Vətən anlayışı o qədər çoxşaxəlilik gətirir ki, bəzən bilmirsən doğulduğun yerə, uşaqlığının keçdiyi yerə, maddiyyatın apardığı, yoxsa mənəviyyatının çəkdiyi yerə VƏTƏN deyəsən. Məncə, uşaqlıqda arzularının, gənclikdə karyera qurmaq arzusuyla maddiyat arxasıyca getsək də, yaş-yaş üstə gəldikcə mənəvi tələbatın çəkicilik qüvvəsi bizi daha çox çəkir. Bax, elə vətən dediyimiz anlayış bu olsun gərək!
Yazdıqlarımı təcrübəmdə görsəm də, yaxınlarda şahidi olduğum hadisə fikrimi dəqiqləşdirdi. Tamada “vəzifəsi” bizə gürcülərdən gəlib desək də, mənası aparıcılıq olan bu peşəni hər adam gözəl idarə edə bilmir. Xoşməramlı yığıncaqlarda bəzən şablondan fərqli maraqlı tamadalar da olur.
İştirakçısı olduğum toyda maraqlı məqamları gözəl tərənnüm edən bir tamada vardı. “Bəyin uşaqlıq dostları” deyərək təqdim etdiyi gənclər Bakıdan gəlmişdilər. Yay tətilini kəndində keçirən bu gəncləri geniş təqdim edən tamada az zamanda çox “iş” gördü. Məlum oldu ki, nəinki Gürcüstan əsilli, hətta vətəndaşlığı belə Gürcüstan olan bu gənclər ilk, orta və ali təhsillərini Azərbaycanda, Bakıda alıblar. Müxtəlif ixtisas təhsillidirlər: polis, mühəndis, həkim, tarixçi və maliyyəçi. Vətəndaşlıqları olmadığı üçün rəsmi işlə yox, özəl olaraq çalışırlarmış. Artıq qərar veriblər ki, qayıdıb Gürcüstanda yaşayıb, işləyəcəklər. Hətta iş yerləri də tapıblar, hazırda dövlət dili sertifikatı almaq üçün kursa gedirlər. Bir sözlə, bu tamada 10 dəqiqə ərzində bu gəncləri təqdim etdi və məqsədlərini də, məramlarını da açıqladı. Elə məclisdə hamılıqla xeyir-dua da verildi. Vətən oğullarının Vətənə dönməsini alqışladılar da. Əsl tamada olan bu aparıcı gənclərin təqdimatından sonra öz cibindən pul çıxarıb – “Bu şərəfə sifarişi mən verərəm. “Bakıda doğulmuşam, Borçalıda qalasıyam” oxuyun – dedi və özü də gənclərlə rəqs elədi.
Bu gənclərin timsalında tanıdığım neçə-neçə ailələrin səhv olduğunu bilə-bilə etdiyi səhvin nəticələrini görmüşəm. Tanıdığım ailələrdən biri də var ki, özləri də təhsillidir. Evləri də var, bağları da (başqasının adına). İşlərini də qurublar (yenə başqasının adına). Öz qurduğu işdə özü kənar şəxs kimi müqavilə ilə işləyir. Övladlarını da oxudublar. Özü də bütün Azərbaycandakılar kimi, birinci sinifdən hazırlıqlarla. Sonra da yüksək balla unuversitetlərə qəbul olsalar da əcnəbi vətəndaş kimi ödənişli təhsil alıblar. Sonda dövlət işində işləyə bilməyiblər. Oğlu atasının qurduğu işdə rəsmi müqavilə ilə iyirmi faiz gəlir vergisi ödəməklə işləyə bilib. Qızı də özəl klinikada yenə müqavilə ilə işləyib. Milli yerli mentalitetimizlə, mütləq öz ellimizlə evlənməliyik “statusumuzla” da ailə qurublar və nəticədə tamamilə “əcnəbi” olublar. Mənim fikrimcə, o ailənin maddi hər şeyi var, amma elə bil heç nəyi yox kimidir. Hər nə var – saxta sənədlə, yəni başqasının adına...
Sözümün mustafası başqadır. Kimlərinsə böyük sərmayəsi var. Bu, onun şəxsi işidir. Söhbət sıradan insanlardan gedirsə, bax, o illərlə kənarda çəkilən əziyyətdənsə, qəriblikdə qıraq olmaqdansa gəlib öz elində kimsə olmaq yaxşı olmazdımı?! Axı hər dövlətin öz vətəndaşlıq qanunları var. Bu, onun Konstitusiyasıdır. Yalnız referendumla dəyişə biləcək qanunları... Azərbaycan borçalılara bu qədər güzəştlər edir, şərait yaradır. Amma səni əbədi saxlayıram demir. Sənə qanad verdim, amma get dədə yurdunda qanad aç deyir. İnanın, fərasətli insan hər yerdə özünü tapa bilir, bacarmayan da heç yerdə bacarmayacaq. “Ursetlərə”, “Avropalara” minlərlə insanlar gedir, məgər hamısı özünü “tuta” bilirmi? – Bax, budur sual!
Bizə adı, şöhrəti, sərvəti Vətən vermir, özümüz qazanırıq və Vətəni ucaldırıq. Odur ki, GƏNCLƏR, insan lazım olduğu yerdə dəyərli və rahatdır. Bakıda doğuldunuz, Gürcüstana xoş gəldiniz! Davamı gəlsin!
Esmira ƏLƏKBƏRLİ