Biologiyada adamptasiya deyilən termin var – hər bir canlı yaşadığı şəraitə zamanla uyğunlaşır, adaptasiya olunur. Bəzən dözülməz olsa belə bu zaman təbiət seçir – güclülər qalır, zəiflər sıradan çıxır. Buna da təbii seçmə deyib Darvin. Bir də var sünii seçmə. Təbii seçməni Allah, süni seçməni bəndə yaradır. Yox, bunu Darvin demədi.

 

Artıq həyatın çək-çevirli üzlərini xeyli görmüşəm. Dərd-azar bir yana, amma inanmazdım ki, viruslu, pandemiyalı yaşam da həyat tərzimizə çevriləcək.

 

Xatırlamaq belə xoş deyil: karantin, qapanma, xeyir-şər qadağası, hətta ölülərimizi belə “urvatlaya” bilmədik. İlk halda onlayn ağlaşmalar ağlımıza gəlmədi, sonralar əhliləşdik, yaslarda canlı yayım açdıq, əcnəbi ölkələrdəki qohumlar hətta onlayn ağı deməyə başladılar. Nişanlılarımız bir il sonra  ailə içi gizlicə gəlin donu geyib evdən-evə köçdülər, komsomol toyundan da sadə. Get-gedə təkmilləşdik, toy da elədik, bölük-bölük.

 

Tibbi qoruyucu maskalar müxtəlifləşdi – gah reklam, gah bayraqlar, gah da geyimə uyğunlaşdırdıq. Bax, beləcə hər şeyə uyğunlaşdıq. Qadağalardan ağıllı bəhrələnənlər olsa belə, sadələşdirilmiş yollarla tərzimizə qayıtsaq da, qazandığımız yeni qaydalar həyatımıza daxil oldu.

 

Yeni yaşamımızda mütləq surətdə maskalarımız var. Hansısa qapalı məkanda olan yas yerlərinə getməmək bəhanəmiz. Bu bəhanələr ailəmizə maddi dəstək olsa da içimizdəki bir bağlılıq telimizi qırdı, artıq “dərdinə şərik deyiləm” sindromunu genimizə yüklədi.

 

COVID “delta”ya keçdi, indi də “omikron” gəldi. Artıq yeni mutasiyalar gəlsə də kimsə narahat olmayacaq. Heç həkimə də ehtiyac yoxdur; “ringer”, vitamin, ürək möhkəmlədən ampula, bir də sakitləşdirici, 2-3 “sistem”, vəssalam, xəstəlik keçdi. Yayılma sayı da kimsəni qorxutmur. Nolsun, keçib gedəcək.

 

Artıq elə vəziyyət yaranıb ki, xəstələnməyənə ətrafın belə birtəhər baxır, yəni deməli sən yaxşı yoldaş deyilsən, kimsəylə yoldaşlıq etmirsən ki, sənə də yoluxa. Yoluxmusansa, deməli əsl dostsan. Qulağımız öskürək səsinə elə alışıb ki, havadakı meh kimi qəbul edirik, heç fərqində olmadan söhbətimizi davam edirik. Bax belə...

 

Korona, çəkil aramızdan!

 

Sən istədin bizə anladasan ki, həyatın başqa üzü də var, haqqı tanıyın! Biz qanmadıq. Yenə də oğru, əyri, vicdansız öz çarxını çevirir, zamana uyğun yollar tapıb. Sənin də insafın olsun! Çəkil, get! Hansı ştamını yollasan biz düzələn deyilik. Görmürsən, olan kasıba olur. Vallah kasıba qalan onlayn ağlaşmalardır. Yenə nə edir varlı edir. Biz insaflı ola bilmədik, Korona, sənin insafın olsun! Çıx get aramızdan!

 

Esmira ƏLƏKBƏRLİ