Yoğurmadım, yapmadım hazırca kökə tapdım – deyirsən, hə? Nə qoçaq oğulsan belə, ay maşallah. Bir onun yolunu bizə də öyrətsən, biz də bilək. Yoğurmadan, yapmadan kökə necə olurmuş, sən canın, bizdən eləmə, de, biz də öyrənək. Susursan, deyəsən, torbanda pişik var?

 

Ə, bala, sən dünənki uşaq, yumurtadan təzə çıxıb, kimə cüy-cüy öyrədirsən? Kimə səkkiz gəlirsən? Biz ağlımızı əppəkləmi yemişik? Biz bilmirikmi kökə başa gələnə qədər adam nə kökə düşür? Bunun taxılını yetişdirməyi var, biçməyi var, xırmanda döyməyi, dəyirmana aparmağı, üyütməyi, canım sənə desin, undan xəmir yoğurmağı, kündə tökməyi var. Hələ orasını demirəm, xəmirin acımasını, una-urvaya bələnməyi, ocaq qalamağı, daha neçə dəfə-daraq qurmağı. Adını sən de, əlinin-ayağının yanmağı da bir artıq. Dədə-babadan belədir. Kökənin xəmiri çox su aparar. Resepti budur.

 

Sən də kərtdədirsən ki, bağ belə, bostan belə, hazırca kökə tapmışam. Gözlə, qulağının dibini görərsən, kişinin oğlu hazırca kökə tapıbmış. Hardan? İtirmişdinmi, tapaydın da? Kökə belə hazırca tapılandısa, camaat niyə çöllərə düşüb, soruşmaq ayıb olmasın.

 

Hə, deməli, bir şeyi itirməmisənsə, tapa da bilməzsən. Gərək itirəsən, sonra itirdiyini “tapıl-tapıl yağlı verəcəm, tapılmasan küllü verəcəm” – deyib axtarasan, sonda da ya qismət, ya tapıla, ya da yağlı əppək olub göyə çəkilə. Uzaqbaşı kiminsə itirdiyini, kiminsə torbasından düşəni tapmaq olar. Bu da hələ sənin tapdığın kökəyə sahibliyin anlamına gəlmir ha. Gərək dörd yanına göz gəzdirəsən, ətrafda bir ins-cins gözə dəyib-dəymədiyinə əmin olasan. Nədən ki, sənin hazırca tapdığın kökə kiminsə zəhmətidir, kiminsə öynəliyidir. Sən tapıbsansa, demək kimsə bir kökəlik ac qalıb, bir kökəlik ömrü gödəlib.

 

Hazır kökə göydən düşmür, bala. Kimdənsə düşür. Oğrudan da düşə bilər, doğrudan da. Oğrudan oğruya da mal halaldır, eləmi? Sən də bu cür düşünürsənsə, Allah başından yuxarıyı saxlasın, başını qoyub, ayağına daş salmasın. Bu ağılda neçə qardaşsınız?

 

Dayan, sözümü kəsmə.

 

Kökə tapmağına taparsan, niyə tapmırsan. Demirlərmi, könlü balıq istəyənin nə bilim harası suda gərək. Onun sözü olmasın, gərək dərələrdə sel, təpələrdə yel olasan. Dəmir çarıq geyinib, dünyanı əldən salasan. Naldan, mıxdan düşəsən. Onda hazırca, həm də halalca kökən olacaq. Hələ üstəlik yanında balı-qaymağı.

 

Bu dünyanın tozuna-torpağına bələndinmi, əlini daşının altına qoydunmu kökə nədi, lap cücə-plovun da olacaq. Bax, onda deyərsən kökə tapdığını. Hazır olsa da, olmasa da. Hazır olmaz, durub yaparsan, olar hazırca kökə. Yoxsa göydən ha yağmayıb, sən də yoğurmadan, yapmadan kökə tapasan və adını da hazırca qoyasan.

 

Camaat əppəyi qulağının dibinəmi yeyir? Uşaq ağlımı kəsdirirsən, hazırca kökə tapdım deməklə? Hazır kökə oğurluqla olar, əyriliklə olar. Yüz il qabaq da belə olub, bu gedişlə min il sonra da belə olacaq. Nə başını ağrıdım, dünya binnət olandan belədir, qiyamətə qədər də belə olacağı bəlli. Nədən ki, milyon il bundan əvvəl əski insanlardan biri öz həmqəbilələrindən birinin kökə payını gizlincə götürdü ha, onu ac qoyub özü iki normanı tuluğuna doldurdu, bax, hazırca kökə tapmağın tarixi ordan başladı. Biri acından öldü kökəsini oğurlatmaqla, biri də toxundan öldü kökə oğurlamaqla. Düzdü, kökənin tarixi çox da uzağa gedib çıxmır. Bərilərdən başlayır. Fərqi nədir, indi də kökə olmasın, ət parçası olsun və ya başqa bir zəhrimar. Mahiyyət eynidir. Yəqin ilk oğurluğu edən o yaramaz ibtidai insan da, soruşanlara hazırca pay tapdığını söyləyirmiş. Kiminsə evini yıxdım, ocağını qaraltdım demirmiş, hazırca kökə tapdım deyirmiş. Papağı hərmədə qalmış o əski əcdadımız bununla bir ilkə imza atır və onun bu kəşfindən sonra hazırca kökə tapanların sayı kökə itirənlərin sayı ilə uyğunlaşır.

 

Adəm atamız da arvad ağlıyla qadağan olunmuş buğdanı yeyib, cənnətdən çıxmadımı? O da hazırca kökə tapdığını düşünmüşdü yəqin. Burnundan gəldimi? Gəldi.

 

...Susursan, səsin çıxmır? Səhərdən dil boğaza qoymadan, cik-cik cikkildəyən elə bil sən yox, bir başqası imiş. Buna da şükür, susmaq da bir kişilikdir...

 

Afiq MUXTAROĞLU

Almaniya, Gelsenkirchen