lakin narahatlıqla kifayətlənmək yetərli deyil. Narazılığı aradan qaldırmaq üçün söz yox, əməl gərəkdir, əmək gərəkdir. Bəhrəsini gördükdə isə sevinmək gərəkdir. Söz əməl deyil. Söz uçub gedər, əməl qalar. Söz niyyətin səsli formasıdır, niyyət isə əməl ilə isbat olunmalıdır. Əks halda bu, sadəcə boşuna sərf olunan nəfəsdən başqa bir şey deyil.

 

Dəyərli oxucular, gəlin yarışaraq deyil, yaşayaraq yaşlanaq. Bu haldan narazı ikən bizdən sonrakı nəsillərə heç olmasa az da olsa dəyərli bir miras buraxaq. Keçmiş yazılarımdan bir cümlə ilə bitirmək istəyirəm: Elə yaşa ki, bu həyatda faydalı izin qalsın, yaşadığına, yaşayaraq bitirdiyin ömrə dəysin.

 

Lamiyə Hacıyeva (Eminova)

Bütün Gürcüstan Müsəlmanları İdarəsi Qadınlar Şurasının sədri