Özünü tərifləyən, özünü öyən, özündən ağzı sulana-sulana danışan, bir cümləsində beş-altı dəfə “mən” şəxs əvəzliyindən ucuz istifadə edən adamlardan uzaq durun. Fərqi yoxdur, kim olur olsun – santexnika ustası olsun, suvaqçı olsun, müəllim olsun, şair olsun, deputat olsun, icra başçısı olsun, naxırçı olsun, işsizlikdən əziyyət çəkərək gününü çayxanalarda berqamot ətirli ucuz çayotularla dəmlənmiş çaydan qurtumlayaraq domino çırpmaqla keçirən orta statistik vətəndaş olsun, lap belə xarici vətəndaş olsun, ikili vətəndaşlığı olan şəxs olsun... – özünü öyən, özünü tərifləyən, içinin otu-suyu olmayan gördüyü işi göyün yeddinci qatına qaldıran, onun-bunun gözünə soxan, qarşısındakına bir-iki kəlmə deməyə imkan vermədən təkcə özü danışan adamlardan özünüzü qoruyun, səhəttinizi qoruyun, sərhəddinizi qoruyun.

 

Bu cür insanlar fürsət düşən kimi, münbit şərait tapan kimi başlayırlar özlərini tərifləməyə. Toyda, yas mərasimində, digər tədbir və yığıncaqlarda onları başlarına beş-altı adamı yığıb yüksək səslə özlərindən, öz işlərindən danışan görərsiniz. Yenə deyirəm, fərqi yoxdur, hansı işin sahibi olursa olsun, bu mən-mən deyənlərin ilkin əlamətləri yüksək səslə özlərini öymələridir.

 

Məsələn, şairdirsə başlayacaq bütün şairləri pisləməyə, bütün şeirlərdə plagiat elementləri axtarmağa, öz adını isə Nizamiylə, Füzuliylə birgə çəkməyə. Şeir oxu deyəndə də, ya şaha mədhiyyə oxuyacaq, ya rəiyyətə həcv...

 

Məsələn, deputatdırsa başlayacaq öz partiyasını öyməyə, müxalifəti söyməyə, jurnalisti döyməyə. Ki, korsunuz, görmürsünüz yollara döşətdiyim qapqara asfaltı, işıq dirəklərini, uşaq yellənçəklərini. Asfaltlı, işıqlı yolları, trenajorlu, atraksionlu parkları, dekorativ kolları 90-cı illərin ağır vəziyyəti ilə müqayisə edəcək, elə danışacaq, guya bu olmasaydı bütün bu işlər olmayacaqdı, guya bütün bu işləri dədəsinin pulu ilə görüb. Qıraqdan baxan da elə biləcək ki, gözlənilən Mehdi deyəsən elə budur, day gedib orda-burda ədalət axtarmasın, elə yapışsın bu həzrət deputatın pencəyinin ətəyindən, ağanın dərəyə sür əmrini gözləsin. O özünü tərifləsin, bu qulaq assın, o özünü tərifləsin, bu qulaq assın, biri tərifdən məsti-xumar olsun, digəri xəstə-bimar...

 

Məsələn, hansısa bir məclisdə bir də görürsən ki, hamının pislədiyi müəllim özünü qoyub Everest zirvəsinin şiş ucuna ki, ay mən belə dərs keçirəm, mənim metodikam sovet təhsil sisteminin metodikasıdır, indikilər yaramır, cavanlar qanmır, əvvəl elə bilirdilər müəllim çörək yemir, tualetə getmir və daha nələr, nələr. Süfrədəkilər də gözlərini bu sovetdənqalma müəllimə dikib başları ilə təsdiqləyəcəklər. Daha deyən olmayacaq ki, ay müəllim, niyə yalan danışırsan axı, bəs bayaqdan yediklərin nədir, süfrədəki bütün içkilərin dibinə çıxdın, elə bu restoranın tualetinə yeddi dəfə getmisən bayaqdan. Sovet təhsil sisteminin nağıllarına necə inanmısansa hələ də o eyforiyadan çıxa bilmirsən, şagirdlərin başına, əllərinə endirdiyin nar cubuğu üçün darıxırsan gecə-gündüz. Vallah, billah, özünü tərifləməklə bu qədər yorma, onsuz da hamı bilir ki, metodikan doğrudan da sovetdənqalmadır, naftalin qoxuyur, onsuz da hamı bilir ki, yeniliklərlə ayaqlaşa bilmirsən, imtahanları verə bilmirsən, imtahanları verib uğur qazanan gənc müəllimlərə paxıllanırsan, onların məktəbdə dərs deməmələri üçün əlindən gələni edirsən, cavanları pisləyirsən, saat davası döyürsən, seçkilərin saxtalaşdırılmasında canla-başla iştirak edirsən, donos yazırsan və sair və ilaxır...

 

Və bu cür özünü tərifləyən, özünü öyən, keçmişi ilə fəxrlə ağızdolusu hündürdən danışan adamlar insanın enerjisini sorurlar. Təriflərinə inanıb onlara iş etibar edirsən, işin zibilini çıxarırlar. Ona görə də kim olur olsun, istər fəhlə olsun, “xadavşik” olsun, fermer olsun, rəssam olsun, qarpız satan olsun... – özünü tərifləyən, özünü öyən adamlardan həmişə uzaq durun.

 

Azər MUSAOĞLU