(2-ci yazı)

 

Bilmirəm, bu, insan psixologiyasımı, yoxsa bizim milli psixologiyadırmı ki, var olarkən qiymətləndirmirik, dəyər vermirik, yalnız əlçatmaz olanda müqəddəsləşdiririk. Xasiyyətimizə sirayət edən bu gen uşaqlıqdan başlayır. Görürsünüzmü, bizi evdəkilər özləri ilə yox, xoxanla qorxudardılar, yaxud qonşuda-zadda olan kobud bir adamla hədələyərdilər və s. Beləliklə, biz başqalarını daha çox eşidirik, daha çox etiqad edirik. Xoxandan, sabun düzəldən cuhudlardan qorxa-qorxa məktəbdə də müəllimdən çəkinərdik. Müəllimin sözü, fikri daha çox beynimizə batardı, hətta valideynlər fikirlərini, arzularını müəllim vasitəsiylə bizə çatdırardılar. Xoxan qorxusu bir başqa mövzum olacaq, indi keçirəm 2-ci yazı olan məktəb təliminə.

 

İbtidai sinif müəllimimiz deyərdi ki, mənim evdə kameram var, onu qoşuram, sizin evdə nə işlə məşğul olduğunuzu, evdəkilərlə necə rəftar etdiyinizi, hər addımınızı izləyirəm. Yadımdadır ki, gecə işığı söndürməsək yatağa girməzdik ki, müəllim bizi görər, ayıbdır. Bilirsizmi, bunun maraqlı, nümunəvi tərəfi nə idi? Valideynlə müəllim həmfikirliyi vardı, bir-birini dəstəkləyirdilər. Valideyn şikayətini “göyərçinlər” – ev telefonu vasitəsiylə müəllimə çatdırardı, müəllim də güya kameranın izi ilə bizi təhdid edərdi. Bax, bu xoşməramlı qorxuyla məsuliyyətə, hörmətə, qayğıya istiqamətlənən yol aldıq. Necə ki, balaca arx-qaj əvvəl yol alanda göllənir, qarşısı bağlanır, cığır tapa bilmir, elə ki, bir çubuqla yol açırsan, istiqamətləndirirsən sonra o qaj özü özünə yol aça-aça öz yolunu tapır.

 

Bizim o müqəddəs uşaqlığımız Sovet dönəmində keçdi. Düzdür, çoxları bu addan diksinir, amma o uşaqlarla bugünkü uşaqların fərqini görmək çox asandır. Faciə də odur ki, valideyn təfəkkürü də modern olub. Niyə axı? Məgər biz o fərqi görmürükmü?

 

Əti sənin, sümüyü mənim deyərmiş klassik babalar. Bunun sətiraltı mənası elə bu gün itirdiyimiz valideyn-müəllim-şagird üçbucağıymış. Bizim valideynlər “Sənə əmanət”, “İkinci anası sənsən” deyərək bütün məsuliyəti verirdilər müəllimə. Saçımızın forması, gülüşümüzün dərəcəsi də müəllimə aid idi, hətta tədris hissə müdiri saçı normadan uzun oğlanların saçını qayçıyla kəsərdi ki, get təzədən kəsdir. Bax, həmin uşaqlar şikayət etməzdilər valideynə, çünki cavab məlum idi: müəllim səhv etməz, demək elə lazımmış! Beləcə sürüklənən bəşəriyyət müəllimlə ucalırdı. Biz belə böyüdük, toyda, nişanda müəllimlərimizi görəndə o süfrədə oturmağa çəkindik, utandıq, ayıbdır dedik. İndi sanki o ayıb kəlməsi xırdalanıb yox olub.

 

Mən hər gün işə məktəb yolundan keçib gedirəm, müəllimlərimi görəndə yaxınlaşıb böyük hörmətlə əhvallaşıram. Onlar mənim üçün canlı xatirədir, çünki hər görəndə məktəbdən bir xatirə yadıma düşür. Şagirdlər o müəllimlərin şilləsini də, qulaq çəkməsini də, hətta şıvırtı çubuğunu da görmüşdü, küncə qoymuşdular, tək ayaq üstə qalmışdılar – bunlar hamısı fərdiyyətdən şəxsiyyətə aparan yolun eniş-yoxuşu idi. Doğrudan da bizim nəsil, elə bizdən öncəkilər də cəmiyyətə yararlı olmağı bacardılar.

 

Yaxın zamanlarda şagirdləri diz üstə qoyub, sonra da ərklə valideynə şəkil göndərən müəllimin aqibəti xeyli danışıldı. Kifayət qədər müzakirələr oldu. Mən sadəcə o valideynləri anlaya bilmirəm, onlar uşaqlarının xətrinə heç dəymirlərmi yəni? Yəni sırf Uşinskilər standartı iləmi tərbiyə edirlər? Mən müəllimi müdafiə məqsədiylə yazmıram, amma müəllimin missiyası öyrətmək idisə...

 

Elə bu söhbətlərin ictimailəşən zamanında bir təqaüdçü müəllimlə rastlaşdım. “Bu nə söz-söhbətdir, a bala, – dedi – adamı lap işinə peşman edirlər, az qalır müəllim şagirdə desin ki, sənə gələn mənə gəlsin”. Bax, beləcə adamı müəllim olmağına peşman edirlər. Qızlar saçını tökərək dərsə gəlirlər. Deyirəm qoşa hörükdə, sadə geyimdə o qədər gözəlsiz ki, o saflığı heç nə əvəz etməz. Valideyn xəbər yollayır ki, heç kim mənim uşağımın geyiminə qarışa bilməz, neçə ki mən sağam, uşağıma istədiyi şəkildə geydirəcəm. Vəssalam! Bu, kulminasiya-zirvə nöqtəsidir. Bu arxayınlıqla o uşaq hara gedir? Onu zaman göstərəcək.

 

Con Lokk uşağı ağ kağız adlandırıb, o kağıza nə yazırsan o da olacaq. Əziz valideynlər, gəlin o kağıza elə cümlələr yazaq ki, gələcəkdə utanmayaq. Biz də o üçbucağı yaradaq, müəllim-şagird-valideyn üçbucağını.

 

Çünki biz əl-ələ verəndə aramızda qalan o sahə cəmiyyət olacaq, cəmiyyəti qoruyacaq və dağılmağa qoymayacaq. Yoxsa, balıq və xərçəng kimi hərə bir tərəfə çəkməklə biz sükunətdə olacağıq. Bu gün müəlliminə hörmət etməyən, saymayan uşağın sabah hədəfi valideyn olacaq.

 

Makedoniyalı İsgəndər müəllimi Aristoteli hər addımında, hər yüksəlişində özündən öndə hörmətlə yad etmiş, Aşıq Ələsgər “Ustadına kəm baxanın gözlərinə qan damar” demişdir. Müəllimin hörmətdən düşməsi gələcəkdə Aristotellərin, Ələsgərlərin yetişməsini sual altına qoyur.

 

Esmira ƏLƏKBƏRLİ