“Şahmatda ən çətin şey – səhvlərinizdən dərs almaqdır”. “Şahmat yalnız rəqiblə deyil, həm də öz beyninizlə mübarizədir”.

 

Son illərin ən güclü şahmatçılarından biri olan Vişvanatan Anandın bu sitatlarını oxuduqdan sonra şahmat oynamağı qərara almışdım, amma şahmat taxtasının 8x8 ölçülü, 64 xanadan ibarət olduğunu, iki oyunçu arasında oynanıldığını və hər bir oyunçunun payına 16 fiqurun düşdüyündən başqa, demək olar ki, heç nə öyrəşə bilməmişəm. Daha sonra baxdığım bir müsabiqədə şahmat taxtasının üzərindəki fiqurların adını (8 piyada, 2 fil, 2 at, 2 qala, 1 vəzir və 1 şah) öyrənmişəm.

 

Oyunun analitik düşünmə qabiliyyətini artırdığını, problem həll etmə bacarığını gücləndirdiyini, yaddaşı və konsentrasiyanı yaxşılaşdırdığını, səbir və dözümlülük kimi keyfiyyətləri inkişaf etdirdiyini, bir sözlə, insanın intellektual inkişafına böyük təsiri olduğu elm adamları tərəfindən sübut edilmişdir. İstədim ki, oynamağı öyrəşim, bu qədər faydalı oyunun necə oynanıldığını mən də bilim, ancaq yaxın çevrəmdən kimdən soruşsam da, mənə bu oyunu öyrədəcək heç kəsi tapa bilmədim. Mən də düşündüm ki, ilk öncə araşdırım, daha sonra öyrənərəm. Beləliklə, başladım Stefan Sveyqin “Şahmat” kitabını oxumağa. Oxuyub bitirdikdən sonra əsəri öz beynimdə analiz edərkən şahmatın insan həyatı ilə əlaqəsini dərk etdim.

 

Şahmatın həyatla əlaqəsi dərin və mənalıdır. Bu qədim oyun, sən demə, sadəcə bir əyləncə və ya idman növü deyil, həm də həyatın prinsiplərini əks etdirən simvolik bir modeldir. Şahmat taxtasındakı gedişlər, seçimlər və strategiyalar, insanların gündəlik həyatda qarşılaşdığı çətinliklər və qərarlarla çox oxşardır.

 

Həyatda uğur qazanmaq üçün məqsədlər təyin etmək və onlara çatmaq üçün plan qurmaq lazımdır. Şahmatda da eyni prinsip keçərlidir, oyunçular hər bir gedişi diqqətlə planlaşdırmalı, qarşı tərəfin addımlarını əvvəlcədən düşünməlidir. Bu, həyatda da irəliləmək üçün düzgün strategiya qurmağın vacibliyini göstərir.

 

Şahmat səbir tələb edir. Bir anda qərar verib tələsik gediş etmək məğlubiyyətlə nəticələnə bilər. Həyat da buna bənzəyir, hər bir qərar yaxşıca düşünülməli, nəticələri əvvəlcədən təxmin edilməlidir. Tələsik qərarlar adətən mənfi nəticələrə səbəb olur.

 

Şahmatda bəzən qalib gəlmək üçün bəzi fiqurları qurban vermək lazımdır. Bu, həyatda da tez-tez qarşılaşdığımız bir həqiqətdir. Böyük məqsədlərə çatmaq üçün kiçik güzəştlərə getmək və ya müəyyən şeylərdən imtina etmək gərək ola bilər.

 

Həyat daim dəyişir və insan bu dəyişikliklərə uyğunlaşmalıdır. Şahmatda da oyunçular hər bir gedişdə mövcud vəziyyəti yenidən qiymətləndirir və strategiyasını uyğunlaşdırır. Bu bacarıq həyatda da mühüm əhəmiyyət daşıyır.

 

Şahmatda hər bir fiqurun özünəməxsus rolu və əhəmiyyəti var. Həyatda da hər bir insanın cəmiyyət üçün müəyyən bir rolu və dəyəri mövcuddur. Kiçik bir piyada belə şahmatda böyük təsir gücünə malik ola bilər, həyatda da hər kəsin öz töhfəsi vacibdir.

 

Şahmat oyunçusu yalnız cari vəziyyətə deyil, eyni zamanda gələcəkdə baş verə biləcək addımlara diqqət yetirir. Bu, həyatda da uğurlu olmaq üçün lazımlıdır. Uzaqgörən olmaq və uzunmüddətli təsirləri hesablamaq həyatda irəliləyiş üçün vacibdir.

 

Həyat kimi, şahmatda da hər zaman qələbə qazanmaq mümkün deyil. Məğlubiyyətlər oyunçunun zəif tərəflərini göstərir və gələcəkdə daha yaxşı olmaq üçün bir fürsət yaradır. Həyatda uğursuzluqlar da eyni şəkildə insanı gücləndirir və dəyərli təcrübə qazandırır.

 

Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itirib yenə də oyunda qalib ola bilərsən.

 

İnsanın şahmatdan dərs alması həyatı daha yaxşı anlamağa və idarə etməyə kömək edir. Bu, özünüdərk, səbir, strategiya qurma və qərar qəbul etmə kimi bacarıqlarınızı inkişaf etdirməyinizə səbəb olur. Şahmat sadəcə oyun deyil o, həyatın bir modeli və həyat dərsləri üçün əvəzolunmaz bir mənbədir.

 

Qısacası, şahmat həyatın miniatür modelidir. Bu oyun bizə öyrədir ki, hər bir addım vacibdir, hər bir qərar nəticələr doğurur və uğur qazanmaq üçün səbir, planlama və iradə tələb olunur. Şahmat taxtasındakı hər gediş həyatın dərin dərslərindən biridir. Şahmat təkcə oyun deyil, həm də zəka, strateji düşüncə və həyat dərsləri ilə dolu bir dünyaya aparan yoldur.

 

Həyat da şahmat oyunu kimi, səhvlərimizdən dərs alaraq irəliləmək üçün bizə bir şans verir. Hər bir gedişin arxasında gizlənən hikmət bizə düzgün qərarların, səbirin və strategiyanın gücünü xatırladır. Unutmayaq ki, ən çətin döyüşlər belə ağılla, iradə ilə və yorulmadan irəliləməklə qazanılır. Şahmat taxtasında olduğu kimi, həyatda da hər birimiz öz oyunumuzu qururuq. Bu oyunda qalib gəlmək üçün ən vacib şey inadla və iradəylə mübarizə aparmaqdır.

 

Aytən FƏTULLAYEVA