“– Quzum, yavrum! Adın nədir?

– Gülbahar.

– Pəki, sənin anan, baban varmı?

– Var.

– Nasıl, zənginmidir baban?

– Əvət zəngin, bəyzadə...

– Öylə isə, geydiyin geyim niçin böylə sadə?

Yoxmu sənin incilərin, altun bilərziklərin?

Söylə, yavrum! Heç sıxılma.

– Var, əfəndim, var.... lakin

Müəlliməm hər gün söylər, onların yox qiyməti.

Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti.

– Pək doğru söz”...

 

Görkəmli şair, yazıçı və dramaturq Hüseyn Cavidin “Bir qız” (“Qız məktəbində”) şeiri didaktik nümunə olmaqla çox dərin mənaya malikdir. Müəllif əsərdə sadə geyimli, bəzək-düzəksiz məktəbli qızın – Gülbaharın suallara verdiyi cavablar timsalında uşaq və yeniyetmələrdə görməyi vacib saydığı mənəvi keyfiyyətləri irəli çəkmişdir. Bu dialoq məktəbli qızın təmiz qəlb aləmini, həyata sağlam baxışını üzə çıxarmaqla digər uşaqları da onun kimi mənəvi ucalığa, kamilliyə səsləyir. Bilgini, təhsili hər şeydən üstün tutur. Bilgini qızın zinəti, sərvəti sayır.

 

İndi keçək günümüzdəki reallığa. Bəs valideynlər də elmi, savadı qızın zinətimi sayır? Qızları üçün   elmə, savada yiyələnməkdə nə qədər təşəbbüs göstərirlər? İstisnaları çıxmaq şərtilə. Əlbəttə ki, indi bu sualın cavabını hər kəs özünəməxsus tərzdə fikirləşəcək.

 

Ürəkağrıdıcı faktdır ki, bir çox qızlar nəinki ali təhsil, heç orta məktəbi bitirə bilmir və inkişafdan, cəmiyyətdəki yeniliklərdən geri qalırlar. Bunun ən başlıca səbəbi valideynlərin məsuliyyətisizliyi və ətraf mühitin mənfi təsiridir.

 

Valideynlər övladlarının taleyinə laqeyd yanaşırlar, “İmkanım yoxdur oxutmağa”, “Qız nədir, oxumaq nədir”,  “Xeyrini, bəhrini başqasının ocağına aparacaq” deyə bəsit düşüncələrlə bəhanələr gətirərək onların gələcəyini kor qoyurlar. Son zamanların ən çox işlənən bəhanəsi “İmkanım yoxdur oxutmağa”dır. Bu yerdə məni heç kəs qınamasın, çünki “imkanım yoxdur” deyən valideynlər əvvəlcə  9-cu sinifdən qızlarını məktəbdən ayırır, sonra bir neçə aya toyunu edirlər. Bahalı cer-cehiz alıb, neçə  minlik xərc çəkib toy edəndə valideynin heç yadına düşmür ki, “imkanı yoxdur”. Bu cəhətdən camaatdan geri qalmaq istəmir, ancaq qızlarını oxutdurub əlinə çörək ağacı verən valideynlərdən geridə qalırlar.

 

Gətirdiyim nümunələr şahidi olduğum hadisələrdən qaynaqlanır. Axı özümüz özümüzü niyə aldadırıq? Bəhanələr gətirməyin mənası yoxdur. Düzdür, dolanmaq çətindir, hər şey bahalaşıb, iş-güc də bir elə yoxdur. Ancaq təhsil hər şeydən üstündür, qiymətlidir. Qızlarımız vaxtında təhsil almalıdırlar. Universitet olmasa da kollec oxutdurun, bir peşə yiyəsi olsun. Bunları bacarmırsızsa, heç olmasa şərait yaradın orta məktəbi bitirsin. Məktəb görməyən adamlar cahil hesab olunurlar. Cahillər isə daim başqalarının istəklərinə alət, işlərinə oyuncaq olurlar. İnsanı başqa varlıqdan fərqləndirəcək bir şey varsa, o da elm, mərifət və sənətdir. Bunlar isə məktəbdə öyrədilir.

 

Əziz valideynlər, unutmayın ki, qızlarınızın tək zinəti ancaq aldığı elm, savad olacaq. Bu xeyirli işdə  qızlarınızın yanında olun, bunu onlara hiss etdirin, əlinizdən gələni əsirgəməyin. Elimizin, obamızın  elmli, savadlı düşünən gənc beyinlərə ehtiyacı var. Onların parlaq gələcəyi ola bilər, onlara dəstək olun!

 

Dilarə TƏHMƏZOVA