Mədəniyyət insanın mənəvi dünyasının aynasıdır. O, təkcə zahiri görkəm və biliklə ölçülmür, insanın davranışı, ünsiyyət tərzi, dünyagörüşü və əxlaqi keyfiyyətləri də mədəniyyətin ayrılmaz hissəsidir. Cəmiyyətin sağlam və səmimi münasibətlərə əsaslanması üçün hər bir fərdin mədəni davranışı mühüm rol oynayır.

 

Mədəni insan yalnız bilikli və savadlı olmaqla kifayətlənmir. O, öz ətrafındakı insanlara hörmətlə yanaşan, böyüyə ehtiram, kiçiyə qayğı göstərən, nəzakətli və ədəb qaydalarını bilən şəxsdir. Mədəni insanın davranışı onun tərbiyəsindən, ailədən aldığı dəyərlərdən və həyat təcrübəsindən qaynaqlanır.

 

Məsələn, gündəlik həyatda sadə görünən nüanslar – birinə təşəkkür etmək, üzrxahlıq etmək, ehtiyacı olan insana kömək əlini uzatmaq insanın daxili aləminin güzgüsüdür. Bu keyfiyyətlər insanın daxili dünyasını zənginləşdirərək onu cəmiyyət tərəfindən hörmət edilən şəxsiyyətə çevirir. Unutmayaq ki, insanı həqiqətən ucaldan onun görünməyən yaxşılıqları, danışılmayan fədakarlıqları və heç kimə göstərmədən etdiyi xeyirxah əməlləridir.

 

Uşaqlarımızın, həyat yoldaşımızın, dostlarımızın və ümumiyyətlə, ətrafımızdakı insanların ədəbli, nizam-intizamlı və xoş xasiyyətli olmasını istəyirik. Bu keyfiyyətlərin insanlarda necə formalaşdığını, ədəbli insanın kim olduğunu və əxlaqın mahiyyətini dərk etmək vacibdir.

 

Fikrimcə, cəmiyyətdə əsl insan olmaq üçün nə aristokrat ailədə doğulmaq, nə də böyük sərvətə sahib olmaq vacibdir. Həqiqi insan olmaq daha çox daxili zənginlik, geniş dünyagörüşü və yüksək mənəvi dəyərlərlə müəyyən edilir. İnsan özü-özünü tərbiyə edərək, bilik və mədəniyyətini inkişaf etdirərək əsl insan ola bilər.

 

Əsl insan olmaq ilk növbədə mədəniyyətə sahib olmaq deməkdir. Mədəni insan olmaq yalnız savadlı və ya diplomlu şəxs olmaq demək deyil. Mədəni insan geniş dünyagörüşünə malik olan, fikirlərini səlis ifadə edə bilən, istənilən mövzuda müzakirə aparmağı bacaran və eyni zamanda insanlarla nəzakətli olan şəxsdir. O, biliklərini gözə soxmaq, özünü yuxarıdan aparmaq məqsədilə deyil, qarşısındakını anlamaq və faydalı fikir bildirmək üçün danışar. Lakin mədəniyyət yalnız bilik və səlis danışıqla da ölçülmür. Əsl insan olmaq üçün əxlaqi keyfiyyətlər və yüksək ədəb-ərkan da zəruridir. Ədəbli insan öz davranışı ilə ətrafına müsbət təsir göstərir.

 

Xalq arasında “insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar” deyimi bu həqiqəti gözəl ifadə edir. Doğrudur, ilk baxışda insanın zahiri görkəmi diqqət çəkə bilər, lakin uzunmüddətli münasibətlərdə insanın ağlı, dünyagörüşü və davranışı əsas rol oynayır. Xarici görünüş yalnız ilkin təəssürat yarada bilər, amma insanın dəyəri onun daxili zənginliyində və mənəvi keyfiyyətlərində gizlidir.

 

Bəzən zahirən cəlbedici və gözəl geyinmiş insanlar öz davranışları ilə bu təsəvvürü alt-üst edirlər. Onlar insanların gördüklərinə həddindən artıq əhəmiyyət verərək, əslində vacib olan daxili keyfiyyətləri unudurlar. Halbuki insanın əsl dəyəri onun xeyirxah əməllərində və nəcib davranışlarında üzə çıxır. Xalqımızın “bəzən çox qəşəng, səliqəli geyinmiş bir adam ağzını açanda dindirməyinə peşman olarsan” deyimi bu gerçəkliyi tam təsdiqləyir. Gözəl görünüşün arxasında kobud və tərbiyəsiz davranış varsa, bu insanın cəmiyyətdə yer tapması mümkün deyil.

 

Əsl insan olmaq həm də xeyirxah olmaq deməkdir. Xeyirxahlıq insanın daxili aləminin zənginliyindən doğan ən ali xüsusiyyətlərdən biridir. Bir atalar sözündə deyildiyi kimi, “Yaxşılıq elə, dənizə at, balıq bilməsə də, Xaliq bilər”. Xeyirxah insan etdiyi yaxşılıqları nümayiş etdirməz, bunu qarşılıq gözləmədən, səmimi niyyətlə edər. 

 

Bütün bu xüsusiyyətlərin ən mühüm göstəricisi isə insanın nitqidir. Danışıq tərzi insanın tərbiyəsi, dünyagörüşü və mədəniyyət səviyyəsinin ən parlaq aynasıdır. Xoş rəftarla, nəzakətli və səlis danışmaq insanın hörmət qazanmasına şərait yaradır. Kobud və aqressiv ifadələr isə insanın nüfuzuna mənfi təsir göstərir. Ədəbli və mədəni insan nitqində hər zaman incə davranmağa, başqalarının hisslərini nəzərə almağa çalışar.

 

Yaxşı insan olmaq üçün var-dövlətə və ya yüksək mövqeyə sahib olmaq kifayət deyil. Əsl insan olmağın təməlində mənəvi zənginlik, xeyirxah ürək, gözəl əxlaq və ədəb dayanır. Bu dəyərlər insanı cəmiyyətdə hörmətə layiq edir və ona əsl şəxsiyyət kimi tanınmaq imkanı verir.

 

Həyatda uğur qazanmaq və sevilən insan olmaq üçün hər birimiz əvvəlcə daxili aləmimizi zənginləndirməli, əxlaq və ədəbə üstünlük verməliyik. Belə insanlar özləri ilə yanaşı, ətraflarını da gözəlləşdirir və cəmiyyətə müsbət təsir göstərirlər. Əsl insan olmaq zahiri gözəllikdən deyil, qəlbin və ruhun gözəlliyindən başlayır.

 

Aytən FƏTULLAYEVA