Çağdaş dünyada və cəmiyyətlərdə qadının rolu artmaqdadır. Vətəndaş cəmiyyətində olan dəyişikliklər qadınlara və onların cəmiyyətdə tutduğu mövqeyə təsirsiz qalmır. Qadınlar həyatın müxtəlif sahələrində fəal və yaradıcı rol oynayırlar. Ailədə qadının rolu və funksiyaları ənənəvi əhəmiyyətini itirərək başqa forma və məzmun alıb. Müasir dünyada qadının rolu artıq ailə və uşaq üzərində qurulmayıb. Qadın ana, həyat yoldaşı, ailə təsərrüfatını aparan, uşaq tərbiyəsi ilə məşğul olmaqla yanaşı ictimai həyatda da paralel şəkildə iştirak edir. Onlar daha müstəqil olaraq özlərini ailədən kənarda da reallaşdırmağa nail olublar. Bu, qadının cəmiyyətdə tutduğu mövqeni dəyişdirir. Qadınlar artıq həyatın müxtəlif sahələrində, eləcə də texnologiyalar və tərəqqi yönümlü işlər görürlər. Ancaq bütün bunlar qadının cəmiyyətdə tutduğu ən önəmli rolunu – ana rolunu dəyişmir. Məhz bu səbəbdən qadının bəşəriyyətə həyat verməsi funksiyası əvəzsizdir.

 

Zəngin tariximizin müxtəlif dönəmlərində qadınlarımızın rolu əvəzsizdir. Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq görərik ki, tariximizi təkcə oğullarımız deyil, qadınlarımız da yaradıblar. Qadınlarımızın ictimai-siyasi fəallığı çoxəsrlik tariximizə söykənən ənənələrlə də bağlıdır. Tariximizə, mədəniyyətimizə, milli və mənəvi irsimizə əvəzsiz töhfələr vermiş qadınlarımızın adları milli yaddaşımızda unudulmaz iz buraxıb. Qədim zamanlardan bəri Vətənə, torpağa sədaqəti ilə seçilən qadınlarımız həmişə milli məfkurəyə sadiq qalaraq bu gün də onun güclənməsi naminə töhfə verirlər.

 

Qadınlarımız ana olmaqla xalqımızın taleyini, aqibətini yaradan memardırlar. Azərbaycan qadınının cəmiyyət üçün yetişdirdiyi milli, vətənpərvər ruhda, sağlam əqidədə böyüyən övladları xalqımızın gələcəyi üçün ən böyük nemət, ən böyük töhfədir. Çoxəsirlik tariximizə nəzər salsaq onun hər bir səhifəsində Azərbaycan qadınının əvəzsiz rolunu görəcəyik. Zəngin tariximizin, milli mədəniyyətimizin, mənəvi irsimiz olan Azərbaycan türkcəsinin gələcək nəsillərə ötürülməsi qadınlarımızın zərif çiyinlərinə düşən yük olub və olmaqdadır. Milli sərvətimiz olan ana dilimizi ana laylası ilə övladlarının ruhuna ötürən analarımız, nənələrimiz olub. Adət-ənənələrimiz, musiqimiz, mədəniyyətimiz məhz qadınlarımız tərəfindən gələcək nəsillərə ötürülüb. Azərbaycan qadını zəngin milli-mənəvi sərvətinə sədaqət göstərərək onu qoruyur və daha da zənginləşdirir. Vətənə, torpağa sədaqəti ilə seçilən qadınlarımız həmişə milli kimliyimizə sadiq qalaraq bu gün də onun güclənməsinə öz töhfəsini verirlər.

 

Müasir dünyamızda ənənəvi ailə modeli öz yerini itirsə belə Azərbaycan qadını milli dəyərlərimizə, adət-ənənələrimizə sadiq qalaraq milli kimliyimizi onun daşıyıcısı olan gələcək nəsillərə çatdırılması üçün böyük fədakarlıq göstərir.

 

Leyla YUSİFOVA