Biz ağılsız uşaqlarıq. Biz insanlar həyatda gerçəkdə necə varıqsa elə də olmalıyıq, amma çoxumuz, təəssüf ki, belə deyil, bəzilərimiz həqiqətləri eşitməkdən, bəzilərimiz isə yaşamaqdan qorxuruq...

 

Həqiqəti bilmək istəyirsənmi? – Sənin necə geyinməyin, necə görünməyin heç kimin vecinə deyil. İnsanlar başqalarını öz etibarsızlıqlarına görə mühakimə edirlər. Bizdə heç bir çatışmazlıq yoxdur, əksinə, bir çox xüsusiyyətlərimiz var – pisi ilə, yaxşısı ilə... Pis və yaxşı dedikdə isə biri üçün pis olan şeylər, digəri üçün çox yaxşıdır, bunun üçün də hər halımızla çox gözəl görünürük.

 

Hər şeyə pozitiv yanaşmaq həmişə insanlara zərər verir. İnsanlar kədərləndiklərini başa düşürlər, lakin kədər hissini boğaraq sevinci özlərindən zorla sıxmağa çalışırlar. Problemlər üst-üstə yığılır. Dağıntı baş verir...

 

Həqiqəti eşitmək istəyirsən? – Kədərlənmək yaxşıdır. Mənfi emosiyalar normaldır. Bu hisslərə görə özünüzü qınamağa ehtiyac yoxdur...

 

Həqiqəti eşitmək istəyirsən? – Hər şeyin bir mənası var. Mən “sevgi yoxdur” deyənlərə inanmıram, hər şeyin mənasız olduğunu söyləyənlərə inanmıram. Bəli, bəlkə də kimsə bu insanlara xəsarət yetirib. Və bu insanlar deyirlər: “Məni sevgi maraqlandırmır”...

 

Həqiqəti eşitmək istəyirsən? – Hər kəsin vaxtı var. Bizim kifayət qədər vaxtımız var. “Vaxtım yoxdur” ifadəsinə inanmıram. Heç bir istəyiniz yoxdur. Yazmaq istəyirsinizsə yazın, xəyalınızı gerçəkləşdirmək istəyirsinizsə gerçəkləşdirin; əgər istəmirsinizsə, o zaman həmişə bəhanələr tapacaqsınız.

 

Bunu eşitmək istəyirsən? – Heç kimə nəyisə sübut etməyə ehtiyac yoxdur. Bunu özünüzə sübut edin. Özünüzə nədən ibarət olduğunuzu göstərin...

 

Həqiqəti istəyirsən? – Kiminsə sizə inanması vacib deyil. Eşidirsən? Bu məcburi deyil. Əsas odur ki, özünüzə inanırsınız. Ən vacib də elə budur.

 

Bu həqiqəti eşitmək istəyirsiniz? – Bir yerdə oxumuşdum: “Sən əvvəllər etdiyin deyil, indi etdiyin şeysən”. Keçmişə görə özünüzü günahlandırmağı dayandırın. Artıq özünüzü bağışlamaq vaxtıdır.

 

Kədərlənmək normaldır.

 

Sən yaraşıqlısan.

 

Hər şeyin bir mənası var.

 

Sevgi mövcuddur.

 

Vaxtınız var.

 

Heç kimə nəyisə sübut etməyə ehtiyac yoxdur. Bax bu, əsil həqiqətdir və biz yaşamaqdan çox qorxuruq. İmtahandan kəsilməkdən, ali məktəbə daxil olmamaqdan, valideynlərimizin fəxrinə çevrilə bilməməkdən  qorxuruq. Biz ürəkdən istədiyimizi etməklə kiminsə ümidlərini doğrultamamaqdan qorxuruq. Küçələrdə musiqiçilərin yanında rəqs etməkdən, yalançı səslə doğma mahnılarımıza qoşulmaqdan qorxuruq, qəribə görünməkdən qorxuruq. Bizim üçün adi olmayan fərqli görünüşə sahib biri ilə tanış olmaqdan qorxuruq, maraqlı bir insanı gəzməyə dəvət etməkdən qorxuruq. Bəyəndiyimiz qeyri-adi paltarları əvvəlcə almağa, sonra geyinməyə, sonra isə kirlətməyə qorxuruq. Özümüzə əlavə bir kokteyl, bir dilim tort, istirahət üçün icazə götürməyə qorxuruq. Biz üzümüzü cəlbedici olmayan şəkildə rəngləməkdən və ya heç boyamamaqdan qorxuruq. Bəzi qınamalara görə üstünlüklərimiz haqqında danışmaqdan qorxuruq. Fotoşəkilərdə pis görünməkdən qorxuruq. Yağışda islanmaqdan qorxuruq. Səhv etməkdən qorxuruq. Qucaqlamaqdan, təşəkkür etməkdən qorxuruq. Yüksək səslə gülməkdən qorxuruq. Zəifliyimizi göstərməkdən qorxuruq. Sevməkdən, sevilməkdən qorxuruq. Bizi belə sevəcək bir insanla qarşılaşmayacağımızdan qorxuruq. Bitmək bilməyən qorxular və hər zaman yenə də hər şeydən qorxuruq...

 

Ağılsız uşaqlar kimi görünməkdən qorxuruq. Amma məsələ də burasındadır ki, biz ağılsız uşaqlarıq, çünki biz yaşamaqdan çox qorxuruq və normaya uyğunlaşmağa çalışırıq.

 

Bilirsinizmi, sadə və hamıya məlum olan bir həqiqət var: siz və mən heç vaxt indiki vaxtdan cavan olmayacağıq. Gənclik isə bizə bir dəfə verilir və keçib gedir. Yaşayın artıq, qorxmayın və sonda nəhayət “yaşamaqdan qorxmuram” deyin.

 

Müəllif: Elvina HACIYEVA