HƏYAT DƏRSLƏRİ
29. QÜRBƏTDƏN GÖRÜNƏN VƏTƏN
Dünyanın ölçüləri inanılmaz dərəcədə kiçilib. Az qala dünya bir məktəbli qlobusu böyüklükdə kiçik maketə çevrilib, ovuc içinə yerləşəcək bir kürəyə dönüb. İnsan beyninin təxəyyül imkanlarının, xəyal qurmaq bacarığının sərhəd tanımadığını, artıq bu sərhədlərin silindiyini bir kənara qoyub, insan beyninin davamı kimi görünən müasir texnologiyaların sürətli inkişafını, nəqliyyat vasitələrinin sıçrayışlarla irəliləyişini qabartsaq mənzərəni aydın təsəvvür etmək olar. Dünyanın ölçülərinin kiçildiyini bir anda min kilometrlərlə səndən uzaqlarda baş verən hadisələrdən xəbərdar olman, qısa müddətdə minlərlə kilometrlik məsafəni qət etmən daha yaxşı təsdiqləyər. Sürət, inkişaf dünya adlı bu məkanı kiçiltməkdə, insanları kiçik bir qazanda qaynadırmış kimi, heç bir fərq qoymadan, ağına-qarasına baxmadan bir-birinə qarışdırmaqdadr. Bütün bunlar qloballaşmanınmı əlamətləridir?
İnsan Vətən dediyi yerlərdən, doğmalarından qopmaq məhkumiyyətini yaşamaqdadır. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacağı gözləniləndir. Vətən coğrafiyasından ayrı düşən insan qərib, düşdüyü yeni coğrafiya isə qürbətdir. Düzdür, klassik anlamda qərib sayılmasan da, düşdüyün yer qürbətdir. Bunun başqa adı yoxdur. Tərki-vətənliyin insana nələr yaşatdığını yalnız qürbətə düşənlər anlada bilər. Nədən ki, daş düşdüyü yerdə ağırdır.
O dövr deyil ki, yaz-payız üzü qürbət göylərinə baxıb Vətənin, Vətəndə qalanlarının əhvalını “üçtelli, beştelli durna”lardan xəbər alasan və ya axıb gedən buludlardan soruşasan. Əsən küləklərdən, məsələn, badi-səbadan, sevdiyinə xəbər göndərmək dönəmi də arxada qalıb. Nə qədər sosial şəbəkələr, məsələn, votsap, feysbuk, instaqram xəbərlər gətirsə də, bu xəbərlər nə qədər səsli, görüntülü olsa da, sən qərib, oturduğun yersə qürbətdir. Sən sevdiklərinə toxuna bilmirsənsə, bağrına basıb ətirlərini bir udum dağ havası tək içinə çəkmək imkanın yoxdursa, sənin bircə adın var – qərib. Vətənin havasını ala bilməmək, onun ağ-qara təsvirini canlandıran yuxularından yarımçıq oyanmaq qəribin qorxularıdır. Bəzən bizim ağzıgöyçəklərdən birinin dediyi “adam da elindən-obasından ayrılarmı” sərsəmləməsinə isə cavab vermək belə artıqdır. Hərənin qürbət yollarını tutmasının bir səbəbi var. Bunu bilənlər bilir.
Mənim doğma yurdum Gürcüstanın şərqində yerləşir. Tarixən Qarayazı, bu gün Qardabani adlandırılan, öz xüsusi ənənələri olan bir eldir. Bu elin adı həmişə qoşa çəkilən qədim-qayım kəndləri – Nəzərli və Kosalı mənim uşaqlığımın və ilk gəncliyimin, bir qədər fasilələrlə ömrümün böyük hissəsini keçirdiyim yerlərdir. Qədim Tiflisin beş addımlığında yerləşən bizim elin insan coğrafiyası çoxşaxəlidir. Bəlkə də dünyanın əksər ölkələrində bizim elin nümayəndələrinə rast gələ bilərsən. Dolanışıq ucbatından yerini-yurdunu tərk edənlərin sayı günbəgün artmaqdadır. İqtisadi keçimsizlik səbəbindən eli tərk edənlərin yarı canı həmişə çıxdıqları bu məkanda qalır. Dünyanın harasına getsələr də, ruhları ilə doğulduqları bu torpaqlara bağlıdırlar, bu torpaqla nəfəs alırlar.
Hərəni bir səbəb doğma yurdundan qoparıb ayırır. Kimini keçimsizlik, kimini karyera, kimini şəhərli olmaq istəyi, kimini yalan, kimini doğru tərki-vətənə çevirir. Kimi də qonşudan dala qalmamaq, “o, getdi, mən niyə getməyim” prinsipilə yola çıxır. Cüzi bir qismi isə macərapərəstliyi qürbət yollarının yolçusu edir. Nə demək olar. Bu həyat bir sapand, biz də o sapandın daşları. Hara istəsə atır, biz də istəmədən həyat adlı sapandın atdığı yerə düşürük. Bunu bir tale oyunu, bir alın yazısı kimi dəyərləndirir, yazılanların qürbət dönəmini yaşayırıq.
Mənim qürbət həyatımı da belə yozmaq, belə dəyərləndirmək olar. Kimi bunu ömrümün ən gözəl dövrü hesab edib, məni bəxtəvər də saya bilər. Bir başqası da məni eldən çıxdığıma görə qınaya bilər. Kimi bunu mənim ağılsızlığım və ya doğru qərarım da saya bilər. Hər kəsin fikrinə, necə düşünməsindən asılı olmayaraq, sayğım sonsuzdur. Bunu tam səmimiyyətimlə deyirəm. Amma heç kim mühacirlikdə keçən günlərə görə, bu könüllü sürgünə görə kimsəni qınamamalıdır. Qürbətə düşməyən qürbəti bilməz. Sadəcə öz təsəvvüründə canlandırdıqlarını söyləyə bilər. Ailədən, doğmalardan uzaqlarda yaşamanın sıxıntısı insanın ömrünü bir heçə döndərir, həyatının qürbətdə keçən günlərini mənasız edir. Bunu öz acı təcrübəsində yaşamış adamlardan sorsan, daha gözəl anlatmazlarmı? Bu adamların gözlərində gizlənmiş kədəri, üzlərinə hopmuş sirli həyacanı oxumaq üçün də psixoloq-filan olmağa gərək yox. Bir insani baxış, insani diqqət bunları oxumaq üçün yetərlidir.
Dünya bütün bəşəriyyətin ümumi evidir. Onu çoxotaqlı bir saraya bənzətsək, hər bir insanın Vətənini də o sarayın otaqlarından biri saya bilərik. Getdiyimiz ölkələri isə həmin sarayın qonaq otağı adlandırmaq olar. Bu fikirlərimi kosmopolit düşüncə də saya bilərsiniz.
İnsanın Vətənini tərk etməsinin, caleyi-vətən olmasının dürlü səbələri olmamış deyil. Dini, mədəni, siyasi, iqtisadi nədənlərlə didərgin düşənlərin sayı hər il durmadan artmaqdadır. Doğma yurdunu tərk edən insan mühacirə, miqranta çevrilir. Tərketmə səbəbinə görə qaçqın, köçkün də adlandırıla bilər. Doğma yurdu tərk etdikdən sonra necə adlandırılmağın nə əhəmiyyəti var axı? Yerini-yurdunu tərk edib miqranta çevrilən adamın yeni düşdüyü mühitə, coğrafiyaya adaptasiya olunması, alışması zamana bağlıdır. Biri bu prosesi sürətlə keçir, uyğunlaşma prosesi ona asanlıqla başa gəlir və düşdüyü yerdə özünü evindəki kimi hiss edir, özünü yeni mühitin ayrılmaz bir üzvü kimi göstərir, günüm harada yaxşı keçir, ora mənim vətənimdir deyərək, özünü dünyanın bəxtəvərlərindən sayır. Bir başqası isə, bütün bunları ağrı, dərd-qəm, ahu-zar içərisində keçirməli olur.
Mühacir özünü – dinini, əxlaqını, məişətini, mədəniyyətini yeni mühitə uyğunlaşdırmalı, yeni mühitin tələbinə uyğun hərəkət etməlidir. Müxtəlif səbəblərdən miqranta çevrilən insan üz tutduğu yerlərə təkcə quru bədənini deyil, mənəvi dəyərlərini də – milli mədəniyyətini, əxlaqi dəyərlərini, dini inancını – tanrısını, peyğəmbərini də aparmalı olur. Onillər ərzində o, dilinin, dininin, mətbəxinin, musiqisinin və s. bir qismini itirir, bunların üzərinə fərqli elementlər əlavə olunur. Miqrant öz maddi-mənəvi dəyərlərindən düşdüyü mühitə də ötürə bilir. Düzdür, bu ötürmə passiv, zəif görünə bilər, nəzərəçarpacaq dərəcədə olmaya da bilər, amma varlığı danılmazdır. Qarşılıqlı şəkildə baş verən bu proses “sənin-mənim”, “yerli-gəlmə” prinsiplərinin silinməsi görüntüsü də yarada bilər.
Ancaq bütövlükdə bu prinsiplərin aradan qalxması üçün yetərli olmaz. Yeni mühitdə baş verən siyasi qarşıdurmalar, iqtisadi böhranlar zamanı bu prinsiplərin sadəcə müvəqqəti olaraq unudulduğu meydana çıxar, miqrantlara gəlmə olduqları xatırladılar. Onların yerli mədəniyyətə, yerli dinə təhlükə yaratdıqları bəyan edilər. Bəzən vətəndaşlığı olsa da, hələ də yerlilər üçün qonaq-gəlmə hesab edilənlərin yerliyə – ev sahibinə irad bildirməsi, sadə dillə desək, ona ağıl öyrətməyə cəhd etməsi, özünü gəmiçi, vətənini gəmi hesab edən yerlinin qəzəbinə də səbəb ola bilir. Ox yaydan çıxır. Onillər bundan qabaq gəlsələr də, hələ də hər məqamda gəlmə olduqları xatırladılanların ev sahibinin kim olmasını unutmaları, ona gəmini başqa cür idarə etmək yöntəmlərinin də olduğunu bildirmələri dönüşü olmayan qarşıdurmalara, münaqişələrə də gətirib çıxara bilər. Yəni belə ehtimalların ola biləcəyini də unutmamaq gərəkdir.
Bir-iki örnək verməklə fikrimi davam etdirim. Qədim Romada plebeylərin patrisilərlə yüzillər boyu davam etmiş qarşıdurmasını xatırlayın. Roma vətəndaşlığı almaq üçün aparılan mübarizənin gedişində nə qədər qanlar axıdıldığını təsəvvür etmək belə çətindir. Afro-amerikanların Amerikaya gəlişləri Avropa mənşəlilərdən qısa bir müddətə sonraya təsadüf etsə də, aradan yüzilliklər ötüb keçsə də, qanunla irqi ayrı-seçkilik ləğv edilsə də həyatda qaraların ağlara nisbətən ağır durumda yaşamaları, diskriminasiyalara məruz qalmaları danılmazdır. Elə ABŞ-ın Minnepolis ştatında polislərin boğaraq öldürdükləri qaradərili Corc Floyd hadisəsi dediklərimizi təsdiqləmirmi? Bütün bunlar dünyanın elə başdan bu cür qurulduğunu, insanın insana münasibəti şəkilcə dəyişsə də, mahiyyətinin dəyişmədiyini sübut etmək üçün yetərlidirmi?
Bəzən bu münaqişələrin qəsdən yaradıldığı, bilərəkdən ortaya atıldığı, hansısa mərkəzdən idarə olunduğu da danılmazdır. Nədən ki, bunu ortaya atanlar bulanlıq suda balığın daha tez tora düşdüyünü də bilməmiş deyillər. Xaos, qarışıqlıq yaradıb, onu idarə etməyi də əla bacaranlar, sudan quru çıxmağın yollarını da yaxşı bilirlər. Ölkəni idarə edə bilməyən iqtidarların milli zəmində qarşıdurmalar yaratmaqdan çəkinmədikləri də tarixi təcrübədən bəllidir. Siyasi idarəetmə vasitəsi kimi tarix boyu dəfələrlə sınaqdan keçirilmiş köhnə metoddur. Bu gün də istifadə olunmaqdadır. Ölkədə baş qaldıran problemləri həll edə bilməyən siyasi qüvvələr milli-dini, irqi ədavəti qızışdırmaqla xalqın diqqətini əsas problemdən yayındırmağa çalışır, xilas yolunu insanları bir-birinə qarşı qoymaqda axtarırlar. Bunun üçün ölkədə sayca üstün olan etnosa ünvan da işarə verirlər. Məkrli yollarla ölkədə həllini gözləyən problemlərin milli-dini azlıqlardan qaynaqlandığını ortaya atırlar. Belə desək, oğru yadına daş salırlar. Çanaq adətən milli azlıqların başında çatlayır. Bu üsulla siyasi dairələrin vaxt qazanmaq, düşdükləri çətin vəziyyətdən xilas yolları aramaq istədikləri bəlli olur. Hətta bu yolla onlar özlərinin xilaskar obrazlarını da dizayn edir, itirdikləri nüfuzu bərpa edə bilirlər. Qədim Romada, Çar Rusiyasında, onun varisi SSRİ-də mövcud olmuş bu idarəetmə metodu müsair Afrika ölkələrində, Çində bu gün də davam etdirilməkdədir.
(davamı burada)
Afiq MUXTAROĞLU
Niderland