Çox bəyəndiyim bir türk aktyor var – Ali Sürməli. Onun bir reportajında söylədiyi gözəl bir söz var, qısa, amma çox mənalı. Deyir ki: “Bir başdaşı üzərində belə bir söz oxudum: Yaxşılıq – yaxşıdır”.
Yaxşılıq – qarşılıq gözləmədən edilən bir işdir. Yaxşı insan isə qarşılıq gözləmədən insanlara yaxşılıq edən insandır.
Lakin yaşadığımız zaman və cəmiyyət yaxşılıq və yaxşı insan anlayışının tərifini dəyişməyə məcbur edir. Bu səbəbdən demək olar ki, yaxşılıq – insanlara, heyvanlara və bütün bəşəriyyətə zərər verməməkdir. Yaxşı insan isə – məxluqata zərər verməyən insandır.
Deyə bilərsiniz ki, birinci təriflə ikinci tərif arasında nə fərq var?
Birincisi – insanlara fayda verən bir işi görməkdir.
İkincisi isə – əgər insanlara fayda verə bilmirsənsə, heç olmasa fayda verənlərə mane olmayıb, insanların zərər çəkməsinə səbəb olmamaqdır.
Allah-təala Qurani-Kərimdə belə buyurur: “Ata-anaya, qohumlara, yetimlərə, kasıblara, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya və sahib olduqlarınıza yaxşılıq edin. Allah lovğalanan və özünü bəyənənləri sevməz” (Nisa, 4/36).
Yaxşılıq sadəcə Qurani-Kərimdə əmr edilmir. “Yaxşılıq etməkdən usanmayın”, “Yetimə və dul qadına zülm etməyin” kimi ayələrlə İncil və Tövrat kimi ilahi kitablarda da əmr edilməkdədir.
Deməli, bütün səmavi dinlərdə insan yaxşılığa təşviq olunur, zülmdən çəkindirilir.
Buna baxmayaraq, bəzən insanlar ilahi xəbərdarlığa gözünü yumur və qulaqlarını tıxayır. Bəzən isə yaxşılıq etməyə imkan tapa bilmədikləri və ya qarşılıqsız qaldıqları üçün passiv qalırlar. Bu, təbiidir. Amma bu, yaxşılıq edənlərin işinə mane olmaq anlamına gəlməməlidir. Bir yetimin üzünün gülməsi, bir kasıbın sevinməsi, bir körpənin həyəcanlanması heç kimi narahat etməməlidir.
Yaxşılıq edən insanın cəmiyyət içində tanınıb mövqeyinizi əlinizdən alacağından qorxmaq da yersizdir. Çünki yaxşılıq edən insanın qəlbində zərər vermə hissi olmaz. Necə ki, xeyir ilə şər bir yerdə olmadığı kimi, yaxşılıqla pislik də bir araya gəlməz. Xeyir ilə şər bəşəriyyətin başlanğıcından bu günə qədər mübarizə içərisindədir. Bu səbəbdən kiməsə yaxşılıq edərək xeyir tərəfdə olan bir insan başqasının əlində olanı alıb ona zərər verməklə şər tərəfə keçməz.
Ona görə də hər zaman yaxşılıq etməyə və yaxşılığa səbəb olmağa çalışın.
Unutmayın ki, bir cəmiyyətdə yaxşılar pislər qədər cəsur olmadıqca o cəmiyyətin qurtuluşu mümkün deyil.
Bütün çətinliklərə baxmayaraq yaxşılıq yaxşıdır.
Tural QASIMOV