Səksənini çoxdan yola salmış olması saçlarının bəyazından, üzünün dərin qırışlarından bəlli olan, yetərincə uca boylu holland qadın velosipedinin üstündə baş kəsib, döyüşdən qayıdan məğrur orta əsrlər cəngavəri kimi oturub. Adamın allahı var, ömrün səksənini rahatca qatlayıb qırağa qoysa da, saçları qar bəyazına dönsə də, üzünü dərin qırışlar örtsə də gözəlliyi öləzimiş ocaq yerinin gizlədiyi qor misalı üzə vurmağındadır. Üstəgəl, bütün bunların arxasından bir doymuşluq, toxluq, görmüşlük, xanım-xatınlıq boy verməkdədir.
O, dördbucaqlının perimetri boyunca sıralanmış evlərin önündəki qarajlardan birininin qapısı qarşısında şəstlə velosipedindən enir. Yanından keçən yaşlı qonşusuyla salamlaşır və velosipedini qarajın açıq qapısından içəri salır. Zalımın qızı bir dilinin qıfılını qırıb, qonşusuyla beş kəlmə söhbət də eləmir.
Amma burada hollandların ünsiyyətcil olmasını demədən keçmək istəmirəm. Söhbətlərində səmimi olduqları qədər də, doğruluq sevəndirlər. Sənin bir yalanın illərlə davam edən münasibətlərin sonlanması üçün yetərlidir. Ünsiyyətcilliklərini üzlərindən əskik olmayan təbəssümləri təsdiq edir. Bəzən aşırı dərəcədə söhbətcilləri adamı bezdirə də bilir. Zəvzək, boşboğaz hollandlar da yetərincədir. Elə düşünməyək ki, holland insanlarının hamısı bir bezin qırağıdır və ya hamısı bir papaqdadır. Yox, hər cəmiyyətdə olduğu kimi, Niderlandda da toplum fərqli ünsürlərdən ibarətdir.
Mənim ikinci mərtəbədən həyətin görə biləcəyim hissəsində həyat əlamətləri demək olar ki, hiss olunmur. Təkəm-seyrək gözə dəyən adamlar da evlərindən çıxdıqları kimi maşınlarına minib harasa gedir və ya əksinə, maşından düşdükləriylə evlərinə girməkləri bir olur. Elə bil dallarınca düşən, onlara təpinib gözağartması verən-zad var. İlk dönəmlərdə şəhər küçələrinin adamsızlığı, adamların gözəgörünməzliyi məni xeyli təəccübləndirsə də, sonralar bunun niyə belə olduğunu anlaya bildiyimi düşünürəm. Körpələr bağçalarında, bir az böyük olanlar məktəblərində, böyüklər işlərində-güclərində, qocalar dincəlməklərində, evdə hər rahatlıq var. İsti ocağı, dolu bucağı evdə qoyub, küçədə durmağın, boş laqqırtı vurmağın nə mənası? Asudə vaxt keçirmək, hobbilərini, azarlarını öldürmək istəyənlərin də bəlli məkanları hazırdır. Küçə avaralanmaq üçün yox, harasa gedib-gəlmək üçün bir vasitə, bir məkandır.
Yaz gününün kefini çıxaran gənc ata bağçasında kiçik qızını yelləncəkdə yelləndirir. Dünya bu günəş sarısı qızcığazındır. Yelləncəkdə kəpənək kimi o tərəfə bu tərəfə uçması, bu uçuşdan aldığı ləzzətin böyüklüyünü, yerə-göyə sığmazlığını onun sınan şüşə səsinə bənzər çığırtılarından anlamaq çətinmi şeydir? Özümüz uşaq olmamışıqmı?
Bu da başqa bir gənc ata. Saqqallı gənc ata saçları çiyinlərində dəniz kimi dalğalanan kiçik oğlunu sinəsinə sıxmış halda skuterini sürməkdədir. Heç uşağın yıxılacağı, yerə düşəcəyi kimi bir qorxusu-filanı da hiss olunmur. Ata olan kəs dişini ağartmaqda, kefinin dalındadır. Dəniz dalğası saçları sazağın təsirindən yellənən əl boyda oğlancığın üzünə yayılan təbəssümsə, bu an dünyanın həm də xoşbəxtlik məkanı olduğunu sübut edir. İnsanın xoşbəxtliyi üçün nə qədər az şeylərin lazım olduğunu bu mənzərədən yaxşı nə anlada bilər ki?
Arada itini gəzdirməyə çıxaranlar gözə dəyir. Əslində itini yox, itlərini yazmam daha doğru olardı. Nədən ki, bəzilərinin iki, üç, hətta dörd itlə də çıxdığını görmək adi, sıradan bir şey. Çoxuşaqlı ailə anlayışı var ha, onu Niderlanda baxıb, – təkcə Niderland ha bu dərdin yiyəsi deyil, – çoxitli ailə kimi təqdim etmək olar. Görməmişin yığını elə bil it ferması yaradıb, südünü sağacaqlar. Yuxarıda itini gəzdirməyə çıxaranlar yazmışdım ha, o deyim də əslində burada yerinə düşmür. O üzdən ki, adamcığazlar iti gəzdirmək yerinə, onların özlərini boşaldıb yüngülləşməsi üçün bayırdadılar. Əllərində hazır tutduqları tünd yaşıl torba da itlərin arxalarında buraxdıqları pisliyi toplayıb, məhz bunun üçün qoyulmuş xüsusi konteynerlərə atılması məqsədi güdür. Sahibi gözləyir ki, it işini bitirib özünü boşaltsın, o da it qurut götürən kimi həmin pisliyi torbaya yığsın.
Niderlandın hər yerində olduğu kimi Feynendalın (hollandcası Veenendal) bu məhəlləsində də səliqə-sahman, təmizlik adamın gözünə girir. Məhəllədə maşınlar üçün nəzərdə tutulmuş park yerlərində, demək olar ki, boş yer görünmür. Rəngarəng maşınlar bir-birindən eyni məsafədə sıralanıb. Deyərsən ki, onları xətkeşlə ölçüb düzüblər. Nə bir santimetr o tərəfə, nə bu tərəfə. Pərakəndəlik, dağınıqlıq, harda gəldilik, necə gəldilik buralara yaddır. Guya maşını bir az yanakı, bir az köndələninə saxlasan dünya dağılacaqmış? Nə bilim, vallah, bizdən fərqli olaraq bunlar da belə dərdin yiyəsidirlər.
...De, Allah amanında, özünüzü qoruyacağınız ümidiylə üç nöqtəmi qoyuram...
Afiq MUXTAROĞLU
Niderland Krallığı,
Veenendal