Hər səhər eyni həyəcanla, eyni təlaşla yuxudan oyanırıq. Bir yerlərə tələsir, harasa çatmalı olduğumuzu düşünür və zamanın necə əriyib getdiyini hər saata baxdığımızda gördüyümüz, ancaq ciddiyə almadığımız saniyə əqrəbində çarəsizcə izləyirik. Əslində, hamımızın yaşadığı mənzərə eynidir. Zaman qısa, məsafə məhdud, amma içimizdəki arzu, istək adlandırdığımız inadkar yol isə sonsuzdur. Biz buna bəlkə də “qısa məsafəyə uzun qaçış” adını da verə bilərik.
İnsan qəribə bir varlıqdır. Dünyadakı ömrünün hüdudlarını çox yaxşı bilir. Bilir ki, bu dünya heç kimə əbədi məskən olmayıb və olmayacaq da. Buna baxmayaraq həmin bu insan içində elə böyük xəyallar, elə uzaq hədəflər və bitmək bilməyən arzular daşıyır ki, sanki əsrlər onun üçün çox kiçik bir zaman dilimidir. Biz bir göz qırpımında bitəcək bir ömrün içində əsrlərə sığmayacaq abidələr ucaltmağa çalışırıq. Və ən maraqlısı da odur ki, bizi insan edən, bizi ayaqda saxlayan və bu dünyanı gözəlləşdirən güc də elə bu ziddiyyətin özündə gizlənib.
Qısamüddətli bir ömürdə uzunmüddətli xəyallar qurmaq bir qəflət deyil, əksinə, insani bir ümiddir. Lakin burada incə bir tarazlıq var: bu qaçışda nəfəsimizi necə tənzimləyirik? Dünyanı əbədiymiş kimi zənn edib hər şeyi unuduruqmu, yoxsa fanilik hissi ilə hər şeydən əlimizi-ətəyimizi çəkirikmi?
Bax, tam bu yerdə neçə əsr bundan əvvəl gələn və insan psixologiyasının, varlığının ən mükəmməl formulunu verən o mübarək tövsiyə ağlımıza, ruhumuza işıq salır. Həzrət Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Bu gün öləcəkmiş kimi axirət üçün, heç ölməyəcəkmiş kimi dünya üçün çalışın”.
Bu hədisi-şərif, əslində, içimizdəki o “qısa məsafəyə uzun qaçış”ın ən gözəl yol xəritəsidir. O bizə demir ki, ömür qısadır, hər şeyi buraxın və sadəcə sonrasını düşünün. Və ya demir ki, dünya gözəldir, axirəti unudub bura qapanın. Bu sözlər bizə ruh yüksəkliyi və möhtəşəm bir tarazlıq aşılayır. “Heç ölməyəcəkmiş kimi dünya üçün çalışmaq” – ağac əkməkdir, elm öyrənməkdir, gələcək nəsillərə qalacaq bir irs qoymaqdır, xəyal qurmaq və o xəyalın arxasınca getməkdir. Bu, dünyaya dəyər qatmaq, onu abad etmək missiyasıdır. Eyni zamanda, “bu gün öləcəkmiş kimi axirət üçün çalışmaq” isə o qaçışın ortasında bizə imanımızı, vicdanımızı, ədalətimizi, səmimiyyətimizi və qəlbimizi qorumağı xatırladır. Bizə “yavaşla və hara qaçdığını unutma” deyir.
Biz qısa bir məsafənin yolçularıyıq, bəli. Amma içimizdəki o uzun qaçış, xəyallarımız, dünyaya buraxmaq istədiyimiz xoş izlər bizim bu həyatdakı imtahanımız və gözəlliyimizdir. Əsas odur ki, qaçarkən yıxılmayaq, ətrafımızdakıları sındırmayaq və ən vacibi: bu iki dünya arasındakı o müqəddəs tərəzini heç vaxt itirməyək.
Yolumuz qısa ola bilər, amma qoy xəyallarımız və əməllərimiz o yolu əbədi etsin.
Hacı Bəkiroğlu