Olan hadisələr, hadisələrdən doğan nəticələr, insanlığın gəldiyi vəziyyət yenə qələmi ələ alıb yazmağa vadar etdi. Əvvəlkilərdən fərqli olaraq bu dəfə həqiqətən dərindən bir ah çəkərək başladım yazıya. Siyasətdənmi yazsam, insanlıqdanmı yazsam, gündəmdənmi yazsam... nədən yazaq ki, bəlkə bir nəbzə də olsa təsiri ola dövrana.

 

Şəxsi dərdlərinin arxasında dolanan cəmiyyət cəmiyyətin dərdləri qarşısında can çəkişməyə məcbur buraxılmaqdadır. Niyə başımızı qaldırmırıq, niyə gözlükləri çıxarıb təmizləmirik axı? Vaxtı deyilmi ayılmağın?

 

Elə bir vaxt gələcək ki, ayılmaq sözün həqiqi mənasında fayda verməyəcək. Ağ qaradan, qara qırmızıdan seçilməyəcək. Standart yalnız bir rəng var olacaq, o da bütün dünyanı öz rənginə boyayacaq. Bu rəng isə heç şübhəsiz qırmızı olacaq.

 

Yaşlı nəslə nəzər salanda görürük ki, yaşlı nəsil gənc nəslin qarşısında susqun, sakit, bəzən məhcub qalır. Gənc nəslə nəzər salası olsaq, səbrsiz, üsyankar, tabe olmamaq və başqalarını bəyənməmək duyğusu onlarda öz əksini tapıb. Bu mənzərələri seyr edərkən gözümə yanlışlıq ilişdi. Məhcubiyyət və susqunluq halı gənclikdə olmalı deyildimi? Niyə burada bu yanlışlıq var, bunun səbəbi nədir? Təbii ki, burada günah hər birimizindir. Nəsil yetişdirərkən yanlış yollara əl atdıq və yanlış tərbiyə metodlarına üz tutduq və bu gün yetişdirdiklərimizə özümüz də məəttəl qalmışıq.

 

Olan-bitənləri yanlış və doğruları tamaşaçı kimi izləməməliyik, hər kəs bacarığı çərçivəsində qollarını çirmələməlidir. Kimsə olanlardan özünə pay götürməzsə, özünü məsuliyyətli görməzsə bu işin sonu necə olacaq?..

 

Fürsətimiz, imkanımız varkən var olmanın dərdinə düşməliyik, şəxs olaraq deyil, cəmiyyət olaraq var olmağın dərdinə düşməliyik. Millət, mənəviyyət, mədəniyyət baxımından unudulmamalıyıq. Var olma mücadiləmiz bu yönlərdə olmalıdır.

 

Bir millətin var olması üçün o millətin milli, mənəvi, mədəni dəyərləri nəsillərdən nəsillərə ötürülməlidir. Ötürülən hər nəsil ötürəcəyi nümunələri canlı olaraq sərgiləməlidir ki, etdiyi işdən daha təsirli nəticə əldə etsin.

 

İndi baxaq hər iki nəslə – həm yaşlı nəslə, həm gənc nəslə. Burada iki nəsil arasında ötürülən bir nümunə görürükmü?

 

Cəmiyyət içərisində, ailələrdə olduğumuz zaman gənc nəsil öz tutduğu yolla, davranışla yaşlı nəslin də getməsi üçün ciddi dərəcədə təsir göstərir. Bəs nəyə görə yaşlı nəsildə biz bu təsiri görmürük? Yaşlı nəsil “biz görə bilmədik, biz edə bilmədik, sən elə” deyə-deyə gənc nəslə zərbə üstə zərbə endirir. Bu zərbələr gənc nəsildə fəsad olaraq öz əksini tapır.

 

Dik, öz ayaqları üstə durmağı bacaran, həyatdan nə istədiklərini bilən və eyni zamanda millətinin var olduğu dəyərləri daşıya bilən bir gənclik istəyirik. Başqalarının deyil, öz soyağacına söykənən, öz soyundan güc alan, öz tarixini bilən, soyunun dəyərlərini bir əmanət daşıyarcasına daşıya bilən bir nəsil muradımızdır. Axı biz keçmişimizdən güc alaraq gələcəyə addım atmağı bacaran bir millətik. Keçmişi bilinməyən, dəyərləri olmayan nəsil qeyri ixtiyari hər cür təsirə açıqdır və asanlıqla başqalarının təqlidçisi olma səviyyəsindədir.

 

Bir millətin var olması onun soykökünə dayanan əsasların var olması ilə mümkündür, əksini təsəvvür etmək mümkün deyil.

 

Bu, hər birimizdə var olması gərəkən bir duyğudur, axı hər birimiz nəsil yetişdirmədə əmək sərf edən nümayəndələrik. Bu duyğular hər birimizdə canlı olmalıdır ki, yetişdirilən nəslin aqibətini düşünməyi unutmayaq.

 

Lamiyə HACIYEVA

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri