Vəzifə – vəzifədir, kreslonun növü, adı, otağın böyüklüyü fərq etmir. Əsas odur ki, o kresloda düzgün oturmaq bacarığı olsun. Yıxmaq, dağıtmaq üçün yox, qurmaq, düzəltmək, gələcək nəsillərə nəsə buraxmaq üçün otur. Amma bu gün elə insanlar tanıyıram ki, sırf kreslo sevdasına düşüb, o kresloya oturan kimi dəyişiblər.
Məsələn, Tbilisi Dövlət Azərbaycan Peşəkar Dram Teatrında kreslosuna sarılıb oturan bədii rəhbər kreslonu buraxmaq istəmir. Kresloya əyləşən kimi “mən rahat işləmək, heç kimlə bölüşmədən yemək istəyirəm” deyib bütün işçiləri işdən çıxartdı. Nəticədə bu gün tarixi binamız, mədəniyyətimizin beşiyi, teatrımızın ilk qurulduğu yer bərbad vəziyyətə düşüb. Amma ən acısı bilirsən nədir? Cəmiyyət hələ də onu görmür, daha doğrusu, görməzdən gəlir.
Nə isə, gələk əsas məsələyə. Keçənlərdə “Vəzifə” adlı qısa bir videoçarx hazırlamışdıq. Gərçi bu iş bir çox adamın xoşuna gəlmədi. Niyə? – Çünki bəzilərinin vəzifəyə gəlməsi, məhz həmin videoçarxdakı aktyorun canlandırdığı obrazla birə-bir üst-üstə düşürdü.
Bir çox adam nəinki öz vəzifəsini, hətta vəzifəyə təyin olunan şəxslər belə üzərlərinə düşən vəzifənin mahiyyətini və tələblərini bilmirlər. Məsələn, bizdə tibb bacısı məktəbdə müəllim işləyir, keçmiş polis işçisi mədəniyyət sahəsində aktyora dərs keçir. Bizdə aktyor səhnəsiz, yazıçı oxucusuz qalıb. Bizdə iki bənd şeir yazana şair, mollaya isə müəllim deyirlər. Çünki bizdə hər şey tərsinədir, heç kim öz işini görmür. Məncə, hər insan öz bildiyi işi görməlidir. Yəni hər işə uzun burnunu soxmamalıdır (fındıq burun da ola bilər).
Gələk vəzifə videoçarxımıza. Həkimin yanına gələn Yaşar bəy öz analizlərinin cavabına baxmaq istəyir. Həkim nəticələrə göz gəzdirəndə təəccüblənir, bir anlıq susur, dərindən nəfəs alır. Bu, Yaşarı çox qorxudur. O, Tofiq həkimdən soruşur:
– Nə olub, doktor? Niyə belə dərindən of çəkirsiniz? Mənim xəstəliyimin səbəbi, adı nədir?
Həkim sakitcə cavab verir:
– Sizin xəstəliyinizin adı “vəzifə”dir.
Bəli, bu gün bir çox insanın xəstəliyi məhz vəzifədir. İllərlə çırpınıb kiminsə maşası olanlar var. Düşünürlər ki, nə zamansa onlara da vəzifə veriləcək. Və o gün gələndə bilmirlər ki həmin adamların dediyi ilə oturub-duracaqlar. Bəziləri elə düşünür ki, bu partiya alınmadı, keçim digər partiyaya, bəlkə orada nəsə düzələr. Xeyr, elə deyil. Oradan-bura, buradan-ora keçməyinizin əsas səbəbi bəllidir: “vəzifə”. Çünki bəzilərinizdə xalq yox, kreslo sevgisi var.
Kreslo demiş, bizdə vəzifəyə gəlməmişdən öncə oturacağı kreslo haqqında plan qurur. Görəsən, necə yeyəcəm? Hansı obyekti öz üzərimə keçirəcəm? Hansı torpaq sahəsini alacam?.. Bizdə “vəzifə xəstəliyi” məhz bu kriteriyalarla ölçülür. Bizdə çoxları vəzifəyə gələndə bədən ölçüsü S (slim) olur, amma bir ildən sonra XXL-ə çevrilir. Bir də, bizdə seçkilərdən sonra hamı birdən-birə siyasi ekspertə çevrilir və mədəniyyətdən çox siyasəti izləyir.
Bizim bölgədə hələ görməmişəm ki, kimsə mədəni səhifələri, teatrı, rəsm sərgilərini izləsin. O bir yana, hətta, sosial şəbəkələrdə mədəniyyət qruplarında belə siyasi xəbərlər paylaşılır: “Filan partiya uduzdu”, “Jalə xala seçilmədi” və sair. Hətta xəbər saytlarının mədəniyyət bölməsində belə siyasətçilərdən yazılır. Adamdan soruşarlar: bəs bu ölkədə heç mədəni tədbirlər olmurmu? Heç sərgilər, filmlər, kitab təqdimatı, tamaşalar keçirilmirmi? Əlbəttə, olur, keçirilir, amma bu xəbərlər çox vaxt saytların reytinqini aşağı salırmış, sən demə. Çünki kütləyə ayfonun neçəncisi çıxdı, kimin qızı kimə qoşulub qaçdı kimi “xəbərlər” maraqlı gəlir, mədəniyyət xəbərləri yox. Niyə biz hər zaman kütlənin istədiyini verməliyik? Olmazmı arada o kütləyə mədəniyyətimizi də təbliğ edək?
Binəli İSLAMOĞLU