Su çərşənbəsində suyumuz gəlmədi... Arzularımızı, diləklərimizi danışmağa su tapmadıq; arzularımız, diləklərimiz yenə dilimizin altında düyünlənib qaldı, üstündən su içib udmaq üçün yenə mağazadan benzin qiymətinə su alası olduq. Dünyanın yetmiş faizdən çoxu su olsa da əl-üzümüzü yumağa bir litr su tapa bilmədik; hamamların kafel-metlağı cadar bağladı, unitazların boğazı susuzluqdan quruyub qaysaqladı, dərdimizi danışmağa nə axar su tapdıq, nə durar su...

 

Hamı da vedrəsinin, çaydanının, dolçasının dibində qalmışdan ağzına su alaraq susdu, elə bil ki, elə belə də olasıdır, ağzımıza su alıb qiyamətə qədər susasıyıq, elə qiyəmətə qədər suyumuzu kəsənlərlə aramızdan su keçəsi də deyil, sanki hansısa görünməyən sirli əl dədə-babadan aramıza su səpib, özü də elə səpib ki, yar gələndə toz olmasın. Bir nəfər də durub boğazında düyünlənmiş qəzəbi, hirsi, dilinin ucunda yığılıb qalmış etirazı ağzında saxladığı suyla bərabər boşaldaraq, tüpürərək suyu kəsənlərin aşının suyunu verməyə cəhd eləmir. Suyun günlərlə, həftələrlə verilməməsini hamı elə rahat, elə sakit qarşılayır, qəbul edir ki, suyu kəsənlərin də suyu kəsdikləri yadlarından çıxır, nə vaxtsa suyun veriləcəyi də. Qıraqdan baxan da deyər ki, hər iki tərəf də aydan arı, sudan durudur, sən niyə ayın-ilin bu vaxtı suyu bulandırırsan ki...

 

Gözümün suyu yaşa çevriləndən bəri eşidirəm ki, suyumuz 24 saat olacaq, üstündən 24 il ötsə də üzündə su olmayanların vəd etdikləri bu vaxtın yarısından da az su görürük, o da Allah kəssin (Allah kəsməsə də bəndə kəsir). Mənim bu 24 saat söhbətindən onsuz da gözüm su içmirdi. Suyumuzun 24 saat verilməsinin su üstündə ocaq qalamaq kimi bir zad olmasını hamımız çox yaxşı bilirik və onu da bilirik ki, sakit oturub bu cür nağıllara qulaq asmaq evlərimizə xəlbirlə su daşımaqdır.

 

Çox suların durulduğu bir vaxtda ağzına su alıb susaraq düşmənin dəyirmanına su tökmək əlini isti sudan soyuq suya vurmayanların, qara sudan qaymaq tutanların, hamam suyu ilə dost tutanların işidir. Onlarla bizim arxımızın suyu bir yerdən axmadığına görə bir suyumuz onlara oxşamamalıdır da. Nə qədər ki, suyumuzu kəsən idarənin yerinə su calamayacağıq, yurduna su ələməyəcəyik, üzünün suyunu tökməyəcəyik, suya salıb-çıxarmayacağıq, sudan quru çıxmağa imkan verməyəcəyik, sıxıb suyunu çıxarmayacağıq, otunu-suyunu verməyəcəyik bu xəmir hələ çox su aparacaq. Gərək qiyəmətə qədər oturub taleyimizlə barışaraq yelkəni suya salaq, suyumuzu kəsənlər də bu su sükutundan yararlanıb, suyun dibinə yatıb, südə su qataraq su pulunu yeyib üstündən də su içsinlər... Axı çullarını sudan quru çıxartmaq üçün suyu üfürə-üfürə içirlər, bilirlər ki, bizlər heç vaxt su içdiyimiz quyuya tüpürməyəcəyik, elə buna görə də saman altından su yeritməklə məşğuldurlar.

 

Keçəl suya getməz! Qanı su ilə yumaq olur. Axı su murdarlıq götürməz deyiblər. İkinci çərşənbənin Od çərşənbəsi olduğunu da yəqin bilirsiniz artıq. Su olmayan yerdə odla oynamaq təhlükəlidir. Yəqin onu da bilirsiniz ki, odu su ilə söndürmək olur...

 

Azər MUSAOĞLU