Qadın olmaq təkcə ölkəmizdə deyil, dünyada da bir sıra çətinlikləri özündə cəmləşdirir. Bu çətinliklərin əsas mənbəyi təəssüf ki, cəmiyyətlərin eyni hekayələri tsiklik əsaslarla öyrənmələri və təkrarlamalarıdır. Cəmiyyətdə bəzi cinsiyyətçi yanaşmalar və davranışlar qadınları daha çox ikinci plana salır.

 

Niyə əksər qadınlar dünyaya ikinci dəfə gəlsəydilər kişi olmaq istədiklərini deyirlər? Bunu heç düşündünüzmü? Bəlkə bu fikir “mən kişiyəm, mənə hər şey olar” adlı yanlış düşüncə ilə əlaqədardır? Evdə, küçədə, məktəbdə və ümumiyyətlə hər yerdə bir qızın və ya qadının yad adama cavab verməməsi, “mən azad fikirliyəm” düşüncəsində olmaması və bir çox belə şeylər... Ailə qurduğu zaman günün istənilən saatı həmin ailədə hamının qulluğunda durmalı, istirahət etmək istəsə belə “evdəkilər nə deyərlər” düşüncəsində olub dayanmadan işləməli, hər yerə qaçmalı, dünyaya gətirdiyi övladlarının adının qoyulmasından tutmuş onların həyatlarının ən vacib qərarlarında belə ən sonuncu söz sahibi olan, etirazı olsa belə susub göz yummağa məcbur qalan, üstəlik bütün bunların içərisində özünə qulluq etməli, baxımlı olmalıdır.

 

Qadınların həyatı həqiqətən çətindir. Cəmiyyətlər qadınların həm evdə, həm də iş yerində aktiv bir rol oynamalarını gözləyirlər, lakin bu, həmişə mümkün olmaya bilər. Təəssüf ki, qadınlar bu cür hallarda psixoloji zorakılığa məruz qala bilərlər. Kədərli görünməməli, hər zaman gülərüzlü olmalı, yaxşı görünməli, etiraz etməməli, etiraz edərsə nankor hesab edilə bilər. Nə qədər yorğun olsa da, tənbəl olduğunu düşünməsinlər deyə bir şey deməməli, göstərməməlidir.

 

Məncə, qadınlar hamını sevməliyəm və qayğısına qalmalıyam düşüncəsini dayandırmalıdırlar. Özünüzü sevməyi kəşf edin, özünüzlə müsbət münasibət qurmaq güclü və təsdiq olunmuş bir yoldur. Bəzən yalnız özünüzlə vaxt keçirin, tək vaxt keçirmək hər kəs üçün fərqli bir şey ifadə edə bilər: düşünmək, kitab oxumaq, bir fincan qəhvə içmək, bir sözlə, özünüzlə vaxt keçirmək özünüzü dinləmək üçün, “mən nə istəyirəm” sualına cavab tapmaq üçün yaxşı bir fürsətdir. Həqiqətən yaxşı olduğunuz və irəliləyə biləcəyiniz bir sahə tapın. Sizi maraqlandıran bu şeyi həyatınızın rutininə çevirin. Bu, rəsm, yoqa, rəqs dərsləri, əl işləri və s. ola bilər. Özünüzlə barışın: fiziki xüsusiyyətləriniz, iqtisadi durumunuz, təhsiliniz və s. əvvəlcə bütün keyfiyyətlərinizi qəbul edin və sonra onlara sahib olun. Sevmədiyiniz şeylərə etiraz etməyi bacarın. Özünüzü dəyərsiz hiss etdirən şeylərdən uzaq olun. Dəyərsizlik hissi doğuşdan yaranmır, başqalarının bizə qarşı davranışı ilə formalaşır. Siz dəyərsiz deyilsiz. Hər kəsə bəllidir ki, dünyanın başlanğıcı və sonu qadınlarla bağlıdır.

 

Yuxarıda göstərilən bütün aktivliklər özünüzlə barışmaq və özünüzü sevmək üçün atacağınız faydalı addımlar ola bilər. Unutmayın ki, özünüzü sevməyin ən yaxşı yolu özünüzə qarşı mehriban olmaqdır.

 

Nərgiz BAĞIRLI