Şikayət və məsləhət, necə də dərd və dərmanı andırır, elə deyilmi? Buradan baxanda düzgün dərman və düzgün məsləhətlə həll olunmayacaq problem yoxdur kimi görünür. Bəs görəsən düzgün dərd və düzgün şikayət deyə bir şey varmı? Problemin həll olunmasında rolları varmı?

 

Yaşadığımız dövrü səbəb göstərərək sonsuz sayda şikayət haqqımızın olduğunu tez-tez dilə gətiririk. Dilə gətirməklə yanaşı, maksimum dərəcədə də bu haqqımızdan yararlanırıq. Birini belə ziyan etmirik. Lazım olsa, çörəyi, yeməyi, digər haqlarımızı ziyan edərik, amma şikayət haqqı tamam fərqlidir bizim gözümüzdə...

 

Birimiz “çox yorğun hiss edirəm” deyə deyinəndə, digərimiz sən özününkünü dərdmi sanırsan intonasiyası ilə “mən həm yorğun, həm xəstə, həm də depressiv hiss edirəm” deyirik. Biri “borcum var” deyə dərdlənəndə, biz “həm borcum var, həm də evsiz-eşiksizəm” deyə əlavələr edirik. Biri “ölürəm” deyə şikayətlənəndə, az qalırıq “mən daha çox ölürəm” deyək. Məzarda yatanı belə utandırırıq ölü olduğuna, elə ah-nalə edirik ki, az qalır dil açıb desin ki, gəl uzan, sənin daha çox haqqındır.

 

Hər şeydə olduğu kimi, dərdlərlə də yarışırıq, amma onları bölüşə bilmirik. Buna görə də ayrıca şikayətlənirik. Çünki məqsədimiz dərdimizi danışmaqdan çox, digərinin dərdini kölgədə qoymaq olur. Problemin həllinin onun sadələşdirilməsi ilə başladığını bilsək də, elə adi, kiçik şeylərə vaxt ayırmağı özümüzə yaraşdırmırıq. Ya da ki, bir ehtimal yenə var, amma olduqca qorxuducudur: Problemimizin həll olunmasını istəmirik. Çünki problem olmasa, necə yaşayacağımızı təsəvvür edə bilmirik, etməmişik. Bəzilərini elə mənimsəmişik ki, çox insan bizi onlara görə tanıyır. Belə bir şeyin anidən yox olması, sevincdən çox itki, boşluq gətirər kimi gəlir bəlkə də. Çünki həyatımızı o problem ətrafında fırladırıq, ona görə formalaşdırmışıq. Lazımi bütün şəraiti, konfortu yaratmışıq ki, bizdən ayrılmasın.

 

Yaxşı, şikayətdən yetərincə şikayətləndik. İndi keçək məsləhətə.

 

Adətən, şikayətlə qoyduğumuz bünövrəni məsləhətlə davam etdiririk. Ancaq məsləhətdə o qədər ustalaşmışıq ki, bünövrəyə ehtiyac duymadan saraylar tikirik. Bu da xəstə olmayan birinə hər gün fərqli resept yazmaq kimi bir şey olur. Həqiqətən xəstə biri ilə qarşılaşanda da, ağrıkəsicilərdən (universal məsləhətlərdən) istifadə edirik. Məsələn, gəlin indi universal məsləhətlərdən ən çox yayılmışını müzakirə edək. Bu məsləhət yaşından, işindən, ixtisasından, ailə vəziyyətindən asılı olmayaraq hər kəsə uyğun görülən o məsləhətdir: “Bala, ağıllı ol!” Bu eşitdiyiniz cümlə, təəssüf ki, bəzi valideynlər və uşaqları arasında keçən tək söhbətdir. Heç kim bu məsləhəti açıqlamağa, yanına sözlər əlavə etməyə, müzakirə etməyə ehtiyac duymur. Birindən daha çox təcrübəli, daha çox bilikli, daha çox görüb-götürmüş görünməyin yolu bu məsləhətdən keçir. Bir söz nə qədər çox istifadə olunarsa, bir o qədər tez əzbərlənir. Yəqin təsdiqləyərsiniz ki, əzbərləmək öyrənməkdən çox uzaq bir kəlimədir. Məsələn, mən yeni danışmağa başlayanda bu söz mənə ən çox ağlayanda deyilirdi. “Ağıl” o zamanlar mənim üçün ağlamamaq idi.

 

Bir az böyüdüm, artıq anamın əlindən tutub qonaq gedəcək yaşa gəlmişdim. Orada əlimi xoşuma gələn bir şirniyyata uzadan kimi, anam mənə “ağlama!” dedi. Mən də dediyini anlamayıb götürdüyüm şirniyyatın kağızını soyanda, anam daha hiddətlə qışqırdı. O gün anladım ki, ağıl, ağlamaq yox, şirniyyat yeməməkmiş.

 

Bir az daha böyüdüm, birinci sinif şagirdi oldum. İlk gün məktəbə gedəndə dostlarımı tanımağa çalışırdım. Elə bu yerdə müəllim “şirniyyat yeməyin” dedi, mən də başımı yuxarı-aşağı sallayaraq “yaxşı” dediyimi göstərərək söhbətə davam etdim. Bir dəqiqə sonra ağılın sakit durmaq olduğunu anladım. Sonra sinifdə tez-tez təkrarlandı bu cümlə, amma hər dəfə fərqli bir şeyə görə. O zaman ağıllı olmaq mənim üçün ağlamamaq, şirniyyat yeməmək, səssiz olmaq, yaxşı oxumaq, vaxtında dərsə gəlmək və bir çox şey demək idi. Zamanla anladım ki, gün içində etdiyim şeylərin hamısı demək olar ki, ağıllı olmaqdır. Amma heç vaxt onu cümlədə istifadə edə bilmədim. Dərsimi yaxşı hazırlayanda dönüb müəllimimə “Müəllim, mən bu gün ağıllı oldum” deyə bilmədim. Dişim ağrıyıb, konfet yeyə bilməyəndə də eyni şəkildə “Ana, mən bu gün ağıllı oldum” deyə bilmədim, çünki ağrıdan ağlayırdım, bu da tam olaraq ağıllı olmaq sayılmırdı mənim gözümdə. Cümlədə istifadə edə bilməyəndə anladım ki, bu söz böyüklər üçündür. Böyüməkdən çox, bu məsləhəti vermək üçün tələsirdim.

 

Məktəbi bitirdim, universitetə başladım, yenə də bu məsləhəti eşidirəm. Ağıllı olmaq deyəndə nəyi nəzərdə tutursunuz? – deyə sual versəm bəlkə də, məsləhət verənlərin çoxu bunu cavablaya, ya da fikrini tam çatdıra bilməz, amma bu onu istifadə etməyi buraxacağı mənasına gəlmir.

 

Doğru seçilmiş şikayət də, doğru edilən məsləhət də xilaskardır. Amma biz şikayət edərkən dərd yarışdırır, məsləhət verərkən özümüzü tərifləyirik. Başda da vurğuladığım kimi, bir çox ailədə “ağıllı olmaq” anlayışı “səssizlik” kimi aşılandığı üçün uşağın ana-ata ilə nəyisə müzakirə etməsi hələ də ayıb sayılır. Ana-ata isə məsləhət verərkən uşağına indiyə qədər etdiyi doğrulardan danışır, heç vaxt yanlışlarından, yanlış bir şey etsə necə düzəltməli olduğundan danışmır. Uşaq da səhv edəndə ən çox ailəsinin xəbər tutmasından qorxur. Elə çox vaxt da qorxduğu kimi olur, ailəsi bilir və ard-arda səhvlər edən övladları olduğu üçün onun-bunun yanında şikayətlənir.

 

Ona görə də, həyatı düzgün şikayət və düzgün məsləhət formalaşdırır, inkişaf etdirir.

 

Hürnisə ƏHMƏDOVA