İllərdir elə eyni havaya oynayırıq, eyni havaya züy tuturuq. Kimsə bir söz deyir, biz də o sözü uzada-uzada cümlə edirik, dastana çeviririk. Heç soruşan olmur ki, ay həzərat, bəlkə bu sözdə həqiqət yoxdur, uydurmadır, bu deyilənin doğru olub-olmadığını kim yoxlayıb axı.
Burada birələrlə bağlı təcrübə yadıma düşür. Deməli, birələri şüşə bankaya salıb bankanın ağzını da şüşə qapaqla örtürlər. Üç gündən sonra bankanın ağzını açırlar və birələr yenə də şüşə qapağın səviyyəsində hoppanırlar, bankadan çıxa bilmirlər, halbuki birələrin daha hündürə hoppanaraq bankadan çıxmağa imkanları var. Təcrübənin təəccüblü tərəfi isə ondadır ki, birələr üçcə günə (!) həm özləri ömür böyu bankanın səviyyəsindən hündürə tullana bilmirlər, həm də həmin birələrdən törəyən yeni nəsil.
Niyəsə mənə elə gəlir ki, Qardabani də bir zamanlar böyük bir şüşə bankaya salınıb və bankanın şüşə qapağı bir müddət bağlı saxlanıldıqdan sonra açılsa da, biz hələ də onu bağlı bilirik. Elə təəssürat yaranır ki, sanki hansısa sirli bir əl (bəlkə də əllər) qapağın açıldığını bilməyək deyə bankanın ağzını tutur.
Tutur ki, şüşə tavandan hündürə hoppanmayaq, bankadan kənara çıxmayaq, artıq şüuraltımızda stereotipə çevrilmiş, daşlaşmış, qəlibləşmiş qavrayışımızı, həyat tərzimizi, mühitimizi dəyişməyək, inkişaf etməyək, yeniliklərdən qaçaq və sair.
Sanki kiməsə tapşırılıb ki, bu şəhəri bütün ölkənin gözündə passiv, işbilməz, yarıtmaz, təhsilsiz, mədəniyyətsiz, təşkilatsız, çayxanalarda ömür çürüdən, qumarxanalarda ömür uduzan, idarələrdə ömür uzadan kimi göstərsin və bizlər də Frederik Şopenin “Matəm marşı”na oxşayan bu musiqiyə züy tutaraq mürgü döyməklə məşğul olaq.
Sanki kiməsə tapşırıq verilib ki, bu şəhərdə hansı küncdə bir işıq gördün söndür, harada bir istedad gördün öldür, harada bir inad (yaxşı mənada) gördün öz taxtında ona da yer ver, amma başının üstündən də “Domokl qılıncı” as, qoyma şüşə tavandan hündürə hoppansınlar, özün onlardan qabaq hoppanmamış “hop” de ki, onlardan qabaq səni eşitsinlər, səni alqışlasınlar, sənə medal versinlər. Özü də, şüşə tavandan hündürə hoppanma, yoxsa qapağın olmadığını bilib səndən güclülər, səndən istedadlılar, səndən bacarıqlılar səndən də hündürə hoppanarlar.
Burada bir haşiyə çıxım ki, bilməyənlər də bilsinlər. Qardabanidə yeni uşaq teatrı yaradılıb. Özü də bu uşaq teatrı Gürcüstanda ilk azərbaycandilli müstəqil uşaq teatrıdır. “BEEZ” Uşaq Teatrını Tiflis teatrından haqsız olaraq işdən çıxarılan istedadlı aktyor, rejissor Binəli İslamoğlu öz bacarığı və sevgisi ilə ərsəyə gətirib. Ətrafına da peşəkar aktyorlardan heç də geri qalmayan istedadlı, bacarıqlı uşaqları toplayıb. Teatr fəaliyyətə başlayan kimi də Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin elan etdiyi müsabiqəyə layihə təqdim edərək qaliblərdən üçüncüsü oldu. Layihəyə əsasən, tanınmış gürcü klassiki Vaja Pşavelanın uşaqlar üçün yazdığı “Meşə komediyası” pyesi Azərbaycan dilinə tərcümə edilərək tamaşaya qoyuldu və bölgələrdə nümayiş etdiriləcək. Eyni zamanda pyes kitab şəklində də nəşr olunacaq. Tamaşanın rejissoru da Binəli özüdür. Bu yaxınlarda tamaşa Qardabaninin Mədəniyyət Evində nümayiş etdirildi. Zal tam dolmuşdur, çox adam ayaq üstə izləməli oldu, elə bir o qədəri də yer olmadığı üçün izləyə bilmədi.
Yəni Binəli İslamoğlu bankadan hoppanıb çıxa bildi və onun teatrının istedadlı və bacarıqlı balaca aktyorları da ondan daha hündürə hoppanacaqlar, çünki bankanın qapaqsız olduğunu artıq bilirlər.
Yəni “camaat teatra getmir” söhbəti bankanın qapağıdır, camaat teatra gedir, sadəcə olaraq sən teatrını yarat, tamaşanı göstər camaata.
Yəni “gənclər kitab oxumurlar” demək həqiqətə uyğun deyil. Sən kitabxananı, kitablarını göstər gənclərə.
Yəni “şagirdlərin təhsilə marağı yoxdur” fikri çıxış yolu deyil. Sən kvalifikasiyalı müəllimlərini göndər məktəblərə, keyfiyyətli dərsini keç şagirdlərə. Yoxsa, nanotexnologiyalar əsrində odun peçi ilə qızdırılan məktəbdə heç Bill Qeyts də oxumaz. Bunu elə-belə dedim, bu başqa yazının mövzusudur. Nə isə...
Bizə bütün sahələrdə çoxlu alternativ lazımdır. Monopoliyaları ləğv etmək lazımdır. Bütün bankaları sındırmaq lazımdır. Bütün stereotipləri alt-üst etmək lazımdır. Gücümüz çatacaq qədər hündürə hoppanmaq lazımdır, çünki qapaq çoxdan açılıb, qapaq yoxdur.
Azər MUSAOĞLU