– Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

 

– Mən Səmaya Məmmədova, 1993-cü il oktyabrın 18-də Qardabani rayonunda anadan olmuşam, hazırda Marneulidə yaşayıram. Erkən yaşımda atamı itirsəm də, anam məni atasız böyüdərkən üzərinə düşən ağır yükün və ailə qayğılarının azalması məqsədilə məni heç vaxt erkən evləndirməyə tələsmədi. Əksinə, o həmişə həm mənə, həm də ətrafımızdakılara deyirdi ki, Səmaya mütləq təhsil almalı, bir peşə sahibi olmalı və yalnız bundan sonra ailə qurmalıdır. Məndəki oxumağa, inkişaf etməyə olan bu böyük həvəsin və əzmin təməlində məhz anamın bu qətiyyətli mövqeyi durur. Anama sonsuz dərəcədə minnətdaram. Məktəbi gürcü və rus dillərində bitirsəm də, ana dilimi səlis bilməyimdə də anamın böyük rolu olub – məktəbə getməzdən əvvəl azərbaycan dilində oxumağı, yazmağı və şeirləri o öyrədib. Düşünürəm ki, insan neçə dil bilməsindən asılı olmayaraq, öz ana dilini mütləq mükəmməl öyrənməlidir.

 

Məktəbin son illərində tibbi kollecdə farmasevt təhsili aldım, sonra Tbilisi Biznes və Hüquq Universitetində Biznes administrasiyası fakültəsini bitirdim. Lakin uşaqlıq arzum olan hüquq sahəsindən heç vaxt vaz keçmədim. İlk iki təhsilimdən sonra tam 5 dəfə dövlət imtahanı verdim, hər dəfə qəbul olsam da, müxtəlif səbəblərdən gedə bilməmişdim. Ailəli olmağım, 2 oğul böyütməyim və məsuliyyətlərimə baxmayaraq dayanmadım; bir neçə il fasilədən sonra yenidən qəbul olub Tbilisi Dövlət Texniki Universitetində hüquq fakültəsini fərqlənmə ilə bitirdim və hər semestr dövlət təqaüdünə layiq görüldüm. Bu il isə magistraturaya daxil oldum. Paralel olaraq uzun illərdir şifahi, yazılı və sinxron tərcüməçi (gürcü, azərbaycan və rus dilləri üzrə) və gürcü dili müəlliməsi kimi fəaliyyət göstərirəm. Gürcü dilində qələmə aldığım “Etnik azlıqdan tamhüquqlu vətəndaşlığa doğru” kitabının müəllifiyəm, eyni zamanda gürcü şairə Nino Modrekiladzenin “Varlıq” adlı şeir toplusunu azərbaycan dilinə tərcümə etmişəm.

 

– Hüquq təhsili almaq sizin üçün sadəcə bir diplom idi, yoxsa daha böyük bir mübarizə?

 

– Bu, mənim özümə və arzularıma verdiyim söz idi. 5 dəfə imtahan verib hər dəfə maneələrlə qarşılaşmaq bir çox insanı yora bilərdi. Amma mən gecələri dərs oxuyanda, 2 övladımın qayğısı ilə təhsili paralel aparanda “yoruldum” sözünü özümə sakitcə deməyə belə çəkindim. Hər semestr yüksək qiymətlərlə dövlət təqaüdü almağım və təhsilimi fərqlənmə ilə başa vurmağım sübut etdi ki, əgər bir işə ruhunu qoyursansa, nəticəsi mütləq gözəl olur.

 

– Ağır cinayətlər üzrə aldığınız təhsil və hüquq sahəsi xarakterinizi sərtləşdirdimi?

 

– Xeyr, əksinə. Burada öyrəndiklərim mənə hər detala daha incəliklə yanaşmağı, hər şeyə və hər kəsə daha dərin, öyrənən bir nəzərlə baxmağı öyrətdi. Məsələn, kriminalistika fənnini götürək – o qədər incə və həssas detalları var ki, insana görünməyəni görməyi öyrədir. Hətta bundan əvvəl tibb sahəsində təhsil aldığım üçün hüququ bəzən tibb elminə bənzədirəm. Çünki hər ikisində əsas rol həyatla mübarizədir. Bu sahələri nə qədər yaxşı öyrənsən, bir tərəfdən tibbi, digər tərəfdən hüquqi baxımdan özünü və ətrafındakıları bir o qədər yaxşı müdafiə edə bilərsən.

 

– Dillərlə aranızda xüsusi bir bağ var. Həm də sinxron tərcüməçi kimi çalışırsınız, bu sahənin özəllikləri və çətinlikləri nədir?

 

– Dil təkcə sözlər toplusu deyil, bir mədəniyyət və ruhdur. Yazılı tərcümədə mətnin dəqiq mənasını itirmədən onu qarşı tərəfin dilinə elə uyğunlaşdırmalısan ki, oxucu onun tərcümə olduğunu hiss etməsin. Sinxron tərcümə isə təmiz peşəkarlıq, ildırım sürətli reaksiya və yüksək diqqət tələb edən tam fərqli bir aləmdir. Dinlədiyin an eyni saniyədə başqa dildə düşünmək, fikri anında formalaşdırıb təqdim etmək böyük zehni gərginlik deməkdir. Burada səhv etmək və ya dayanmaq şansınız yoxdur; dinamikanı hiss etməli və dinamikaya uyğunlaşmalısınız. Gürcü dilini uşaqlıqdan öyrənməyim, ardınca hüquq və digər sahələrdə dərinləşməyim mənə sinxron tərcümə zamanı ən mürəkkəb terminologiyanı belə rahatlıqla çatdırmağa kömək edir.

 

– Gürcü dilində qələmə aldığınız “Etnik azlıqdan tamhüquqlu vətəndaşlığa doğru” kitabınızda hansı ana xətti vurğulamısınız?

 

– Gürcüstanda bir azərbaycanlı kimi dünyaya gəlib yaşamaq çox fərqli və zəngin bir hissdir. Biz öz milli kimliyimizi, dilimizi, adət-ənənələrimizin gözəlliyini qoruyaraq paralel şəkildə Gürcüstan cəmiyyətinin və gürcü icmasının ayrılmaz bir parçasıyıq. Kitabı məhz gürcü dilində yazmaqda da məqsədim bu birgəyaşayışın, inteqrasiyanın və gürcü dilini öyrənməyin vacibliyini geniş oxucu kütləsinə öz dilində çatdırmaq idi.

 

– Həyatda ən çox dəyər verdiyiniz və ya sizə qiymətli görünən vərdişləriniz, maraqlarınız nələrdir?

 

– Ən çox sevdiyim və mənə qızıl dəyərində olan şeylərdən biri yaşlı insanlara qulaq asmaqdır. Onların keçdikləri həyat yolu, zamanında etdikləri səhvlər, peşmanlıqları və ya əksinə, düzgün edib xeyir tapdıqları məqamlar mənim üçün əvəzedilməz həyat dərsləridir. Hər yaşlı insanın hekayəsində gələcək üçün çox önəmli bir müdriklik payı gizlənir.

 

– Özünüzü bir cümlə ilə necə ifadə edərdiniz?

 

– Çətinliklər qarşısında geri çəkilməyən, köklərinə sadiq qalan və arzularının arxasınca inamla gedən bir qadın.

 

– Sizi bu həyatda ən çox nə yorur?

 

– Məqsədsizlik, təslim olmaq düşüncəsi və insanların bir-birinə paxıllıq etməsi. İnsan özünə bəhanələr uydurmağa başlayanda inkişafı dayanır. Ən acınacaqlısı isə odur ki, bəzi insanlar kimliyindən asılı olmayaraq, qarşısındakını tanımadan sırf paxıllıq hissindən dil uzadır, mühakimə edirlər. Kaş ki, hər kəs dərk edə bilsin ki, heç kimin həyat yolu eyni deyil və paxıllıq etməklə heç nəyə nail olmaq mümkün deyil. İnsanlar başqalarının həyatına kölgə salmaq əvəzinə, öz yollarına və inkişaflarına diqqət ayırsalar, cəmiyyətimiz daha gözəl olar.

 

– Hər il yaşınızın üstünə yaş gəldikcə özünüzə necə hesabat verirsiniz?

 

– Hər yeni yaşımda dönüb geriyə baxır və dərindən düşünürəm: “Bu il mən nə etmişəm, özümü nə dərəcədə inkişaf etdirə bilmişəm?” Özümlə bu səmimi hesabatdan və daxili dəyərləndirmədən sonra növbəti hədəflərimə doğru yeni güc toplayıb yoluma inamla davam edirəm.

 

– Valideynlərə və gənc qadınlara sözünüz nə olardı?

 

– Buradan bütün analarımıza səslənərək xahiş edirəm: çətinliklər nə qədər böyük olsa da, qız övladlarınızı təhsil almadan, bir peşəyə, sənətə sahib olmadan erkən ailə qurmağa tələsdirməyin. Gənc qızlarımıza isə demək istəyirəm ki, heç vaxt oxumaqdan, öyrənməkdən və yaratmaqdan vaz keçməyin. Yaşınızdan, ailə öhdəliklərinizdən və ya qarşınıza çıxan çətinliklərdən asılı olmayaraq öz üzərinizdə işləməyə davam edin. Çətinliklər sizi qorxutmasın, çünki qərarlı olan insanın qarşısında heç bir maneə dura bilməz.

 

– Sonda nə demək istərdiniz?

 

– Mənə daxili dünyamı, keçdiyim yolu və düşüncələrimi oxucularla bölüşmək fürsəti verdiyi üçün “Yeni yol” qəzetinə və Azər Musaoğluna dərin təşəkkürümü bildirirəm. Qəzetinizə və fəaliyyətinizə bol-bol uğurlar arzulayıram!

 

Qeyd edək ki, “Özümlə müsahibə” rubrikasında sual verən də, cavab verən də eyni adam olur. Sualları müsahib özü seçir. Müsahibədə heç bir senzuraya yol verilmir və olduğu kimi dərc edilir.