HƏYAT DƏRSLƏRİ

32. NİDERLANDDA KORONAVİRUSUN ZÜHURUNDAN SONRA BAŞ VERƏNLƏR

 

(əvvəli burada)

Niderland xəstəliklərə münasibətində və onların müalicəsində ən orijinal yöntəmlərdən istifadə edən bir Avropa ölkəsidir. Burada hər asqırana, hər öskürənə iynə-dərman yazmaq, uzun-uzadı müalicə kursu müəyyən etmək kimi bir ənənə yoxdur. Niderland səhiyyəsi xəstənin təbii şəkildə müalicə olunmasına, xəstəliyin kənardan müdaxilə yolu ilə deyil, xəstənin xəstəliyə öz daxili enerjisi vasitəsilə qalib gəlməsi qaydasına üstünlük verir. Bir sözlə, bu ölkənin tibbi modeli bizim gördüklərimizlə müqayisədə qeyri-adidir. Burada xəstənin antibiotiklər vasitəsilə xəstəliyə müqavimət göstərməsi qaydası mövcud deyil. Ölkə ərazisində apteklərin sayca az olduğunu istənilən əcnəbi dərhal sezə bilər. Marketlərin kiçik bir bölümündə reseptsiz satılan dərmanların hamısı ölkənin səhiyyə təşkilatının tövsiyə etdiyi dərmanlardır və demək olar ki, insan sağlamlığına zərər vuracaq hər hansı bir tərkibə malik deyil.

 

Ölkə əhalisi arasında yaşlıların xüsusi payının çox olmasının bir səbəbi həyat səviyyəsinin yüksəkliyindədirsə, digər səbəbi səhiyyənin yüksək şəkildə qurulmasındadır.

 

Mən bu qeydlərimi koronavirusun tüğyan etdiyi günlərdə yazıram. Artıq bunun bir zarafat, üstündən ötəri keçiləsi bir şey olmadığı ortada olan günləri deyirəm. O günləri ki, artıq bu fəlakəti bir qulağımızdan alıb, o biri qulağımızdan ötürmək dönəmini arxada qoymuşduq. Yeni tip koronavirus (COVID-19) təkcə yüksək beynəlxalq dairələrin, dünyanın başbilənlərinin deyil, həm də sıravi insanlarının beyinlərində rəsmiyyət qazanmışdı.

 

Koronavirusun dünyanı təşvişə saldığı, əksər dövlətlərin vətəndaşları az qala zorla evlərə doldurduğu bir zamanda Niderland özünün adi, gündəlik həyatını davam etdirirdi. Bəzi iş yerlərinin qapadılmasına baxmayaraq, həyat öz axarı ilə gedirdi. Bunu həyət-bacada oynayan uşaqların qışqırtısından, bir-birilə məsafə saxlayaraq söhbət edən adamların hərəkətlərindən, şütüyən maşınların səsindən də hiss etmək olurdu. Niderlandda təşvişdən, həyəcandan, qorxudan əsar-əlamət gözə dəymirdi. Əhali bu fəlakətə şimal soyuqqanlılığımı bəsləyirdi? Ya burada başqa bir anlaşılmazlıqmı var idi? Bəlkə Niderland hökuməti bu virusa başdansovdu münasibət bəsləyirdi? Və ya bu virusun bir oyun, böyük güclərin apardığı bir siyasət olmasını bilmələrimi Niderland adamlarını bu cür davranışa sövq edirdi? Mənim qafamda bu cür cavabsız suallar yaranırdı. Bir mənimmi? Mən hər fürsətdə bu suallara cavab axtarırdım. Amma Niderland hökumətinin bir cavabı var idi: əhali virusa kollektiv müqavimət göstərməli, kollektiv immunitet qazanmaq yolu ilə bu bəladan xilas olmalıdır. Xəstələrin bir çoxunun ev şəraitində müalicə olunması da məqbul sayılır. Başqa heç nə. Nə bir təlaş, nə bir qorxu. Qorxunun əcələ faydasının olmaması həqiqəti burada öz təsdiqini bu şəkildə tapmışdı.

 

Əslində hökumət təhlükənin miqyasını anlayırdı. Müvafiq tədbirlər də görülürdü. İnsanların daha çox toplaşdığı ehtimal olunan müəssisələr, məsələn, məktəblər, restoranlar və s. qapadılır, hər yerdə təhlükəni önləmək üçün dezinfeksiya işləri aparılırdı. Əhalini virusdan qorunmaq qaydaları ilə tanış edən məlumatlara hər addımda rast gəlinirdi. Böyük supermarketlərə alıcıların girişinə məhdudiyyət tətbiq olunmuşdu. Alıcıların mağazalara alış-veriş arabaları ilə girməsi mütləq tələb idi. Müştəri alış-verişini bitirib, arabanı boşaltdıqdan sonra mağazanın işçilərindən biri onun tutacağını xüsusi dezinfeksiyaedici spreylə silib təmizləyir. Yalnız bundan sonra növbəti müştərinin ondan istifadə etməsinə icazə verilirdi. Bu da insanların bir-birinə yaxınlaşmasını önləyən tədbirlərdəndir. Alıcı ilə kassa arasında qoruyucu şəffaf şüşə lövhələrin quraşdırılması insanların təmasını minimuma endirmək məqsədi daşıyırdı. Ticarət məkanlarının girişində qoyulmuş dezinfeksiyaedici məhlullardan və əl kağızlarından müştərilərin istifadə etməsinə şərait yaradılıb. Ölkədə koronovirusun olmasını xatırladan bu yöntəmlərdən savayı gözə dəyəcək nəsə yoxdur. Başqa bir şey hiss edilmir. Görülən tədbirlər də bu qədər. Camaat işində-gücündə, yeni tip koronavirus səbəbindən yaranmış vaxt bolluğunu öz şəxsi rahatlığı üçün istifadə etməkdədir.

 

Əhali arasında tibii maskadan, qoruyucu digər vasitələrdən istifadə hallarına da rast gəlinmir. Yalnız ticarət müəssisələrində satıcıların əlcəklə işləməsinə təsadüf olunur. Bütün ölkə miqiyasında sanki “heç nə yoxdur”, “koronavirus öldürücü olsa da, dəhşətli deyil” abu-havası hökm sürür.

 

Bu virusun yayılması səbəbi ilə fəaliyyətini dayandırmış və ya məhdudlaşdırmış, digər ölkələrlə əlaqələrin olmaması ucbatından işləyə, qazanc əldə edə bilməyən kiçik şirkətlərə dövlətin maliyyə yardımı qısa müddətdə hesablarına yüklənir. Bu əməliyyatdan çox zaman şirkətlərin xəbəri belə olmur. Hesabını yoxlayan şirkət sahibi hesabına 1500 avro pul köçürüldüyünü görür, sanki belə də olmalıdır deyərək, buna o qədər də əhəmiyyət vermir. Dövlət bu maliyyə yardımı ilə vətəndaşının yanında olduğunu və özünün sosial mahiyyətini bir daha sübut edir.

 

Kütləvi tədbirlərə də ara verilib. Hər il ölkə miqiyasında təntənə ilə qeyd edilən Kral Günü (Koninsdag) bu il məhdud çərçivədə keçirildi. Aprelin 27-də bəzi evlərin pəncərə və eyvanlarından vətəndaşların öz təşəbbüsləri ilə asdıqları milli bayraqların və narıncı lentlərin dalğalanması belə bir bayramın varlığını xatırladırdı. Koronavirus milli və dini bayramlara öz təsirini belə göstərmiş oldu. Bundan əvvəl qeyd edilən xristian katoliklərin Pasxa bayramı da bu cür sönük keçmişdi.

 

Bu sətirləri bilgisayara yazdığım mayın 30-da bir gün qabağın məlumatlarına görə, Niderland Krallığında koronavirusa yoluxanların sayı 46 257, virusdan ölənlərin sayı 5 951, müalicədə olan xəstələrin sayı isə 40 056 nəfər təşkil edirdi. Koronavirusun martın 11-dən bu yana ölkə üzrə statistikası belədir. Bir sıra ölkələrlə müqayisədə bu rəqəmlər nə qədər böyük görünsə də, hökumətin gördüyü tədbirlər yuxarıda sadaladıqlarımla məhdudlaşır.

 

P.S.

 

Yeni tip koronavirusun gündəmdə olduğu may ayında qonşu Belçikaya səfərimiz zamanı Niderlanddan fərqli görüntülərə rast gəldik. Bu fərqlilik özünü elə Niderlandla Belçika sərhədində göstərdi. Sərhəddə quraşdırılmış nəzarət-buraxılış məntəqəsində ağız-burunlarına tibbi maska taxmış şəxslər Belçikaya daxil olmaq istəyənlərdən xüsusi icazə tələb edirdilər. Belə icazəsi olmayanlar geri qaytarılırdı. Bizim də icazəmiz olmadığına görə geri qayıtmalı olduq və uzun axtarışdan sonra altenativ yolla Belçikanın Gent şəhərinə gəlib çıxa bildik. Daha sonra getdiyimiz paytaxt Brüsselin küçələrində insanların çoxluğu diqqəti cəlb edirdi. Küçədəkilərin hamısı, demək olar ki, maskada idi. Niderlandın istənilən şəhəri ilə müqayisədə bu mənzərə bizdə qorxu və həyəcan yaradırdı. Bir qədər sonra getdiyimiz Antiverpendə isə maska taxan insanların sayca az olduğu ilk baxışda nəzərə çarpırdı.

(son)

 

Afiq MUXTAROĞLU

Niderland