Avtobusda təsadüfən iki qadının söhbətini dinləmək məcburiyyətində qaldım. Əvvəla söhbətin özü qulağıma gəlirdisə sona doğru özüm söhbətə tərəf istiqamətləndim.

 

Birinci qadın səfirlikdən gələn zənglərin dayanmadığını, digəri də başqa yolun yox, qızı gətirt dedi, yoxsa  dörd min cərimə ödəyəcəyini xatırlatdı. Söhbətin məğzi maraqlı gəldi deyə söhbətə qarışdım:

 

– Bağışlayın, istəmədən eşitdim. Səfirlik sizdən niyə tələb edir ki, qızınızı gətirdin?

 

– Qizi ərə vermişəm, hökümətin xəbəri yox, on altı yaşı vardı. İndi bir ildir gəlmir. Səfirlikdən zəng ediblər ki, qonaq bu qədər olmaz. Yeniyetmə uşağı siz hara yollamısız. Ya gətirdin, ya sizə məhkəmə cərimə tətbiq edəcək.

 

Davamına qulaq asmadan acığımdan ərklə dedim:

 

– Gəlsən bu çantanı vuram sənə.

 

– Vur ay bacı, vur, layiqəm. Karantindən azca qabaq elədim toyu, keşkə qalaydı, bu da bəhanə olaydı.

 

– Ay vicdansızlar, yazıq deyilmi o uşaq?! Az yaşında atırsız həyatın içinə ki, get çabala. Bir tikə çörəyin yox idi yedirtməyə?

 

Ana başını yerə dikdi, gözü dolmuşdu. Onunla birlikdə olan digər qadın:

 

– Heç elə deməyin. Nə bilirsiz səbəb nə idi.

 

– Səbəb nə olursa olsun, uşağı uşaqlıqdan ayırıb arvadlığa yönəltmək yaxşı şey deyil, həm günah, həm də özünüz bilirsiz nə...

 

Ana qırıq-qırıq pıçıldadı:

 

– Mən də baldızım düşən qudama dedim ki, qızı yollayın. Mənim cərimə verəcək gücüm yoxdur. Əri də nə vaxt gələr gələr. Qorxuram əri gəlməyə bu “korona” vaxtı, yazıq balamı məktəb qurtarmamış boşanmış cərgəsinə gətirəm. Allah öldürsün məni.

 

Qadın kövrəlmişdi, dirigözlü yanırdı.

 

– Sizin heyifsilənməyiniz nəyisə dəyişəcək?

 

Deyəsən mən cəmiyyətin heyfini bu qadından çıxmaq istəyirəmmiş. Gözümün qarşısına yuxudan doymayan, nazlanan, min işvəylə ərköyünləşən, bacardığımız qədər nələr etsək yenə də razı sala bilmədiyimiz övladlarımız gəldi. Bir anlıq təsəvvür etdim, təsəvvürümdən özüm qorxdum. Yox! Əsla! Adam da balasından belə tez doyarmı? Onu daim qaynayan, problemi heç vaxt qurtarmayacaq həyata belə tez atarmı?..

 

Mənim hikkəm qarşısında digər qadın:

 

– Qınamamışdan əvvəl düşünün ki, niyə?

 

Mən necə əsəbi idimsə bu yerində deyilən sualı dərk etmədən dedim:

 

– Niyəsi-zadı yoxdur. Yəni siz başa düşmürsüz ki, ailə yükü bizim qadınlar üçün qəbrəcən gedir. Oğul, qız, nəvə – hamısının qayğısı qadından keçir. Ay eviniz tikilsin, qoyaydız bir məktəbi bitirəydi, iyirmi yaşa çataydı, yenə verərdiz də. Heç olmasa dönüb geri baxanda xatırlayardı ki, 20 il qayğı çəkmədim, mənim qayğımı çəkdilər. Yazıq uşağı uşaqlıqdan arvadlığa atıbsız.

 

Necə qəddar danışdığımı indi dərk etdim. Qadın sanki əsirdi. Rəngini təsvir edə bilmirəm. Səsi titrəyərək:

 

– Bacı, sizi başa düşürəm. Mənə ürəyiniz yanır, sağ olun! Yoldaşımın əmisi qızı – baldızım deyəndə təklif  göydəndüşmə oldu. Heç nə düşünmədim. Düşündüyüm o idi ki, mütləq verim, vəssalam.

 

Daha sual vermirdim. Avtobusun xışıltı səsi mane olsa da qadının səsində peşmançılıq hakim idi. Bunu, tanımadığı birinin tənqidinə varmadan qəlbini açmağı sübut edirdi, o, danışırdı:

 

– Danşığınızdan müəllimə oxşayırsız. Qızım anası ölmüş ölürdü oxumaq üçün. Tiflisə gedən tələbələrə baxdıqca ürəyim əsir, keşkə mən də tələbə olaydım deyə. Hardadır bizdə o bəxt. Özümü də beləcə, məktəbi qurtaran kimi ərə verdilər, dedilər atasızdılar, üç qızdır, yük azalsın. Elə bildilər ağ günə çıxardırlar. Bir oğlum oldu, biri də bu qız. Ərim xərçəngdən öldü, qaldım iki yetimlə. Qardaşdan, bacıdan gələn çörəklə nə qədər dolanmaq olar. O qədər əskiklik vardı ki, onların da öz ailəsi. Məcbur sahələrə işə çıxdım. Neçə ki uşaq balaca idi o qədər hiss etmirdim. Yeməklərini bişirirdim, qız qızdırıb qardaşıyla yeyirdilər. Elə ki yetkin yaşa gəldi fikrim qalırdı evdə. Yeniyetmə qızı evdə qoyub çıxmaq asan deyildi. Ətrafımda hamı bilirdi atasız olduğunu. Həm də qarışıq millət içində yaşayırdım. Çıxış yolum nə idi?

 

Bax, elçi zənginə ona görə sevindim. Yuxu deyirsən, o yuxuya mən 20 ildir həsrətəm, amma qızımın başı üstündə kimsə olsun, ailəsinin içində olsun, mən çörək üçün çöllərdə işləyəndə fikrim yanında qalmasın, onunçün maraqlananlar var deyə rahat olum. Onsuz da mənim evimdə ömrüm boyu çəkəcəyim dərdim var. Qoy o gedib xoşbəxt olsun. Allah məni yarıtmadı, onu yarıtsın.

 

İndi də bu xəstəlik bir bəla oldu başımıza. İl yarımdır sevinirdim ki, o öz rahatçılığındadır, indi də hökümət qaytarır. Bilsələr ərə vermişəm axırımız nə olar? Nə bilim, əri gələcəkmi? Uşağı-zadı da yoxdur...

 

Mən daha heç nə demədim. Gözlərim dolmuşdu. Üzümü çevirib pəncərədən çölə baxırdım.

 

Qadına bayaqkı əsəbim getmişdi. O da mənə baxırdı. Yəqin özünə haqq qazandırmaq üçün danışdığı əhvalata rəy istəyirdi. Amma mən susurdum, baxışını üzərimdə hiss etsəm də susurdum.

 

Özümü o qadının yerinə qoydum. Mən neylərdim? Gətirdiyim hər bəhanəyə bir-bir yol tapdım, tapmalıydım axı. Mən oxumuş, ali təhsilli, dünya görüşlü biriydim. O isə həyata məktəb partasının arxasından atılmış və hələ başı uşaq laylasından ayılmamış dul qadın libasına bürünən, öz haqqını, hüququnu belə başqalarından soruşan biriydi.

 

– Rusiya səfirliyinin yanında saxlayın.

 

Səsə tərəf döndüm, qadın mənə beş saniyəyə qədər baxdı, hər ikimizin gözləri dolmuşdu, sual dolu gözlərini çəkib sürücüyə – O müəllimin də hesabını çıxın – deyib düşdü.

 

İstəsəm də səsimi çıxara bilmədim. Heç təşəkkür də etmədim. Yalnız o gözləri gördüm hər yerdə – sual dolu gözləri, məndən “haqlıyammı?” soruşan o gözləri.

 

‌O qadının nə adını bildim, nə ünvanını. Çöllərdə işlədiyi pulla mənə bilet alacaq qədər səxavətə malik o qadının kimliyini bilməsəm də, böyük ürəyini yaxşı xatırlayacam. Onun sualına cavab verə bilmədim, çünki yolumu kəsən qanunlar var. O düz etməmişdi, amma o əyriliyin əsasını valideyni, qohumları qoymuşdu. Əgər o qadın öz qızını açmamış qönçə ikən küləkdən qoruya bilməyibsə günahkar valideyndir.

 

‌Ona görə addımı elə ataq ki, səhvlərimiz silsilə olmasın.

 

Həmişə düşünək ki, mütləq nə isə ola bilər, heç nə olmayacaq kimi düşünməyək və özümüzü pis günə də hazırlayaq.

 

Nə səbəb olursa olsun, uşaqların uşaqlığını, gəncliyini əlindən almayın. Onlara sənət verin ki, həyat yollarında ayaq üstə dayana bilsinlər, axı yollar həmişə düz olmur.

       

Esmira ƏLƏKBƏRLİ