Hər bir insan gələcəyin xəyalını qurur, amma bilməz ki, hər gələcək onu keçmişə aparır.

 

Keçən hər saniyə, hər dəqiqə, hər saat insanı başladığı yerə çatdırmaq üçündür.

 

Bəlkə də deyəcəksiniz: “Gələcək insanı necə keçmişə apara bilər?” Amma bir az düşündükdə anlayırıq ki, insanın sonu başladığı yerdə bitir.

 

Buna istər dini, istərsə də fəlsəfi baxımdan yanaşsaq, nəticə dəyişmir.

 

Ateizmə görə, insanın başlanğıcı bioloji inkişafın tamamlanması, sonu isə bu inkişafın tənəzzülə uğraması, yəni bioloji geriyə dönüş və nəticədə həyatın başlanğıc nöqtəsinə qayıdışıdır.

 

Dini baxımdan isə insanın başlanğıcı torpaq, sonu da torpaqdır.

 

Onun çıxış yeri Cənnət, qayıdış yeri də Cənnət olmalıdır.

 

Adəm (əleyhissəlam) torpaqdan yaradıldı, torpağa qayıtdı, Cənnətdən çıxdı və yenidən oraya dönmək üçün yaşadı.

 

Nəticədə, hər iki baxışda da son – başladığın yerdir.

 

Təbiətə nəzər saldığımızda görürük ki, hər şey – Günəş, fəsillər, bitkilər və s. bir dövran içindədir. Amma məharət yalnız bu dövranı müşahidə etmək deyil, dövrandakı ilahi sirri çözməkdir.

 

Sirrin çözülməsi isə yalnız düşünməklə mümkündür. Lakin insanlar bunun fərqində deyil.

 

İnsan dünya oyununa, əyləncəsinə, cah-calalına o qədər aludə olur ki, haradan gəldiyini və haraya getdiyini anlaya bilmir.

 

Bu səbəblə oturub düşünmək lazımdır. Qurani-Kərim ifadəsi ilə: “Fə əynə təzhəbun” – Bu gediş harayadır? – deyə öz-özündən soruşmaq lazımdır.

 

Gəliş haradandır, gediş harayadır?

 

Gəldiyimiz yerə qayıtma səbəbimiz nədir və bu qayıdış necə olmalıdır?

 

Bu məcburi dövr və geri qayıdışda biz nə qədər iradə və seçim sahibiyik?

 

Dövrandakı sirri düşünüb doğru suallar verdiyimiz zaman doğru cavablar tapa bilərik.

 

Bəlkə də həyatın mənası nə qədər yaşadığımızda deyil, nəyə doğru qayıtdığımızdadır.

 

Çünki hər kəs bir gün başladığı yerə dönəcək. O dönüş tapılmış bir mənaya, yoxsa itirilmiş bir dəyərə doğrudur?

 

Tural QASIMOV