“İstedadlılara kömək edin, istedadsızlar özlərinə yol açacaqlar” deyimi təkcə kömək etmək, əl tutmaq, yol göstərmək, dəstək durmaq haqqında deyil, eyni zamanda, istedadlı insanlarla istedadsız insanların xarakteri – istedadlıların utancaqlığı, qapalılığı, təvazökarlığı; istedadsızların isə utanmazlığı, sırtıqlığı, həyasızlığı, arsızlığı haqqındadır.
İstedadlı bir insan görüb ona kömək etməmək istedad öldürməyə bərabərdir və o adamlar sənətin məhşər günü “tarix və tale” (ifadə Aqşin Yeniseyindir) qarşısında lüt-üryan sorğu-suala çəkiləcəklər. Axı istedadı görmək, duymaq da hər adamın işi deyil, bunun üçün də bəsirətli olmalısan. “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!” (Qurani-Kərim). Buna görə də bütün məsuliyyət bilənlərin üzərinə düşür.
Çox giley-güzar edirik ki, uşaqlar, gənclər təhsillə, sənətlə, idmanla maraqlanmırlar. Biz, ümumiyyətlə, həmişə beləyik, bir nəfər çalır, hamı da ona züy tutur. Soruşan olmur ki, bəs bu uşaqlar, gənclər hansı təhsillə, hansı sənətlə, hansı idmanla harada və necə maraqlana bilərlər?! Təhsil keyfiyyətsiz, sənətlə idman da uzaqlarda. Axı bu uşaqlara, bu gənclərə dərs əzbərlətməklə onlardan hansı marağı tələb edirik? Axı bu şəhərdə bir dənə də olsun incəsənət dərnəyi yoxdur, idmanımız şəhərin inzibati ərazi dairəsindən kənara çıxmır...
Hansı haqla bu uşaqlardan, bu gənclərdən Bethoven, Şopen, Mikelancelo, Pikasso, Pele, Mariya Küri olmalarını tələb edirik. Öz yaşadıqları zamanı demirəm, adını çəkdiyim bu dahilər indiki zamanda bu şəhərdə yaşasaydılar ya 9-cu sinifdən çıxarılıb zorla evləndirilərdilər, ya da qazanc dalıyca Rusiyaya, Türkiyəyə, Polşaya getmiş olardılar. Dünya da “Ay işığı”, “Doqquzuncu simfoniya”, “Noktürnlar”, “Valslar” və digər gözəl musiqi nümunələrindən, “Pyeta”, “David” kimi heykəltəraşlıq şedevrlərindən, “Avinyonlu qızlar”, “Gernika” və bir-birindən gözəl və mənalı rəsm əsərlərindən, ən gözəl vurulmuş qollardan, radium və polonium elementlərinin kəşfindən məhrum olardı. Bu dahilərin həyatları ilə tanış olduqda çoxunun valideynləri tərəfindən dəstəkləndiyini, keyfiyyətli təhsil aldığını, dövlət və cəmiyyət tərəfindən sayğı gördüklərini öyrənmiş oluruq. Bizdə isə sayğının kimlərə göstərildiyini hamımız çox yaxşı bilirik.
Sözümün Mustafası budur ki, bu uşaqlarla, bu gənclərlə yaxından tanış olduqda onların arasında istedadlı, potensiallı uşaqların, gənclərin olduğunu mütləq görmüş olarıq. Sadəcə olaraq, o istedadı, potensialı üzərə çıxarmaq üçün, göstərmək üçün onlara diqqət sərgiləmək, imkan vermək, onları dinləmək, fikirlərini öyrənmək, yazılarını oxumaq, rəsmlərinə baxmaq, səslərini dinləmək yetər.
Təəssüf ki, bu gün bu istedadlı, bacarıqlı uşaqların, gənclərin özlərini ifadə etmələri, öyrənib inkişaf etmələri üçün bu boz şəhərdə nə rəsm, nə musiqi və digər yaradıcılıq dərnəkləri, məktəbləri var. Axı uğurlu pianoçu olmaq üçün mütləq pianoda ifa etməyi öyrənməkdən başlamalısan və ya kimyaya marağı və bilikləri mütləq orta məktəbdə 6-ci, 7-ci dərs saatına salınaraq tədris olunmayan kimya fənnindən almalısan.
Sonra da giley-güzar edirik ki, uşaqlar, gənclər təhsillə, sənətlə maraqlanmırlar, əyri yola düşürlər, pis vərdişlərə qurşanırlar. Uşaqlar da, gənclər də hər şeylə maraqlanırlar. Heç özümüzə sual vermişikmi: bəlkə maraqsız olan bizik, maraqsız olan ömrünü cehiz almağa həsr edən valideyndir, maraqsız olan dərsi sadəcə əzbərlətdirən müəllimdir, maraqsız olan marağı pul, maşın, ev, vəzifədən ibarət cəmiyyətdir, maraqsız olan çayxanalardan və qumarxanalardan ibarət bu boz şəhərdir – istedadlarını məişət bataqlığı kimi dərininə çəkərək boğub öldürən bataqlıq şəhər.
“İstedad öz-özlüyündə rəngsizdir və yalnız tətbiq ediləndə rəng alır” (Saltıkov-Şedrin). Bu boz şəhərə rəng qatmaq üçün istedadlılara hər cür dəstək olmaq, əlimizdən gələn köməyi əsirgəməməliyik.
Azər MUSAOĞLU