Meşədə dəhşətli bir yanğın baş vermişdi. Mən də yarı özümdə, yarı özümü itirmiş, əlimdə bir bardaq su ilə qaçdım tüstü çıxan tərəfə. Ayağımın yarısının kül olmuş kötüyə ilişməsi ilə özümü yerdə tapmağım bir oldu. Allahdan bardağı bir şəkildə sabit tutmağı bacarmışdım. Ağlamaq, dayanmaq yeri olmadığını bilirdim. Yanağımda hiss etdiyim incə bir qaşıntı hissi idi sadəcə, üzümə bulaşmış külü təmizləyib yoluma davam elədim. Başqalarının əlindəki su xortumlarını, yanğın balonlarını görəndə isə gizlətdim bardağımı.
Utanmadım, yox! Sadəcə olaraq mən yetişəndə bir damcı suya belə ehtiyac qalmamışdı. “Nə edə bilərəm, əlimdən nə gələr?” – deyə ətrafıma boylandım. Bir də baxdım ki, kimi yaralı ceyranı xilas edib, kimi tülkü balalarını qucağına sığındırıb, kimi əllərini yuvasız quşlara yuva edib, kimi də balaca dovşanların qəhrəmanı olub. Mən də tez özümü bir yerə yetirməyə çalışdım.
Bir də gördüm mənim payıma düşən can qollarımda can verib. Həm də bu yanğında ən az yara alan o ikən. Təqdiri-İlahi dedim, susdum. Çünki vaxt sadəcə qurtulan canlara şükür etmək üçün bol idi. Yas üçün vaxt itirmək heç kimin ağlına gəlmirdi bu mərhələdə.
Özümü toplayıb üzümü döndərdim insanlara, kimə nə lazım gələr deyə boylandım ətrafa. Birinin əlindəki yanıq izləri sataşdı gözümə. Heç düşünmədən köynəyimdən bir parça cırıb qaçdım yanına. Tam əlimdəki parçanı uzatmışdım ki, dəhşətə gəlmiş baxışlarını yönəltdi üzümə. Mən nə olduğunu anlamağa çalışarkən uzatdığım parçanı geri özümə doğru itələdi. Xatırladığım son səhnə budur.
Yanğından bir həftə keçib – daha doğrusu, həkim indicə elə deyir. Mən isə bu gün anladım o baxışların səbəbini. Sən demə, səbəb üzümün böyük bir qismini tanınmaz hala salan yanıq imiş. Həkimin dediyinə görə, məni xəstəxanaya çatdıran da elə o son gördüyüm adam olub.
İndi düşünəndə daha yaxşı anlayıram ki, niyətim qəhrəman olmaq deyildi, bir şeyə yetə bilmək idi bəlkə də. Zaman, məkan fərq etmir, olduğum yerdə artıq görünməmək idi diləyim. Kiçik bir təsir gücü idi xəyalını qurduğum – insan həyatına, təbiətə, yolda durana, keçənə, hətta ən başda da özümə. Çünki əks təqdirdə insan özünü heç bir zaman tam hiss etmir – bəzən əskik, bəzən artıq, amma tam heç vaxt...
Bardağı dolduran su olmaq, bir işə yaramaq yaxşı hiss etdirir həqiqətən də. Amma həyatda həmişə bir damcı bardağın tam dolduğunu təsdiqləməli olur. Bunu da ancaq orada yeri olmadığını, özünün artıq olduğunu göstərərək edə bilir. Ancaq nəticə olaraq onun dolu bardağa heç bir qatqısı olmur. Ya da ən azından biz elə dəyərləndiririk.
Həkim son dəfə ziyarətimə gələndə belə bunun üzərində düşünürdüm. Yenə də ətrafdan boş-boş divarı izləyən biri kimi göründüyümün fərqində idim. Nəhayət, uzun bir aradan sonra aynaya baxa biləcəkdim, sarğılardan qurtulmaq vaxtım gəlmişdi. Tək qorxduğum şey üzümdə o gündən bir xatirə qalması idi. Qaldı da...
O anda qulağıma, gündə on dənəsinə baxdığım, heç bir işə yaramayan yutub motivasiya videolarındakı həyatda hər şeyə sinə gərmiş o adamların birinin səsi gəldi. Bu dəfə bəlkə də işə yarayar deyə başladım özümə sözlər verməyə. Gah dedim daha özümü heç vaxt əskik hiss etməyəcəyəm, gah dedim artıq kimi görünməyəcəyəm. Öz dəyərimi ətrafa olan təsirim ilə ölçməyəcəyəm. Verdiyim sözləri tuta bilməyəcəyimdən nədənsə bir saniyə belə şübhə etmirdim. Bəlkə də ayıb edən tərəf də, ayıb olunan tərəf də mən olacaqdım deyə idi bu rahatlığımın səbəbi.
Yavaş-yavaş toplamağa başladım əşyalarımı. Başımın üstündə iki buket çiçək var idi, sağ olsun dost-tanış gətirmişdi. Gec xəbərləri olmuşdu bu hadisədən, ona görə də hələ yeni idi, solmamışdı çiçəklər. Onları orada buraxmaq istəmədim, evə aparsam bir neçə gün yenə yaşada bilərəm deyə düşündüm. Hətta yaxşı baxsaydım, dörd-beş gün də solmazdılar. Amma otağıma bir arı girmişdi, imkan vermirdi mənə. Fürsət tapan kimi onu öldürdüm.
Hürnisə Əhmədova