(Etüd)
Naməlumluqla, qeyri-müəyyənliklə nəfəs-nəfəsə, göz-gözə oturmaq, sevməsən də bu məşum düşüncələrlə baş-başa qalmaq bilirsən nə deməkdir? Bu, qeyri‐ixtiyarı nəfəsinin daralmağı, havanın çatışmadığı kimi bir şeydir. Qəfildən başını götürüb ayağın tutduqca getməkdir. Başını qaldırıb ətrafına baxınca döyükmək, harada olduğunu anlamamaqdır. Mən haradayam və ya niyə buradayam, buraya necə gəlib çıxmışam kimi sualları beynindən keçirməkdir. Boş-boşuna çək-çevir etməkdir. Dağı arana, aranı dağa daşımaqdır. Başını əllərinin arasında sıxmaqdır. Hərdən əllərini məqsədsiz-filansız ovuşdurmaqdır.
Məchulluq unudulmuşluq, yaddan çıxmışlıq kimi bir şeydir. Əstəğfürullah, Tanrının da yadından çıxardığı, unutduğu biri olmağını düşünməkdir. Özünü sonuncu zəvvarın bir də geriyə dönməyəcəyini anlayan mürgülü, yollarını ot basmış məbəd kimi hiss etməkdən dəhşətli nə ola bilər ki? Bilirsən belə düşünmək nə qədər ağırdır?
Yaxınlığında eşidilən azan səsi bir anlıq da olsa sənin özünə gəlmənə, gerçəkliyə qayıtmana çarə olur. Bir neçə dəqiqədən sonra kilsəsinin zənginin də çalınacağını düşünürsən. Nə zamanın azanıdır? Sabahdırmı, axşamdırmı? Məchulluğun zamansızlığı. Və yenə özünə qapılırsan. Ayağın altında xışıldayan payızın xəzəl olmuş yarpaqları, yanından ötüb-keçən adamlar, sahibinin verdiyi müvəqqəti azadlığın ləzzətini yaşayan kiçik köpəklər, xəzəllərin arasından təkəm-seyrək gözünə sataşan müxtəlif çiçəklər, küskünlüyü və kefsizliyi diqqəti cəlb edən pişik arada fikrini qarışdırsa da, sən qurduğun tənliyin cavabını aramaqdasan. Hörümçək qurduğu torundan ayrıla bilmədiyi kimi, sən də o sadə tənlikdən qopa bilmirsən. Necə qopasan? Hər şey məchuldur, məlumlar da məchul kimi.
Bu qeyri-müəyyənliyinə, naməlumluğuna, məchulluğuna lazımsızlıq, gərəksizlik kimi düşüncənin harasındansa boy verən xırdalıqlar qatılanda mənzərənin tündlüyünün necə əzabverici olduğunu bilirsənmi?
Dörd tərəfdən gələn qarmaqarışıq düşüncələrin burulğanından özünü xilas etməyi, qurtulmağı asan bilmə ha.
Neçənci dəfədir bura gəlməyin? Beşincimi, onuncumu? Cavabın yoxdur. Eyni su, suyun duruluğunda əks olunan masmavi göy üzü, səni görüb körpüyə yaxınlaşan eyni balıqlar. Yemək, yemlənmək istəmələri bəlli. Bir-birinə aman vermirlər. Gecikənlər də var. Eh, hamı yedi, bircə sizə qalmadı. Qırmızı xırda balıqlar. Yüzlərin, minlərin arasında cəmi bir ağ balıq, bir neçə dənə də qara. Gözəllik. Bu su, bu balıqlar, bu göy üzü gözəl olduğunun fərqindəmi? Uzaqda çinadanını bu qırmızı balıqlarla doldurmuş çöl ördəkləri qaqqıldaşmaqla minnətdarlıqmı bildirirlər? Kimə? Suyamı, qırmızı balıqlaramı, mavisi sularda əks olunan göy üzünəmi?
Çox şeyi görmürsən. Hər şey ala-tala, qırıq-qırıq. Başının üstündən uçan kiçik dron belə bu ala-talalığı, bu yarımçıqlığı bütövləşdirməkdə acizdir. Olsa-olsa bir anlıq səni qarma-qarışıq fikirlərdən ayırmağa gücü çatar.
Cəngəllikdə yolunu azmış adam kimisən. Hara gedəcəyini, bu məchulluqdan necə çıxacağını düşünsən də, çıxış üçün yollar arasan da məlumu tapmağın müşkül. Altıncı, lap elə yeddinci, səkkizinci hiss üzvün olsa da, çıxılmazlığın çiləkənindən səni qoparmağa yetmir. Sənə daha güclü bir təkan, o təkanı verəcək qüvvə gərək.
Sənsə o təkanın, o qüvvənin nə olduğunu bilməyəcək qədər aciz, mağmın. Bu dünyanın adamı olmamağı və ya ola bilməməyi asanmı sanırsan?
Afiq MUXTAROĞLU