Mən həmişə hər kədərdə bir sevinc, hər sevincdə bir kədər axtararaq şeytana qalib gəlmək istəmişəm. Bəzən böyük sevinclərdən qorxmuşam ki, şeytan qısqanar. Ən kədərli anlarda isə o qaranlıqda qığılcım boyda da olsa bir işıq tapıb təskinlik tapmışam.

 

Üç il əvvəl Türkiyədə baş verən zəlzələ ümumi kədərimiz idi. Eyni zamanda təbiətin, bəlkə də həyatın göz qırpımı tezliyində edəcəklərini bir daha xatırladıq. Hadisələrin gedişatı və mənəvi dayağından yazmıram, çünki hamımıza bəllidir. Məni həm sevindirən, həm kövrəldən, həm də düşündürən bilirsiz nə olmuşdu? –Aksioma olan arvad söhbəti.

 

Məktəbdən gəlirdim, yolda arvadlar gap edirdilər:

 

– “Ağız, hamı Türkiyəyə yardım yolluyur. O yazıq Suriya, İran da pis gündədir. Deyəsən bizlərdən oralara elə kömək-zad getmir, eləmi?”

 

İkinci qadın bacılığının sözünü ağzında qoydu:

 

– “Sənin də yığvalın ağ gəlsin. Az, bə bilmersənmi Türkiyəynən biz qağayıq, qoy onların da öz qağaları yardım yollasın”.

 

Çox təəssüf ki, yoluma davam etdim, “ekspertlərin” maraqlı analizlərinin davamını dinləyə bilmədim...

 

“Qulpundan çıxanlardan” Türkiyədə zəlzələdən zərərçəkən həmmillətimizə yardım yollayan bu sadə qadınlar mənə çox xoş təsir bağışladılar. Yəqin heç vaxt Türkiyənin o biri başında yaşayan o insanlar bilməyəcəklər ki, Gürcüstanda olan Borçalı kasabasında (onlar belə adlandırır), uzaq bir kənddə bu sadə ev qadınları “qulpundan çıxan” ianəylə və hətta uşağının libasını bölməklə doğmaları bildikləri qağalarına mənəvi dayaq olmağa çalışırdılar. Yəqin köhnə Sovet avtomobilinə yorğan-döşək yükləyən soydaşımız yadınızdadır. Əlbəttə, biz Gürcüstan azərbaycanlıları da biganə olmadıq. Əl arabasında məişət əşyaları aparan qaraçöplü qadın da gündəmdə idi. Əlbəttə, ən böyük yardım heç nədən hər şey etməkdir. Biz bunu etdik!

 

Məktəblərdə müəllimlər maaş alan kimi siyahı təşkil etdilər, şagirdlər, tələbələr könüllü qoşuldular, hər kəs bacardığından büdcə yaratmağa çalışdı. Kəndlərimiz isə evindən yorğandan geyimə, kim nə bacardı etdi...

 

Bax, dediyim kədərin içindəki sevinc bu idi. İnsanlar həyatın olacaqlarını dərk edərək nəinki insanlaşır, hətta millətləşirdi. Yadıma uşaqlıqda yaşadığım, dövrünə görə dərindən anlamadığım, amma yaddaşımda qalan xatirələr düşdü. Anam Bakıdakı “mitinqçilərə” yardım boxçası yollayanda mənim sevdiyim balı banka ilə qutuya qoymuşdu... “Biz sonra alarıq, onlar soyuqdadılar, qoy xəstələnməsinlər” demişdi. Düşünürdüm yəqin anam onları tanıyır, yoxsa niyə “xalxın uşaqları” üçün belə narahat olsun ki. Sonra gördüm tək anam yox, bütün qohumlar, tanışlar üçün onların hamısı qohum imiş.

 

Mən o gündən bu günə qədər xalqımızı millət olaraq iki dəfə belə həmrəy gördüm. Azadlıq hərəkatı dövründə o vaxtkı düşüncəmi analiz etsəm yalan olar, çünki danışılanları xatırlayıram. Azərbaycanda II Vətən müharibəsi və Türkiyədəki zəlzələ mənə qürurverici hisslər yaşatdı. Əlbəttə, yazdığım kimi, kədərə qatlanmaq üçün işıq yolu axtarırdım.

 

44 günlük müharibədə Xudayarlar üçün birgə göz yaşı tökdük, hər qarış geri alınan Azərbaycan torpağına birgə sevindik. Nə fərqi var haralıyıq – gəncəlisən, göyçəlisən, ərdəbillisən, dərbəndlisən, əsas o idi ki, həmdərd idik. Biz borçalılar Qarabağı görməmişdik, olmamışdıq, bəlkə də çoxumuzun oradan heç tanışı da yox idi, amma hamımız qarabağlı idik, ümumiliklə qələbə xəbəri gözləyirdik, aldıq da, hərbin bir tərəfi də birlik idi. Yazmışdım axı, şeytan qısqanır. Bu doğmalığımız da tezcə “korşaldı”.

 

Türkiyədə baş verən zəlzələ biz borçalılar üçün də çox kədərli oldu. Azərbaycan başladığı yardım kampaniyasına əvvəl biz müəllimlər qoşulduq, sonra maliyədə, xəstəxanalarda işləyən xalqımızın nümayəndələri, hətta könüllü olaraq tələbə və şagirdlər də qoşuldular. Libasdan oyuncağa, pul yardımına qədər kimin “qulpundan” nə çıxdı yardımçı olmaq istədi. Bəli, biz kədərimizə birgə qatlandıq. Kimliyimizdən, təhsilimizdan, sosial təbəqəmizdən asılı olmayaraq yenidən həmdərdimizə həmrəy olduq. Nar çubuqları kimi, kimsə bizə dəst halında qalib gələ bilməz deyərkən şeytanı da qorxuduruq. Biz belə olanda necə gözəl oluruq, bəs niyə sonra belə birtəhər oluruq. Gərək bizi doğmalaşdırmaq üçün mütləq nəsə baş verəmi yəni?! Olmazmı həmişə kədərimizin yaratdığı doğmalıqda qalaq. Doğmalıqdan uzaqlaşdıqca bədliyi özümüzə yaxınlaşdırırıq. Pis hadisələrdə yenidən doğmalaşırıq. İnanın ki, elədir! Bəs Sabir yazırdı ki, çirmənirik keçməyə çay gəlməmiş...

 

Esmira Ələkbərli