Ərəb əsilli “asi” sözü etiraz edən, qarşı çıxan, qiyamçı, üsyançı anlamlarını verir. Az-az arazbarı xəbəriniz olsa da, sadəcə olaraq xatırladıram ki, bircə şeyi də biləsiniz: söhbət nə Türkiyə istehsalı olan və Tuba Büyüküstün ilə Murat Yıldırımın baş rollarda çəkildikləri “Asi”, nə də ABŞ yazıçısı C.Selincerin həyatını mövzuya çevirmiş “Çovdar tarlasındakı Asi” filmlərindən getmir.
Söhbət bizim “yerli” Asidən gedir. O Asi ki, özünün fikrincə, asiliyi, etirazları nə siyasi, nə də sosial etirazdır; heç ipə-sapa yatmamağı, etirazları sadəcə olaraq mədəni etirazdır! Əsas etibarı ilə də Ceyran mövzusunda yazılmış bütün şeirlərə qarşı!
Babası ona belə vəsiyyət edibmiş: asi ol, qarşı çıx, bəyənmə, etiraz elə, baş qaldır – onda səni görəcəklər, onda məşhur olacaqsan!
Bir müddət Avropada – Danimarkanın paytaxtı Kopenhagendə yaşayan Asi hətta “ən məşhur danimarkalı” sayılan, uşaqların xoşbəxtliyinin sirrini bilən yazıçı H.X.Andersenə də dil uzatmışdı; statusunda yazmışdı ki, Andersenin “Kralın təzə paltarı” hekayəsini elə babam Qotur Alı (ayaması belə olub) da yazardı! Nə vardı ki!
Oralardan özünü Gürcüstan üzrə mütəxəssis kimi aparan Asinin buralarda rahat buraxmadığı adammı qaldı? Babasının vəsiyyəti sanki başına koralanmışdı: aşağıla, bəyənmə, tərsini söylə! Amma məni yandırıb-tökən onun ceyranlı hətərən-pətərənləri idi!
İnsanın cəmiyyətdəki statusunu-yerini internetdə yazdığı statusla qarışıq-dəyişik salmışdı. Hesab edirdi ki, həm cəmiyyətdəki, həm də internetdəki statusuna heç söz ola bilməz! Tutduğu pillə yüksək pillə imiş, sosial rolu da Lider rolu imiş! Yazdığı statuslara gəlincə, sanki M.Veberin qələmindən çıxıbmış! M.Veber demiş, asiliyin-etirazçılığın psixologiyası – öyrənilmək baxımından – hələ bizim eradan əvvəl Esxilin “Zəncirlənmiş Prometey” əsərində manşırlanmışdır. Sonralar Z.Freyd, A.Kamyu, E.Froydenberq, K.Levin, yuxarıda dediyim kimi, M.Veber və onlarla başqaları bu mövzuya yeni məzmun vermişlər.
...Amma, canım-gözüm, məni sözümün canından niyə uzaqlaşdırırsan, sən niyə ceyranla göz yağı yemisən axı? Məsələn, Azərbaycan miniatür sənət əsərlərindəki ceyran rəsmlərinə heç baxmadınmı? Xalqın mədəniyyətində, incəsənətində ceyranın rolunu duya bilmədinmi heç? Özünü marka sayırsan – dinmirik, trend, star sayırsan görməməzliyə vururuq.
...Asiyə görə, Aşıq Ələsgərin, Səməd Vurunun “Ceyran” şeirləri makulatura imiş. Daha da uzağa gedərək Baba Mirzəyevin
Bir yaylığım vardı gülü özündən...
...asta yeri kəmər düşər belindən –
misralarına karikatura çəkib (ya da çəkdirib) “Şınqıroy” qəzetində dərc etdirmişdi.
Aşıq Veysəlin:
Sən bir ceyran olsan, mən də bir ovçu,
Ovlasam çöllərdə saz ilə səni.
Tapılmaz dərmanı, yoxdu əlacı,
Vursam, yaralasam söz ilə səni... – bəndini qiymə-qiymə doğramışdı. Baxmayaraq ki, ona çox vurğulamışdılar ki, bilməmiş olmazsan – ceyran zərif heyvandır, az qala müqəddəsdir, bu ayrı; axı təşbehlərdə-bənzətmələrdə, arada-sırada metaforalarda-istiarələrdə ceyran həm də gözələ işarədir! Gözündən-qaşından tutmuş bədəninin tənasübünə qədər, zahiri-batini qüsursuz olan gözələ!
Kimə deyirsən?
Yeri gəlmişkən, “Zəncirlənmiş Prometey”dən söz düşəndə Asi deyirdi ki, əsl zəncirlənmiş mənəm. Azadlığın yollarını arayıram.
Əlbəttə ki, müxalif fikrə, etiraza, azad sözə, hətta asiliyə də yer var. Bunlarsız həyatmı olar? Amma ceyranla nə işin, ay zalım? Bəlkə bu – psixologiyanın da iddia etdiyi – bəzi asiliklərin statusu aşağı olan qruplarla rabitəli olduğu fikri ilə bağlıdır? Bir zamanlar taun qiyamları olub, malyariya etirazları məlumdur, indi də Covid – 19... Axı “etiraz xəstələri”nin hamısı aşağı qruplara aid ola bilməz!
Müxtəsəri, asilik və xarakteristikası illərlə araşdırılası, dərs çıxarılası mövzudur. Allahın altı da həmişə böyükdür və təbii ki, bu Altın bir bucağında asiliyə, Asiyə də bir guşəcik tapılar.
Amma məgər bizim Asi bilmirdimi ki, ceyran dalınca qaçan çəmənliyə gəlib çıxır, donuz dalınca qaçan da çamırlığa?
Həyatda nə qədər paradoks var imiş... Kopenhagendən “erkən evlilik”lə bağlı o qədər statuslar üyüdüb-tökdü ki, evlənmək vaxtı da keçdi. Atasımı çağırdı – bilmirəm, anasımı yalvardı – bilmirəm. Bacısımı, dostu-tanışımı, bu da məlum deyil. Amma Asi günlərin bir günü Kopenhagen – Tiflis reysi ilə uçub gəldi.
Üçcə gün keçmədi ki, bir söz yayıldı: bəs deməzsənmi, Asi aşiq olub! Özü də necə aşiq! Kopenhagenin yuxusuna da girməz! Öldü var, döndü yoxdur! Şair də necə buyurmuşdu:
Bir dönüb baxmaqla canımı aldın,
Məni Məcnun edib çöllərə saldın...
Amma... qızın adı da Ceyran imiş! İki ayağını bir başmağa dirəyir ki, getdi yoxdur, vəssalam! Könül məsələsi deyilmi?
Nə isə... məsələnin həlli üzümüzə gələn ilə qalır. Bir yenilik olsa, mütləq sizə yazaram.
P.S.
Asinin Avropası, Kopenhageni ilə arazbarı uyuşan bir ispan məsəli də var. Deyim: “Don Kixot olmaq üçün yola çıxan bir çox insan evə Sanço Pansa olaraq dönür”.
Bir də bir kitabdan yadımda bir parçacıq qalıb, paylaşıram: oralarda, o uzaqlarda hər səhər bir ceyran oyanır... Çox xoşuma gələn bir yarımçıq cümlədir.
Bir tamamlayan tapılar, inşallah!..
İBRAHİMXƏLİL