Bizdə əyilmək feili adətən məcazi mənada interpretasiya olunur. Yəni əyilmək deyəndə ağıla ilk olaraq kiminsə qarşısında baş əymək, kiminsə nüfuzunun, vəzifəsinin ağırlıq qüvvəsi altında qəddini əymək, çətinliklərə təslim olmaq, tabe olmaq kimi insan halı, durumu, pozası, şəkli canlanır; və yalnız bundan sonra nəyinsə və ya kiminsə təbii fizioloji, bioloji əyilməyi yada düşür. Bu, bəlkə də fizikadan çox metafizika ilə məşğul olmağımızdan irəli gəlir. Məsələn, fiziki gücümüzlə poladı əyə bilməsək də, metafiziki gücümüzlə insanı, onun poladdan da güclü iradəsini, vicdanını, mənliyini əyməyi bacarırıq.

 

İgid oğulun düşmənə əyilməzliyini bilsək də, ağacın yaş ikən əyildiyini də yaxşı bilirik. Axı çox eşitmişik, çox görmüşük: ağac əyildi – sındı, igid əyildi – öldü. Ağacın nazikliyindən, adamın yoğunluğundan sındığını da yaxşı bilirik...

 

Biz çox vaxt əyilməklə başı aşağı əyməyi də səhv salırıq. Ona görə də ağac bar verəndə başını aşağı əyər, biz isə bar alanda – səmərə, xeyir, mənfəət güdəndə ikiqat əyilərik. Ümumiyyətlə, başı dik ağacların əksəriyyəti bar verməyən ağaclardır. Bizdə də belədir: bar verəndə başını aşağı əyən ağaclardan yox, barsız başı dik ağaclardan örnək götürürük...

 

Özü də bu əyilmək o qədər vüsat tapıb ki, haqq qazandırmaq üçün müxtəlif fənd və bəhanələri də çoxalıb. Məsələn, boynunu qılınca qurban vermək istəməyənlər qılınc qarşısında rüku edirlər ki, əyilən boynu qılınc kəsməz və ya seçim qarşısında qaldıqlarını bəhanə edərək əyilmək üçün büt seçirlər ki, çarığa əyilməkdənsə, çəkməyə baş əyərəm və sair və ilaxır.

 

Bunlara şükür düşür. Tərəzi gözü kimi iki tərəfə əyilənlər də var, bəlkə də bundan aşağı əyilmək hələ icad edilməyib, bəlkə də əyilməyin ən pis fotoşəkli, kölgəsi budur. Axı əyri adamın kölgəsi də əyri olar.

 

Gəlin əyri oturaq, düz danışaq. Bizlər olmadıqmı əyrinin sözüylə doğrunu qınayaraq əyrini tox, doğrunu ac görənlər (edənlər). Ümumiyyətlə, heç əyri oturaraq düz fikirləşmisinizmi ki, bu əyri aramıza haradan gəlib girib; özümüzdə necə inkişaf edib, sözümüzdə necə yaranıb?..

 

Əgər əyri varsa, deməli, bu əyri nə zamansa düz imiş və nə zamansa əyilib; əyilə-əyilə bizimlə birgə gəlib bu günümüzə çıxıb, əyilə-əyilə ədəbiyyatımıza, mədəniyyətimizə soxulub, taxtımıza-tacımıza yiyələnib, ətrafına da əyriləri toplayaraq düzləri, doğruları pul, vəzifə, şan-şöhrət verməklə özü kimi əyri etməyə çalışıb. Əydiyini əyib, əyə bilmədiyini çörəklə sınağa çəkib, dar ağacından asdırıb, səfil edib, didərgin salıb, sürgünə göndərib, güllələtdirib... Yuxarıda misal çəkdiyimiz əyilmək üçün bəhanələri də şüar etdirib, əzbərlətdirib, kitablara saldırıb ki, əyilmək istəyənlərin də iynənin ucu boyda da olsa bir ümid yerləri olsun.

 

Amma və lakin yükün əyilməsi yük sahibinin də əyilməsinə bəraət qazandırmır. Bu əyri-üyrü Yer kürəsində əyilmədən düz yaşamaq da olar. Düzdür, alçaq qapıları, alçaq tavanlı daxmaları, damları çoxdur bu dünyanın – keçəndə başını əyməli olursan; bəzən əlimizdən saldığımızı qaldırmaq üçün, bəzənsə başqasının saldığını  qaldırmaq üçün yerə əyilməli olursan və ya gözəl bir gül gördükdə qoxulamaq üçün dizlərini yerə qoyub əyilirsən, bu gülü yaradana şükür etmək üçün səcdəyə əyilirsən və sair... Amma bu əyilməklə o əyilməyin arasında poladdan da möhkəm bir əyilməzlik var.

 

Pulun, vəzifənin, şan-şöhrətin əydiyi adamın fizionomiyasında da dəyişiklik baş verir. Fikir vermisinizsə, bu adamlar vəzifəli, imkanlı, nüfuzlu adam görəndə, özlərindən asılı olmayaraq, qədlərini əyirlər, əl sıxıb salam verəndə ikiqat əyilirlər. Yaşlaşdıqca da əyilməkdən donqarlanırlar, qozbel olurlar ki, bunu sonradan tibbi müdaxilə, əməliyyatla da aradan qaldırmaq olmur. Necə deyərlər: qozbeli qəbir düzəldər...

 

Müəllif: Azər Musaoğlu