URBANİZASİYA

21. DELFT – NİDERLANDIN TARİXİ YADDAŞI

 

Delft Niderlandın Cənubi Hollandiya əyalətində kiçik bir tarixi şəhərdir. Təxminən 100 min insanın yaşadığı, kollektiv insan düşüncəsinin məhsulu olan bu tipik holland şəhərinin təqdimatı inanıram ki, sizin də ürəyinizcə olacaq. Bu şəhəri sevmək üçün, bəyənmək üçün kifayət qədər maraqlı yerlərin olduğunu, hətta bu şəhərə ilk baxışdan vurulman, heyran olman üçün sənin əziyyət çəkəcəyinə də ehtiyac qalmayacaq. Nədən ki, addımını bu tipik orta yüzilliklər şəhərinə basdınmı, onu sevməməyin mümkün olmadığına inanacaqsan. Rastlaşdığın hər şey sənin bu gözəli sevmənə vəsilə olacaq. Sırası gəldiyində həmin yerlər barəsində gördüklərimi anlatmağa çalışacam.

 

Bəlkə heç bunu anlatmağa gərək də yoxdur. Amma demədən də keçmək istəmirəm. Delft də digər Niderland şəhərləri kimi ilk baxışda təmizliyi, səliqə-sahmanı, evlərinin qırmızı kirəmitləri, ağ-qırmızı tramvayları, şəhərə xüsusi bir gözəllik verən kanalları, kanalların üstündən keçən və bir-birinə yaxınlığı ilə diqqəti cəlb edən çoxsaylı miniatür körpüləri, uzaqdan göy üzünə doğru ucaldığını görənlərin diqqətindən yayınmayan qüllələri, velosipedlərinin, yaşlı insanlarının çoxluğu ilə qarşında açıq bir etnoqrafiya muzeyi kimi canlanır.

 

Bir-birindən quruluşuna, rənginə, ölçüsünə görə fərqlənən, bu fərqlərin çoxluğuna baxmayaraq, baxanlarda tamlıq, bütövlük təəssüratı yaradan, bəzənib-bərtənib bulaq başına çıxmış qız-gəlin sayağı duran evlər adama fotoqraf önündə xatirə şəkli çəkdirmək üçün düzülmüş insan cərgəsini xatırladır. Delftdə müşahidə etdiyim bir məsələdən də bəhs etməyi düşünürəm və bu halın təkcə Delftə yox, bütün Niderland şəhərlərinə də xas olduğunu qeyd etməsəm olmaz. Delft qədim, əskidən qalma evlərinin, ictimai-dini binalarının çoxluğu ilə fərqlənir. Bu fərqi ilk andaca hiss etmək mümkündür. Ancaq, bu, şəhərdə yeni, müasir binaların tikilməməsi anlamına gəlmir. Şəhərdə modern binalar, göydələnlər də az deyil. Şəhərsalmada diqqətçəkən əsas məqam yeni binaların istər memarlıq həlli, istər də yerləşmə baxımından tarixi tikililərlə uyğunluq təşkil etməsinə, tarixi kaloritin qorunmasına xüsusi diqqət ayrılmasıdır. Təbiət və urbanizasiyanın harmoniyası da diqqətdə saxlanılır. Bu tələblərə istənilən Niderland şəhərində əməl olunur. Bu tələblərin yerinə yetirilməsi isə, şəhərin tarixi simasının, özünəməxsusluğunun qorunmasında müstəsna rola malikdir.

 

Delfit kanallarında da, Niderlandın başqa yerlərində olduğu kimi, su quşlarının ətrafda olub keçənlərə – insanların, velosipedlərin, maşınların, bir qədər uzaqdan keçən tramvayların çıxardığı səslərə heç nə olmamış kimi reaksiya verməmələri, hərdən sahildə oturub suyun axışınamı diqqət kəsildiyi, yoxsa ömrün sürətli keçişinimi düşüncəsində təəssüflə canlandırdığı bəlli olmayan ixtiyar qocalara yaxınlaşmaları,oların düşüncələrdən ayrılaraq, üz-gözlərində təbbəssüm uzatdıqları yeməyi acgözlüklə udmaları, bəlkə də göstərilən diqqətdən dolayı mütəəssir olan bu quşların təşəkkür əlaməti olaraq həmin qocaların qarşısında dövrə vurmaları, qanad çalmaları ilk baxışdaca diqqəti cəlb edir. Asanlıqla qida əldə edən, aclıqlarını dəf etməyin belə bir yöntəmini tapan su quşlarının sevinc səsləri, bəxtəvər davranışları bunu deməyimizə əsas verir.

 

Delftin tarixi yerləri az qala şəhərin mərkəzində, Bazar (Market) meydanında toplaşıb. Bütün yollar, küçələr səni bu tarixi meydana aparır. Xeyli aralıdan gözünə sataşan, hər bir turist üçün bələdçiyə çevrilən kilsə qüllələri, saatbaşı çalınan kilsə zəngləri xristian dindarları ibadətə səslədiyi kimi, nabələd yolçuları da şəhərin bu əzəmətli meydanına, bu meydanın insan əli ilə yaradılmış gözəlliklərinin seyrinə dəvət edir.

 

Market meydanı ənənəvi Avropa bazar meydanlarını xatırladır. Şəhər əhalisi burada alış-verişini edər, problemlərini meydanın baş tərəfində yerləşən, şəhərin idarəçiliyini həyata keçirən bələdiyyə binasında çözməyə çalışar, dini ayinlərin icrasını isə qotik üslubda inşa edilmiş iki – bələdiyyə binasının arxasında yerləşən Köhnə (Oude Kerk) və bələdiyyə binası ilə üzbəüz, meydanın o biri başında yerləşən protestantlara məxsus Yeni Kilsədə (Nieuwe Kerk) icra edərdilər. Bu gün isə dindarlar Yeni Kilsənin xidmətlərindən yararlanırlar. Köhnə Kilsə isə ibadətə qapalıdır.

 

Köhnə Kilsə (Oude Kerk) 75 metrlik qülləsinin iki metr kənara əyilməsi ilə diqqəti cəlb edir. Bu əyriliyi kənardan adi gözlə müşahidə etmək mümkündür. Köhnə kilsə qotik üslubda inşa olunmuş bir protestant məbədidir. Kilsənin sol tərəfində kiçik ölçülü bir qadın heykəli də diqqətdən yayınmır. Üzərində “Ceeptruyt van Oosell” və “1330-1358” yazılarından onun kimliyini müəyyən edə bilmədim, sonrakı axtarışlarım da bir nəticə vermədi. Bunu da anlayışla qarşılayacağınıza ümidliyəm.

 

Yeni Kilsənin qarşısında isə üzü bələdiyyə binasına doğru məşhur holland filosofu və hüquqşünası Hüqo Qrotsinin postamenti şabalıdı mərmərdən hazırlanmış heykəli ucalır. Əlində kitab-dəftər və qələm tutmuş Hüqo Qrotsi sanki meydana gələn adamlara üz tutub elmin, biliyin önəmini anlatmaq istəyir. Qrotsi XVII yüzilliyin ən məşhur simalarındandır. Onun beynəlxalq hüquqa, müharibə və siyasət fəlsəfəsinə, habelə teologiyaya dair fikirləri hələ də öz aktuallığını qorumaqdadır. Onun beynəlxalq hüquqa daxil etdiyi bir sıra müddəalar müasir dövrdə də öz yararlılığını qorumaqdadır. Hüqo Qrotsinin hüquqa gətirdiyi yenilikləri çağdaş fəlsəfənin banisi sayılan Rene Dekartın fəlsəfəyə gətirdiyi yeniliklərlə müqayisə edirlər. Niderlandın qurdlar meydanında azadlığına qovuşmaq üçün apardığı savaşlara qələbə imzası atmasında, müasir simasınının cızılmasında Qrotsi kimi düşüncə sahiblərinin mühüm rol oynadıqlarını altını cızaraq söyləmək istəyirəm. İstənilən xalqın bu cür şəxsiyyətləri varsa, həmin şəxsiyyətlərin fikir və ideyalarının tətbiqi, gerçəkləşdirilməsi üçün meydanın, həmin fikir və ideyaları gerçəkləşdirəcək qüvvələrin də tapılacağına ümid etmək olar. Hüqo Qrotsinin fikirləri məhz Niderlandın timsalında belə bir meydan tapır və bu meydanda tətbiq olunaraq, yaşam qazanır.  

 

Koronavirus həyacanına baxmayaraq, şəhərdə az da olsa canlanma hiss olunurdu. Adamların bir-birindən uzaq durmasını təmin etmək məqsədilə bazar meydanına aparan küçənin ağ boya ilə ikiyə ayrılması, ictimai yerlərdəki oturacaqlarda oturmağın yasaq olduğunu bildirmək üçün ağ-qırmızı lentlərlə çevrələnərək qapadılması, belə lentlərlə əhatə olunmuş heykəllərin sükut dolu səssizliyi, restoran, kafe, bar kimi yerlərin işləməməsi, küçələrdə dolaşanların tələbə uyğun olaraq bir-birindən məsafə saxlaması, meydanda qurulmuş, ən çox da yerli holland istehsalı təamların, məsələn, vazkeçilməz, dünyaca məşhur cürbəcür holland pendirinin satıldığı piştaxtaların qarşısında müştərilərin seyrək sırası meydana girib-çıxanlara koronanın varlığını xatırladırdı.

 

Delft ağ yerlikli, maviyə çalan və bu sənəti sevənlər arasında “Delft Blue” adlanan nəfis çini qabları ilə də məşhurdur. Şəhərdə bu nəfis qabların satıldığı dükanlar olsa da, həmin yerlərə kənardan baxmaqdan savayı imkanımız olmadı. Koronavirus bu dükanların da qapısından qıfıl asmışdı.

 

Delft Texniki Universiteti 14 min tələbəsi, 2600 professor-müəllim heyəti ilə Niderland miqyasında tanınan ən böyük universitetlərdəndir. 1842-ci ildə Kral II Vilyam tərəfindən inşaat mühəndisləri hazırlamaq məqsədilə təsis edilmiş, 1905-ci ilə qədər Kral Akademiyası ilə tanınmışdır. 1905-ci ildən Delft Texniki Ali Məktəbi adı ilə özünü tanıda bilir. Bu məşhur ali təhsil müəssisəsinin adı sonuncu dəfə 1985-ci dəyişdirilərək, nəhayət Delft Texniki Universiteti olmuşdur. Delft Texniki Universiteti hazırda özünəməxsus ənənələri ilə seçilib, ingilis və flamand dillərində təhsil verən, səkkiz fakültəyə malik məşhur bir Avropa universitetidir.

 

Delft Niderland kral ailəsinin bağlı olduğu Orange-Nassu sülaləsinin vətəni olması ilə də fəxr edə bilir. Niderlandın monarxiya olduğunu yəqin bilirsiniz. Mən bu barədə uzun-uzadı danışmaq fikrində deyiləm. Ancaq Niderlandda hər il aprel ayının 27-də keçirilən təmtəraqlı Kral Günü (koningsdag) haqqında da bir-iki kəlmə də olsa qeyd etmək istəyirəm. Bu qeydlərimin Niderland insanının daha yaxşı tanıdılmasında önəmli olacağını düşünürəm.

 

Kral ailəsilə birlikdə hər il ölkənin böyük şəhərlərinin əksərində təntənə ilə qeyd edilən ad günü şənliklərində iştirak etmək üçün bir neçə bölgəyə səfər edir. 2019-cu ildə havanın yağışlı olmasına rəğmən kralın Amersfoorta gəlişini xatırlayıram. Şəhər bu bayrama bir neçə gün əvvəldən hazırlaşmağa başlamışdı. Havanın qeyri-sabitliyinə baxmayaraq, insanlar səhər tezdən küçə və meydanları doldurmuşdular. Hər tərəfdən musiqi sədaları yüksəlirdi, şəhər əsil bayram libasına bürünmüşdü, küçələri bəzəyən narıncı rəngə hər yerdə rast gəlinirdi. Küçə və meydanlarda ikinci əl əşyalar satan adamların qurduğu dəzgahlardan ibarət yarmarkalar düzülmüşdür. Kral Günündə ev əşyalarının, eləcə də digər işlənmiş malların satılması ənənəyə çevrilib. Kral Günü Niderlandın milli bayramıdır. Niderlandda krallıq təsisatı ölkənin bütün vətəndaşlarını, dini məzhəblərini, milli azlıqlarını birləşdirən, orta məxrəcə gətirən bir qüvvədir. Kralı bu birləşdiricilik funksiyasına görə, arı ailəsinin başında duran ana arıya bənzətməkdən özümü saxlaya bilmirəm və bu bənzətməmə özümün də gülməyim tutur.

 

Barokko üslubunda rəsmlər yaradan rəssam Johannes və ya Yan Vermeer Delft doğumludur. 1632-ci ildə dünyaya göz açan Vermeer 1675-ci ildə əksər sənətkarlara xas yoxsulluq və borc içərisində dünyaya əlvida deməli olur. Bu gün dünyanın məşhur muzeylərini bəzəyən və baxanları heyran qoyan, mövzusu gündəlik həyatdan alınmış, öz canlılığı, rənglərinin uyumu ilə seçilən əsərləri ona məşhurluq gətirsə də, bu tabloları hansı həyat şərtləri içərisində yaratdığı çox düşündürücüdür. Yavaş və diqqətli işlədiyinə görə, yaradıcılığının o qədər də məhsuldar olmadığı, elə bu səbəbdən də yoxsulluq içərisində, ailəsini bir sürü borc altında buraxaraq dünyadan köç etdiyi söylənilir. Ölümündən sonra unudulan, yalnız XIX yüzilliyin sonlarından yaradıcılığı sənətşünasların diqqətini cəlb edən Vermeer sənət tarixində öz layiqli yerini alır, Hollandiya Qızıl Dövrünün ən ünlü rəssamlarından biri olduğu qəbul edilir.

 

Vermeer XVII əsr Hollandiya həyatını, bütün sosial təbəqələrin nümayəndələrini öz tablolarında əks etdirən nadir rəssamlardandır. Əsərlərini ən bahalı boyalarla yaradan rəssam kölgə və işıq effektlərindən məharətlə istifadə edə bilmişdir. Tablolarında təsvir etdiyi insanlar adətən evin içərisində, ev avadanlıqları ilə bir yerdə verildiyindən sanki, zamansızlıq, zamandan kənar, əbədiyaşarlıq qazanmışlar. “Şərab sürahili qız”, “Açıq pəncərə önündə məktub oxuyan qız”, “Süd tökən qadın” və bu kimi əsərlərinin qəhrəmanları elə bil bu işləri əbədi olaraq etməyə məhkumdurlar və bu məhkumluqlarından onların zövq aldıqları, bu məhkumluqdan nə qədər məmnun olduqları görənləri heyrətləndirir.

 

...Niderlandı – onun keçmişini, bugününü, gələcəyini anlamaq üçün bəlkə də bu kiçik, kiçik olduğu qədər də tipik, fərdi özəlliklərə malik Delfti gəzmək kifayət edər. Niderland tarixini vərəqləmək, tarixlə bugünün iç-içə yaşadığını görmək istəyənlərin Delftə baş çəkməsi gərəkdir. Gələcəyini qurmaq istəyən gənclərin təhsil üçün Delftin yolunu tutması da arzuolunandır.

 

Afiq MUXTAROĞLU

Niderland