Mədəniyyət insan fəaliyyətinin ümumi texnologiyası, dili, identliyi, vətəni, tarixi, qanı ortaq olan insanların ümumi yaşam tərzidir. Hər coğrafiyada, hər toplumda yaşamın fərqli tərzi, fərqli qaydaları olur. Hər toplum həyat ilə özünəməxsus bir dil tapır. Məhz insanın fəaliyyət texnologiyasının tarixiləşməsindən mədəniyyət doğur. Atalarımız hansı yollarla gedir, hansı üsullarla həyatda qalırdısa biz də həmin yolla getməyə çalışırıq. Bir tərəfdən də həyatla mübarizənin bu tərzi sanki bizim qanımıza hopmuş olaraq doğuluruq. Anamızın südü ilə tək qidalanmırıq, həm də müəyyən qədər onun həyata baxış tərzini, təfəkkürünü mənimsəyirik. İnsan böyüdükcə baxışları dəyişə bilir. Lakin mən deyə bilərəm ki, doğulduğumuz cəmiyyətin mədəniyyətinin çox kiçik bir hissəsi belə olsa daima bizimlə yaşayır. İnsan kimliyinin xüsusiyyətlərini tam olaraq üzərindən ata bilmir.
Tarix boyu əcdadımızın formalaşdırdığı həyat tərzinə biz mədəniyyət deyirik. Mədəniyyət o qədər böyük bir qavramdır ki, onun haqqında bəzən cildlərlə kitab da yazılsa kifayət etmir. Mədəniyyət sadəcə həyatla mübarizədə bir yol deyil, həmçinin təfəkkürün formalaşmasında, insanın daxili inkişafında bir yol hökmündədir. Toplumu bir arada tutan ən önəmli ünsürlərdən biri də məhz elə mədəniyyətdir. Çünkü iki insanın həyat tərzi tamamən fərqli olsa onlar bir milli toplum yarada bilməz.
İnsanların yaşam tərzi əsrlərdir ki, etnoloqların, antropoloqların, sosioloqların, tarixçilərin və s. araşdırma mövzusudur. Bəşəriyyət tarixində bir çox böyük mədəniyyət qurulub və hər biri tarixdə xüsusi iz buraxıb. Mədəniyyət ancaq insanın dili, dini, sənəti, xarakteri deyil. Mədəniyyət insanın bütün fəaliyyətində tutduğu yoldur. Əkinçilik, maldarlıq, ticarət, ustalıq və s. kimi sahələr də böyük mədəniyyətdir. Bütün bu sahələr və onların iş mexanizmi insanın şəxsiyyətinin formalaşmasında birbaşa rol oynayır.
Bəs bu gün mədəniyyətimiz təhlükədədirmi? – Bəli, təəssüf ki, təhlükədə olan bir çox dəyərlərimizdən biri də mədəniyyətimizdir. Texnologiya əsri bir çox sənətlərin yox olmasına vəsilə oldu. Məsələn, bu sahələrdən biri nənələrimizin xalçaçılıq sənətidir. Bəlkə biz axırıncı nəsilik ki, həmin xalçaları gördük. Nənəmin xalçaçılığa olan bağlılığı, vurduğu naxışlarda canlandırdığı əfsanəvi nümunələr, incə yanaşmalarla yaratdığı böyük əsərlər heç vaxt mənim yadımdan çıxmayacaq. Mən uşaq da olsam nənəmdə olan yaradıcı ruhu aydın sezə bilirdim. Məhz xalçaçılıq kimi sənətlər qadınların yaradıcılığında, şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayırdı. Qadın öz daxili zənginliyini, zərif duyğularını xalçada canlandırırdı. Bununla həm cəmiyyətimiz, həm mədəniyyətimiz zənginləşirdi. İndi həmin işi texnika görür, amma xalçalarda insan ruhu olmadığı hiss olunur.
Süni intellekt əsrinin fəsadları bizim daxili zənginliyimizin məhv olmasına gətirib çıxarır. Xüsusilə, bu son zamanlarda “ChatGPT”nin qloballaşmasından sonra gənclərin bütün fəaliyyətini ona bağladığını görürəm. Qatıldığım bir tədbirdə gənclərə sual verildiyində sualı “GPT”yə yazıb oradan gələn cavabı oxuduğunu gördüm. Məhz bu görüntü məni bu məqaləni yazmağa məcbur etdi. Bu, gəncliyin fəlakəti deməkdir. Texnologiya insanın yerini almamalıdır. Texnologiyanı lazım olduğu sahədə işlətməliyik. Düşüncəmizi, təfəkkürümüzü inkişaf ettirmək əvəzinə “ChatGPT”yə bağlasaq gələcək necə olacaq? Diqqət etsək görərik ki, dövrümüzün gənclərində nitq qabiliyyəti çox zəifdir, özlərini ifadə edə bilmirlər, çünkü təfəkkür güclü deyil.
Gənclərin sənətə yadlaşması da bu faciələrin bir səbəbidir. Misal olaraq musiqi sənətini götürmək olar. Musiqi ilə məşğul olanlar musiqinin insanın ruhunun qidalanmasında, ətrafa baxış tərzinin formalaşmasında, təbiəti hiss etməsində nə dərəcədə böyük rol oynadığını yaxşı bilirlər. Saz-söz ocağı olan ağır Borçalı mahalının gənclərindən “sazdan zəhləm gedir” deyənləri çox görmüşəm. Bu cür yanaşmalar məni çox məyus edir. Sazın, tarın, kamanın musiqi aləti olmaqdan ziyadə bizim tariximizin, kimliyimizin dinməyən dəllalı olduğuna belə hörmət göstərmir yeni nəsil. Özümüzə dəyər vermədikcə kim bizə dəyər verər? Bu fəlakətlərin sonu hara gedir bilmirəm, amma cəmiyyətin ziyanına olduğu aşkardır.
Cəlal YADİGARLI