Lüğətdə “çətinlik”, “fəlakət”, “anidən gələn bəla” mənasını daşıyan müsibət insanın başına gələn hər cür pis vəziyyəti ifadə etməkdədir. Həmçinin Quranda da “müsibət” sözünün “pis vəziyyət”ləri ifadə etmək üçün istifadə edildiyini görürük. Müsibətin termin mənası isə “insanın canını sıxan və kədər verən şey”, “insanın başına gələn bəla, qəm, kədər, darlıq, çətinlik, məşəqqət” və “insanın başına qəflətən gələn fəlakət, çətinlik”dir. Dini terminologiyada isə “insanın, ümumiyyətlə, öz iradəsi xaricində və gözləmədiyi şəkildə qarşılaşdığı vəziyyət” mənasında istifadə edilməkdədir. Müsibət mənasını ifadə edən digər bir anlayış isə “bəla”dır. Bəla sözü Allahın insanları sınamaq üçün verdiyi maddi və mənəvi çətinlik, dərd və qəm kimi mənalara gəlir. Termin olaraq isə bir növ imtahan vəsiləsi olduğu, imtahanın isə xeyir və şər şəklində ola biləcəyi nəzərdə tutulmaqdadır.

 

Quran ayələri çərçivəsində mövzuya baxıldığında, insanın başına gələn müsibətlərin iki əsas səbəbi olduğunu görərik. Bunlardan birincisi, insanın öz davranışlarının nəticəsidir. Yəni ki, pis davranışlarının səbəbi olaraq başına bəla və müsibət gəlməkdədir, çətinliklərə məruz qalmaqdadır. Zülm, qəza, ölüm, xəstəlik, iflas və s. kimi hadisələri buna nümunə olaraq gətirə bilərik. İkincisi, insanın əlində olmadan məruz qaldığı müsibətlərdir ki, buna nümunə olaraq quraqlıq, zəlzələ, qıtlıq, təbii fəlakətlər və s. kimi hadisələri göstərə bilərik.

 

“Bəqərə” surəsinin 155-157-ci ayələrində Allah Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər. Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır” deyə buyurur. Buradan da göründüyü kimi, bəzi çətinliklər insanın sınanması üçün Allah tərəfindən göndərilmişdir. İnsanlardan buna səbir edib dözənlərin də mükafatlandırılacağı bildirilir.

 

Digər bir tərəfdən də, yuxarıda da vurğuladığımız kimi, insanların əməllərinin qarşılığı olaraq da müsibətlər baş verə bilir. Belə bir hekayə anladılır ki, bir zamanlar Allah mələklərə bir cəmiyyəti azğınlaşdıqları səbəbi ilə müsibətlə, fəlakətlə cəzalandırmalarını əmr edir. Mələklər isə orada abid və zahid olan bir nəfərin də yaşadığını söyləyirlər. Allah isə elə ilk olaraq o şəxsin həlak edilməsini buyurur. Onun sadəcə özünə faydasının olmasını, digər insanların düzəlməsi üçün, doğru yola gəlmələri üçün heç bir fəaliyyətinin olmadığını bildirir. Hekayədən də anlaşılır ki, fəlakətin və müsibətin üz verməməsi üçün insanlar bir-birindən məsul olmalıdırlar. Bir qismi yanlış yola yönəldiklərində, bir qismi də onları bu yanlışlarından dönmələri üçün xəbərdar etməli, çəkindirməlidirlər.

 

Bu gün cəmiyyətimizdə baş verən hadisələr qarşısında bizlər sadəcə bir tamaşaçı rolunu oynayırıq. Sonra da üzərimizə yağan bəlalar, müsibətlər qarşısında yaxamızı cıraraq ağlayır, fəğan edirik. Ən böyük yanlışımızı belə qəbullanmayıb, hətta bu olanlarda Allahı günahkar bilib ona qarşı üsyana qalxırıq. Halbuki Allah bizi kiçik müsibətlərlə yolumuza qayıtmaq üçün xəbərdar edir.

 

Baş verən qəzalar, gənckən yox olan həyatlar bizə öyüd, nəsihət olmur, yenə də sükan arxasına keçəndə uçacaqmış kimi avtomobil idarə edirik. Əlimizdə olanlarla yetinməyib yetimin, kimsəsizin malına göz dikirik. Bəs bunun bir cavabı olmayacaqmı deyə düşünmürük. Bu hadisələri görənlər də heç bir şey olmamış kimi sükunətlərini qoruyurlar və nəticədə də olanlar olur.

 

Olanlardan ibrət almağı, müsibətlərdən uzaq olmağı Allah bizlərə nəsib eləsin.

 

Müəllif: Hacı Bəkiroğlu