Avqustun son bazar günü qeyri-adi nəsə almaq ümidiylə Brüsselin Anderlext bələdiyyəsində yerləşən, bizim rayonun məşhur həftəbazarı kimi yalnız bazar günləri fəaliyyət göstərən bazara baş çəkirik. Bazarətrafı küçələrdə maşınların əlindən tərpənmək mümkün deyil.
Səkilərdə adamların çoxluğu da ilk anda gözə çarpır. Bir it zülmüylə maşına yer tapıb saxlayırıq. Bu arada dünyanın hər yerində bazarətrafı yerlərin bir-birinə bənzədiyini də düşünürəm.
Bazar yoluna çıxırıq. Gözünüz yaxşı şeylər görsün. İndi mən gördüklərimi bir-bir sadalayım, siz də qulaq verin.
Qarşılaşdığımız adamların əllərindəki dolu çantalar, torbalar onların bazardan yenicə çıxdıqlarını, ağız-burunlarını qapatdıqları maskalar isə koronavirusun varlığını təsdiqləyirdi. Maska taxmağın zülüm bir şey olduğunu da hər hərəkətləri büruzə verir. Küçənin bu insan sıxlığında Avropa mənşəlilərin azlığı diqqətimdən yayınmır. Daha çox afrikalılar, ərəblər gözə dəyir. Bazar küçəsində gedib-gələnə ucuz qiymətə siqaret təklif edən zəncilər istənilən qədərdir. Onlar ölkəyə qaçaq yolla gətirilmiş malları satmaqla məşğuldurlar. Siqaret satıcıları ilə eyni sıranı paylaşıb siqaretlərini tüstülədən qadınların düz yolun yolçuları olmadığı hər hallarından bəlli. Ancaq onların buradakı varlığı ümumi mənzərəyə əlavə ekzotik çalar qatır. Nə yazıq ki, onların arasında ağdərililərə rast gəlməzsən. Onların üz-gözünə hopmuş kədəri oxumaq o qədər də çətin deyil. Qara günün onları qara yola saldığını üz-gözlərinə bulaşmış kədər aydın ifadə edir.
Sıra ilə düzülmüş yeməkxanalardan ətrafa yayılan yanmış yağ qoxusu, müxtəlif ədviyyatların bir-birinə qarışmış ürəkbulandırıcı kəskin ətri, küçə boyu hara gəldi atılmış kağız-kuğuz, polietilen qırıntıları, cürbəcür boş içki qabları, yemək qalıqları adamı çaş-baş salır. Bir anlıq özünü Avropada yox, başqa bir aləmə düşmüş kimi hiss edirsən. Bütün bunlar sənin bazarın üç-beş addımlığında olmandan xəbər verir.
Sütunları üzərində iki qəzəbli buğa heykəli olan alaqapıdan bazara daxil olursan. Nəzarətçilər bazarlığa gələnləri maska taxmağa dəvət edirlər. Girişdə quraşdırılmış xüsusi keçiddə dezinfeksiyaedici məhluldan istifadə edib, nəhayət, bazara varid olursan.
Anderlext bazarı açıq bazardır. Səs-küy, ağız deyəni qulaq eşitmir. Lazımlı-lazımsız mallar müştərilərə təqdim olunur. Ucuzluqdur. Nədən? – Satılan malların çoxu Çin istehsalı, keyfiyyətsiz, dəbdən düşmüş. Malların üzərinə yapışdırılmış qiymətlər bu bazarın yoxsullar üçün nəzərdə tutulduğundan xəbər verir. Satıcıların böyük əksəriyyəti zəncilər, ərəblər, nə başınızı ağrıdım, gəlmələrdir. Elə alıcıların da çoxu onlardandır. Alıcıların arasında keçmiş sovet ölkələrindən, Şərqi Avropadan buralara mövsümi iş dalınca gələnlərə də rast gəlmək olur.
Bazarın böyük bir hissəsi meyvə-tərəvəz, ət məhsulları, məşhur holland pendiri satışı üçün nəzərdə tutulub. Burada hər cür məhsul tapmaq imkanın var. Meyvə, göy-göyərti, bostan məhsulları, dəli sözü “itinə tök, pişiyinə dağıt”. Bir az da marketlərdəkindən ucuz. Fransız, flamand, ərəb dillərində müştəri çağıran satıcıların çığır-bağırı adamın beyninə düşür. Üstəlik bu səs-küyə alıcıların da səsi qarışaraq dözülməz mənzərə yaradır. Qınından çıxıb, qınını bəyənməmək olmasın. Mən bazar səsinə uşaqlıqdan alışqanam. Nədən ki, əvvəllər Tiflisin “Naftulluq”, “Avlabar”, “Dizertir”, sonralar “Lilo” bazarına, rayonumuzun həftəbazarına, Bakının, İstanbulun səsli-küylü ticarət məkanlarına az-çox ayaq döymüş adamam. Amma ilyarımdan çoxdur ki, bu Şərq səs-küyündən uzaq düşməyim görünür təsirsiz ötüşməyib. Qüsura baxmayın.
Bazarın içərisində də müxtəlif xalqlara məxsus mətbəxlərdən yüksələn kəskin ədviyyat qoxusu adamı buradan bir ayaq tez çıxmağa sövq edir. Bax, bu yerdə deyiblər: “Kabab iyinə gəlmişdik, gördük eşşək dağlanır”.
Bazarın çıxışında dilənçilər, qaraçılar diqqətimi cəlb edir. Onları bazara girəndə niyə fərq etmədiyimi qafamdan keçirirəm. Heç sona qədər düşünməyə macal tapmamış bir qaraçı qadın peyda olub əl açır. Mən də əlimi cibimə salıb onu razı yola salmalı oluram. Çünki illərin təcrübəsi bu qadına kimdən pul çıxacağını da öyrədib. Həm də mən bu qaraçıları filmlərdən yox, həyatdan tanıyıram. Uşaqlığımdan. Onların qır-saqqız olub adamın yaxasından necə yapışdıqlarını, istədiklərini almayınca aralanmayacaqlarını da bilirəm.
...Beləcə səs-küyü ilə Şərq bazarlarını xatırladan bu məkandan heç nə almadan, əlim ətəyimdən uzun uzaqlaşıram. Anderlext bazarından mənə qalan telefonumun yaddaşına köçürdüyüm bu qeydlər olur...
Afiq MUXTAROĞLU